“... Azərbaycan nəyin bahasına olursa olsun torpaqlarını azad edəcək”
“Həmçinin ayrı-ayrı dövlətlər üçün Azərbaycanla əməkdaşlığın daha səmərəli olduğu da təsdiqləndi”
“Beləliklə, vaxtı ilə səslənən bəyanatlar qazandığımız qələbələrin çox mühüm tərkib hissəsidir”
Azərbaycanın hərbi müstəvidə əldə etdiyi qələbə, şübhəsiz, çox ciddi diplomatik gedişlərə əsaslanır. Belə ki, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev uzun illər Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə bağlı beynəlxalq aləmdə çıxışlar edib, haqq səsimizi yüksəldib. 2019-cu ildə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası, həmin il təşkil olunan MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə görüşü, Münhen Təhlükəsizlik Konfransı (2020) və digər beynəlxalq tədbirlər məhz bu baxımdan səciyyəvidir.
Həmin konfranslarda Prezidentin çıxışlarının hər biri böyük qələbə istiqamətində atılan bir addım idi.
Millət vəkili, politoloq Elşad Mirbəşir “Sherg.az”a açıqlamasında dövlət başçısının müxtəlif vaxtlarda eyni mövzulu çıxışlarının əhəmiyyətini yüksək qiymətləndird:
“Prezident İlham Əliyev uzun illər ərzində həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Münhen Təhlükəsizlik Konfrasında dövlət başçımız Ermənistan baş naziri Nikol Paşinyanı siyasi “nokaut”a saldı.
Həmin anları dünya ictimaiyyəti heyranlıqla izləyirdi. Paşinyan özünü o qədər itirmişdi ki, Qarabağın Azərbaycan torpaqları olduğunu etiraf etdi.
Həmçinin “Valday” Beynəlxalq Diskussiya Klubunda prezident Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” bəyanatına tutarlı cavab verdi, “Qarabağ Azərbaycandır, nida” dedi. Və onda dünya ictimaiyyəti başa düşdü ki, Azərbaycan nəyin bahasına olursa olsun torpaqlarını azad edəcək.
Həmçinin ayrı-ayrı dövlətlər üçün Azərbaycanla əməkdaşlığın daha səmərəli olduğu da təsdiqləndi. Beləliklə, vaxtı ilə səslənən bəyanatlar qazandığımız qələbələrin çox mühüm tərkib hissəsidir”.