“Bizim tələbimiz Ermənistanın atəşkəsə əməl etməsi, hansısa bir yanlışlıq etməməsi və regionda atəşkəsin qalıcı olması, stabilliyin təmin edilməsidir”.
Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimlərinin "Yüksək səviyyəli müşahidəçi günü"ndə bildirib.
"Cənab Prezidentimizlə cənab Əliyevin Ermənistana uzatdıqları sülh əlinin, sülhə, hüzura getmək üçün edilən bu təklifin qarşılıq tapması çox önəmlidir. Fəqət, çox təəssüflər olsun ki, tam bir cavab alınmasa belə, müəyyən iz və işarələr var. Bizim məqsədimiz sülh, dinc şəraitdə tərəflərin həm güvən, həm də rifah içərisində yaşamasıdır. Bizim tələbimiz Ermənistanın atəşkəsə əməl etməsi, hansısa bir yanlışlıq etməməsi və regionda atəşkəsin qalıcı olması, stabilliyin təmin edilməsidir", - deyə Akar qeyd edib.
Türkiyə və Azərbaycan arasında yaxın qardaşlıq münasibətlərinə işarə vuran Akar bildirib:
"Azərbaycana qarşı edilən təhdidləri bizə edilmiş kimi qəbul edirik".
H.Akarın Ermənistana dəstək olan ölkələrə verdiyi mesajı “Sherg.az”a dəyərləndirən Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadənin fikrincə, türkiyəli nazirin bu açıqlaması onu göstərir ki, sadəcə dost və qardaş dövlətlər deyilik. Eyni zamanda zəruri hallarda və təhlükəli məqamlarda Azərbaycan-Türkiyə bir dövlət kimi öz gücünü göstərməyə qadirdir:
“Bununla bağlı bir sıra qərarlar var. İki ölkə birgə olaraq istənilən təhlükələrə cavab vermək imkanına malikdir. Bu gün kimlərinsə münaqişə bölgəsinə qarışmaq fikirləri varsa, yaxşı düşünməlidirlər. H.Akar da söylədikləri ilə bu mesajı verib. Azərbaycan-Türkiyə birdir və çox güclü imkanlarımız var ki, istənilən təxribatlara layiqincə cavab verək”.
Yeganə Bayramova