“Düşmən faktiki olaraq üçtərəfli razılığı pozur”
“Belə ki, şərtlərə görə, sülhməramlılar Qarabağa girəndə erməni silahlıları oradan çıxmalı idilər. Amma belə olmadı”
“Azərbaycan müstəqil dövlət olaraq istənilən təhdidə cavab verməyə qadirdir. Əsas məsələ hər şeyə hazır olmaqdır”
Azərbaycan Xarici İşlər Nazirliyi dünya ictimaiyyətini Ermənistanın destruktiv mövqeyi barədə xəbərdar edib. Bəyanatda deyilir: “Üçtərəfli bəyanatın əsas müddəalarını cəfəng şəkildə şərh etmək cəhdləri, erməni tərəfinin bu ölkə tərəfindən 10 noyabr 2020-ci ildə imzalanan sənədin mahiyyətini tam dərk etmədiyi və ya əvvəldən onun tələblərinə tam riayət etmək niyyətində olmadığını göstərir. Belə bir davranış bu ölkənin destruktiv mövqeyinin növbəti bariz nümunəsidir”.
"Beynəlxalq ictimaiyyət erməni tərəfinin beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, beynəlxalq təşkilatların qərarlarına və üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi təcrübəsinə yaxşı bələddir. Bu baxımdan Ermənistanın BMT TŞ-nin 1993-cü il tarixli dörd qətnaməsinin tələblərini yerinə yetirməkdən imtina etməsini xatırlatmaq kifayətdir.
Bu destruktiv yanaşma regionda uzun müddətdir gözlənilən sülh və təhlükəsizliyin təmin edilməsi kontekstində hər hansı bir perspektivdən məhrumdur", - nazirlikdən qeyd olunub.
Millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov XİN-in açıqlamasını “Sherg.az”a şərh etdi:
“Bu, çox ciddi mesajdır. Ermənistan sərhəddə törətdiyi təxribatlarla dünya ictimaiyyətini çaşdırmaq istəyir. Məqsəd Qərb ölkələrindən daha çox dəstək almaq və onlara daha çox yaxınlaşmaqdır. Əlbəttə, Rusiyadakı müəyyən güclər də İrəvanı dəstəkləyir. Çox güman, onlar seçkilərdən əvvəl Ermənistana hansısa vədlər veriblər. Amma bütün cəhdlər puça çıxacaq. Rəsmi Bakı sonadək öz mövqeyini müdafiə etməli, orduya daha çox diqqət yetirilməli, dost dövlətlərlə iş birliyi davam etməlidir”.
S.Seyidovun fikrincə, bundan sonra ən müxtəlif ssenarilər mümkündür:
“Düşmən faktiki olaraq üçtərəfli razılığı pozur. Belə ki, şərtlərə görə, sülhməramlılar Qarabağa girəndə erməni silahlıları oradan çıxmalı idilər. Amma belə olmadı. Ermənilərin sayı daha da artmaqdadır. Deməli, Azərbaycan beynəlxalq sənədləri əsas götürərək istənilən addımı ata bilər. Torpaqlarımızın ərazi bütövlüyünə təhdid yarandığı halda bütün tədbirləri görə bilərik. Azərbaycan müstəqil dövlət olaraq istənilən təhdidə cavab verməyə qadirdir. Əsas məsələ hər şeyə hazır olmaqdır”.