“Paşinyan Qərb “oyunçularını” Qarabağa gətirməyə çalışır”- ŞƏRH

“Paşinyan özünün siyasi gələcəyi naminə Kremldən belə demək mümkünsə, canını qurtarmağa hazırdır”

“Əslində İrəvan Moskvadan nə qədər uzaqlaşsa, o qədər tez normal dövlətə çevrilə bilər”

“Və bizimlə də münasibəti qismən də olsa, normallaşar”


Ermənistan silahlı qüvvələrinin bölmələri dünən saat 22:20-də Şəmşəddin rayonunun Çinarlı kəndi ərazisində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə etməklə atəşə tutub. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Qarşı tərəf cavab atəşilə susdurulub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Son zamanlar baş verən proseslər, o cümlədən Qafan - Gorus yolunun bağlanması, hərbçimizin əsir götürülməsi yeni “düyün nöqtələrinin” yarandığını göstərir. Ermənistan bilə-bilə özünü “dalana dirəyir”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Sherg.az”a açıqlamasında İrəvanın əməlinin arxasındakı niyyətləri sadaladı:

“Məqsəd vəziyyəti gərginləşdirib hansısa siyasi proseslərə nail olmaqdır. Ermənilərin istədiyi konfliktin həlli yox, beynəlxalq qurumların baş verənlərə müdaxiləsidir. Əslində, düşmən istəyinə nail olub - Rusiya bu gün Qarabağdadır. Amma, görünür, ruslar Ermənistanı tam qane etmir. Odur ki, Paşinyan hökuməti Türkiyə - Rusiya tandemini uzaqlaşdırıb, Qərb “oyunçularını” Qarabağa gətirməyə çalışır. İkinci məqam Qarabağda status almaqla bağlıdır. Və eyni zamanda Ermənistan Rusiyanın köməyini sınaqdan keçirmək istəyir”.

T.Zülfüqarov Kremlin proseslərdəki rolundan da söz açdı: 

“Rusiya sözdə hansısa vədlər etsə də, real olaraq toqquşmaya getməz. Moskvaya artıq problem lazım deyil. Bunu baş nazir Nikol Paşinyan da bilir və Qərbmeyilli siyasət yeridir. İkinci Qarabağ müharibəsinin nəticəsi Moskvanın İrəvana dəstəyinin nə qədər olduğunu göstərdi. Verilən silahların böyük əksəriyyəti köhnə idi, işləmirdi. Əlbəttə, belə də olmalıdır. Çünki Rusiya Ermənistana istədiyi qədər silah-sursat versə, hansısa asılılıq olmayacaq. Deməli, sadəcə görüntü yaradılır. Elə buna görə də Paşinyan özünün siyasi gələcəyi naminə Kremldən belə demək mümkünsə, canını qurtarmağa hazırdır. Əslində İrəvan Moskvadan nə qədər uzaqlaşsa, o qədər tez normal dövlətə çevrilə bilər. Və bizimlə də münasibəti qismən də olsa, normallaşar”.