Erməni təxribatı!“ABŞ və Fransanın səhnəarxası təlimatları...” – Kodlar açılır

“Ermənistanın hərbi təxribatları ilə üçtərəfli anlaşmaların icrasını bloklamaq mümkün ola bilər”

“Belədə ABŞ və Fransa yenidən “regional səhnə”yə qayıtmaq şansı qazanar”

“ABŞ-ın Ermənistandakı səfiri L.Terysinin sərhəd bölgəsinə səfəri də, Ağ Evin məzmunca təkrarlanan məlum açıqlamaları da əslində eyni məqsədə xidmət edir”

“Cənubi Qafqazda hərbi-siyasi xaos yaradıb, Minsk Qrupunun yenidən dirildilməsinə cəhd göstərilir”


ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Linn Treysi  bu günlərdə Ermənistan-Azərbaycan sərhədində olub. Treysi Geqarkunik sərhədinə baş çəkib, sonra Verin Şorja kəndi istiqamətində yerləşən mövqelərdə olub. İnsanda belə təəssürat yaranır ki, təxribat törədiləndə, rəsmi İrəvan beynəlxalq hüququ kobud şəkildə pozanda Minsk Qrupunun üzvləri, o cümlədən ABŞ “məzuniyyətə çıxmışdı”. İndi isə hər daşın altından çıxır...

 "Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli sözügedən səfəri “Sherg.az”a şərh etdi: 

“Azərbaycan-Ermənistan sərhəd bölgəsində son vaxtlar baş verən hərbi təxribatlar qətiyyən səbəbsiz deyil. Silahlı insidentlərin baş vermə ardıcıllığına əsasən, Ermənistanın bu hərbi təxribatlarının ABŞ və Fransanın səhnəarxası təlimatları ilə baş verdiyini iddia etmək olar. Artıq heç kəsə sirr deyil ki, ABŞ və Fransanın Ermənistandakı səfirləri sərhəd bölgəsində gərginliyin artırılmasında xüsusi rol oynayırlar.

Məsələn, cəmi bir neçə gün öncə ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi sərhəd bölgəsinə səfər etmişdi. Guya vəziyyətlə tanış olmuşdu. Ermənistan təmsilçiləri də guya mövcud situasiya ilə bağlı ona məlumat vermişdilər.

Ancaq bu, əvvəlcədən “səhnələşdirilmiş tamaşa”dan başqa bir şey deyildi. Çünki ABŞ səfirinin Ermənistan təmsilçilərinin verdiyi məlumata qətiyyən ehtiyacı yoxdur. Məsələ ondadır ki, rəsmi İrəvanın Kəlbəcər istiqamətində törətdiyi hərbi təxribatlardan öncə ABŞ Dövlət Departamenti ABŞ vətəndaşlarını Ermənistanın Azərbaycanla sərhəd bölgəsinə səfərlərdən imtina etməyə çağırmışdı.

Belə anlaşılır ki, Ağ Ev Ermənistanın yeni hərbi təxribatlar törədəcəyindən əvvəlcədən məlumatlı idi. Çünki rəsmi İrəvan belə təxribatların törədilməsi təlimatını elə Ağ Evdən alır. Artıq buna elə bir ciddi şübhə yeri qalmayıb.

Ona görə də ABŞ-ın İrəvandakı səfiri Linn Treysinin sərhəd bölgəsinə məlum səfəri böyük ehtimalla mövcud vəziyyəti birbaşa izləmək məqsədi güdə bilərdi.

Ola bilsin ki, ABŞ-dan gələn səhnəarxası təlimat ilə Ermənistanın növbəti hərbi təxribatından öncə Ağ Evdə yerli situasiyanı nəzərdən keçirməyə ehtiyac duyublar. Bu, hərbi təxribatların nə qədər effektiv ola biləcəyinə əmin olmaq üçün lazım ola bilərdi”.

E.Xalidbəylinin fikrincə, baş verən proseslərə görə Qərb də məsuliyyət daşıyır:

“Digər tərəfdən, ABŞ-ın Ermənistandakı səfirinin sərhəd bölgəsinə səfəri Ağ Evin silahlı insidentlərlə ciddi şəkildə maraqlandığını sezdirmək üçün də vacib idi. Çünki Ağ Ev bütün açıqlamaları ilə Cənubi Qafqazdakı vəziyyəti məhz bu silahlı insidentlər üzərindən gündəmə gətirməyə cəhd göstərir.

Belə ki, Ağ Ev Ermənistanı hərbi təxribatların törədilməsinə görə qətiyyən qınamır. Əksinə, verdiyi açıqlamaların məzmunu ilə rəsmi İrəvanı daha da şirnikləndirir və cəsarətləndirir.

ABŞ-ın həmin təxribatlarla bağlı açıqlamalarının məzmunu isə bir qayda olaraq təkrarlanır. Yəni Ağ Ev Azərbaycan və Ermənistanı sülh danışıqları prosesinə qayıtmağa çağırır. Ardınca isə dərhal bu sülh danışıqlarının birmənalı şəkildə ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə reallaşmalı olduğu vurğulanır.

Nəticədə Ermənistanın hərbi təxribatlara şirnikləndirilməsinin əsl səbəbləri ortaya çıxmış olur.

Üçtərəfli anlaşmaların imzalanması ilə Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərdən kənarda qalan ABŞ və Fransa regionda hərbi-siyasi xaosun yaradılmasına cəhd göstərir.

Çünki məhz Ermənistanın hərbi təxribatları ilə üçtərəfli anlaşmaların icrasını bloklamaq mümkün ola bilər. Belədə ABŞ və Fransa yenidən “regional səhnə”yə qayıtmaq şansı qazanar.

Bu baxımdan, ABŞ-ın Ermənistandakı səfiri L.Terysinin sərhəd bölgəsinə səfəri də, Ağ Evin məzmunca təkrarlanan məlum açıqlamaları da əslində eyni məqsədə xidmət edir. Cənubi Qafqazda hərbi-siyasi xaos yaradıb, Minsk Qrupunun yenidən dirildilməsinə cəhd göstərilir. Fransanın Ermənistandakı səfiri Conatan Lakot da amerikalı həmkarı ilə eyni xətt üzrə hərəkət edir.

Fransız səfir “Fransanı indi Ermənistanın müdafiə problemləri daha çox düşündürür” deməklə, rəsmi Parisin qətiyyən tərəfsiz olmadığını növbəti dəfə rəsmən təsdiqləmiş oldu. Ümumiyyətlə, hazırda Fransa səfiri C.Lakot Ermənistanın xarici işlər naziri funksiyalarını yerinə yetirməyə başlayıb”.