İDDİA: "Qazaxın 7 kəndinin və Kərkinin azadlığına hazırlıq..."

“Zəngəzur dəhlizinin açılmasını sürətlənir”

“ABŞ bir tərəfdən buna laqeyd olsa da, digər tərəfdən dəhlizin açılmasında maraqlıdır. Həmçinin bu, Rusiyanın da maraqlarına cavab verir”

“Sərhədlər müəyyənləşməyənədək yekun sülh müqaviləsi imzalanmayacaq”


Rus hərbçilərinin Qazağın Əskipara kəndinə yerləşməsi məsələsi son günlər ciddi müzakirə olunur. Bəziləri bunu müsbət addım kimi qəbul edirlər. Bəziləri isə əksinə. Bir qrup ekspertin fikrincə, Qazaxda baş verənlər böyük oyunun kiçik epizodudur. Bu barədə “Sherg.az”ın suallarını cavablandıran jurnalist, siyasi şərhçi Elçin Alıoğlu da belə düşünür:

- Rusların Qazağa yerləşməsi nə ilə bağlıdır?

- Bu, Zəngəzur dəhlizinin açılmasını sürətləndirmək  və Azərbaycanın Ermənistan ərazisindəki eksklavlarını azad etməyə hazırlıqdır. Eyni zamanda Naxçıvanın Kərki kəndinin taleyinə də aydınlıq gələcək.

- Naxçıvan istiqamətində atəşkəsin intensiv pozulması nəyə hesablanıb?

- Bu, əlbəttə, ABŞ-la Fransanın sifarişidir. Fransa prosesləri Rusiyanın “moderatorluğundan” çıxararaq ATƏT-in Minsk Qrupunu dirçəltmək istəyir. Bəziləri Fransa ilə Rusiyanın maraqlarının üst-üstə düşdüyünü deyirlər. Lakin bu, absurddur. Hər beynəlxalq gücün öz istəyi var.

- Onlar nə istəyirlər?

- Avropa Birliyinin niyyəti Çin- Hindistan- İran transmilli marşrutunu Ermənistandan Gürcüstana çıxarmaqdır. Fransa Rusiyanı proseslərdən kənarlaşdırmaq, Türkiyəni uzaqlaşdırmaq arzusundadır. Rəsmi Paris Ermənistana təzyiq göstərə biləcək yeganə tərəf olmağa çalışır. ABŞ isə öz növbəsində Rusiya və Fransanı “oyundankənar vəziyyətə” salmağa cəhd edir. Vaşinqton və Moskva Azərbaycan-Ermənistan təmaslarında ayrı-ayrılıqda yeganə hegemon dövlət olmaq istəyirlər.

- Bəs İran?

- İrəvan- Tehran münasibətləri sadəcə sözdədir. Onlar hansısa transmilli layihə həyata keçirə bilməzlər. ABŞ, Avropa Birliyi və Rusiya buna imkan verməz. Təəssüf ki, həmin güclərin biri Türkiyənin proseslərin əsas iştirakçısı olduğunu unudurlar.

- Zəngəzur dəhlizinin taleyi barədə nə düşünürsünüz?

- Dəhlizin açılacağına heç bir şübhəm yoxdur. ABŞ bir tərəfdən buna laqeyd olsa da, digər tərəfdən dəhlizin açılmasında maraqlıdır. Həmçinin bu, Rusiyanın da maraqlarına cavab verir.

- Silahların susması nəyə işarədir?

- Bəziləri “havadan barıt qoxusunun gəldiyini” iddia edirlər. Əsla belə deyil. Müharibənin başlanması mümkünsüzdür. Birincisi, İrəvanın bunun üçün lazımi gücü yoxdur. İkincisi, “Şuşa Bəyannaməsi”nə əsasən Azərbaycana qarşı hansı təhdid Türkiyəyə təhdid kimi qiymətləndirilir. Qardaş dövlət isə Şimali Atlantik Alyansında ordusunun hazırlığına görə üçüncüdür. Savaş başlasa, bu dəfə NATO ölkəsi olan Türkiyə ilə Rusiya üz-üzə gələcək. Bunu isə heç biri istəmir.

- Elə isə yekun sülh müqaviləsi nə vaxt imzalanacaq?

- Sərhədlər müəyyənləşməyənədək yekun sülh müqaviləsi imzalanmayacaq. Müxtəlif sənədlərə görə Ermənistanın indiki ərazisinin 33 faizi Azərbaycan torpaqlarıdır. İrəvan sovet hökumətinin torpaqları onlara verdiyini arqument kimi göstərir. Lakin həmin sənədlərdə yazılıb ki, ermənilərin burada qalmasına qərar verilir. Deməli, biz istənilən vaxt Ermənistan ərazisinə daxil ola bilərik. Beynəlxalq hüquqa görə Zəngəzur, Dərələyəz, Vedibasar Azərbaycan torpaqlarıdır. Biz sülhməramlı mövqeyimizi göstəririk. Ermənistan hakimiyyəti inadkarlıqdan əl çəkmir. Bu ideologiya eyni ilə xərçəng xəstəliyi kimi onları hər gün daha tez ölümə yaxınlaşdırır.