TƏCİLİ! “Müdafiə Nazirliyi dərhal hərəkətə keçməlidir” - Antiterror əməliyyatı...

“Rusiya ya bu əməliyyatlara kömək etməli, ya da mane olmamalıdır”

“Mane olarlarsa, rus sülhməramlılarını erməni terroristləri müdafiə etmə əsası ilə ərazilərimizdən çıxarmalıyıq”


10 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti, Rusiya Federasiyası Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılması təmin olunmayıb.
Bu barədə Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilib.
Bildirilib ki, son günlər ərzində Ermənistanın üçtərəfli bəyanatı kobud şəkildə pozaraq, öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qoyması halları müşahidə olunur.
Nazirlikdən bildirilib ki, Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır.

Sabiq baş nazir, Xalq Partiyasının sədri Pənah Hüseyn “Sherg.az”a açıqlamasında qeyd edib ki, 10 noyabr tarixli bəyanata əsasən Azərbaycan ərazisindəki qeyri-qanuni erməni birləşmələri çıxarılmalıdır:

“Həmin sənəddə torpaqlarımızda erməni silahlı qüvvələrinin olması nəzərdə tutulmayıb. Ona görə də Azərbaycan tərəfi tam şəkildə antiterror əməliyyatları aparmalıdır. Rusiya ya bu əməliyyatlara kömək etməli, ya da mane olmamalıdır. Mane olarlarsa, rus sülhməramlılarını erməni terroristləri müdafiə etmə əsası ilə ərazilərimizdən çıxarmalıyıq.

Son günlər ermənilər məlumat yayırdılar ki, guya Azərbaycan tərəfi onlara atəş açır. Çox güman ki , Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə postlar qurmaqla hazırlıq görürlər”.

P.Hüseynin qənaətincə, rus sülhməramlıların hansı mövqe tutmasından asılı olmayaraq çoxdandır ki, silahlı qüvvələrimizin antiterror əməliyyatı keçirilməsini tələb edirik:

“Əlbəttə ki, Rusiya da bunu nəzərə almalıdır. Azərbaycan Müdafiə Nazirliyi də cəmiyyətimizin iradəsini ifadə edib. Xalqımız bu istiqamətdə olan bütün hərəkətləri dəstəkləyəcək. Məlumdur ki, Rusiya üçtərəfli sazişin təminatçısıdır. Bu baxımdan Müdafiə Nazirliyi dərhal hərəkətə keçməlidir”.