“Prezidentin mesajı birbaşa Rusiya rəhbərliyinə ünvanlanıb”

“Ən azı ölkə başçısı səviyyəsində imzalarına hörmət edərək, üzərilərinə götürdükləri öhdəliyi yerinə yetirməlidirlər”

“Əks-təqdirdə regionda sülhdən və əməkdaşlıqdan danışmaq mümkün olmayacaq. Rusiya artıq neçənci dəfədir ki, bunu qulaqardına vurur”


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib. Ölkə başçısı jurnalistin “Ermənistanla münaqişə mövzusundan başlamaq istəyirəm. Rusiyanın sülhməramlı vasitəçiliyindən razısınızmı?” sualına cavab verən zaman maraqlı məqamlara diqqət çəkib:

“Təqribən bir ildir ki, müharibə başa çatıb və Rusiya sülhməramlıları Azərbaycanda, bizim Qarabağ bölgəsində yerləşib. Bu müddət ərzində bəzi xırda insidentlər istisna olmaqla vəziyyət sabitdir və ümumən biz bundan razıyıq”. 

Dövlət başçısı qeyd edib ki, həllini gözləyən müəyyən məsələlər qalmaqdadır:

“Xüsusən də, hazırda Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərimizə səfər etmək üçün Azərbaycandan icazə almalı olan əcnəbilər məsələsi var. Qarabağa səfər edən dırnaqarası turistlərin sayı kəskin şəkildə azalsa da, bəzi əcnəbilər hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar. Bu məsələ Rusiyanın səlahiyyətli orqanlarının, Müdafiə Nazirliyinin diqqətinə çatdırılıb ki, buna son qoyulsun. Bu və bəzi digər məsələlər öz həllini tapmalıdır. Ancaq hazırda biz onların fəaliyyətindən ümumilikdə razıyıq”.

Qarabağa qanunsuz səfərlərin bir neçə dəfə Prezident səviyyəsində dilə gətirildiyini vurğulayan politoloq Natiq Miri “Sherg.az”a söyləyib ki, ölkə başçısının verdiyi mesaj birbaşa Rusiya rəhbərliyinə ünvanlanıb:

“Ortada 10 noyabr üçtərəfli razılaşması və Rusiyanın götürdüyü öhdəliklər var. Ona görə də öz öhdəliklərini yerinə yetirməli, ən azı prezident səviyyəsində imzalarına hörmət edərək, üzərilərinə götürdükləri öhdəliyi yerinə yetirməlidirlər. Əks-təqdirdə regionda sülhdən və əməkdaşlıqdan danışmaq mümkün olmayacaq. Rusiya artıq neçənci dəfədir ki, bunu qulaqardına vurur. Bu da o deməkdir ki, rəsmi Moskva hələ də geosiyasi niyətlərini tamamilə həyata keçirə bilməyib. O mənada problemi həll etmək üçün yetərli səviyyədə hadisələr yaratmaq lazımdır. Ən azında Gorus-Qafan yolunun bağlanması kimi. Bundan daha ciddi bir hadisə Laçın-Ermənistan sərhədinin bağlanması və bu sərhəddin Azərbaycan hərbi qoşunlarının nəzarətinə verilməsi həlledici ola bilər. Əslində ölkə başçısı bu mesajları vermək istəyib”.

N.Mirinin sözlərinə görə, Rusiya elə bir ölkədir ki, dediyimizi etmədikcə bütün qərar və addımlarda elastiklikdə maraqlıdır:

“Yəni məsələni daha çox uzadaraq özünün geosiyasi maraqlarını təmin etmək istəyirlər. Buna yol verməmək üçün Azərbaycan bəzi yollara əl atmalıdır. Yəni prosesi biz başladarıqsa, həm Rusiya, həm İran, həm Ermənistan, həm də ATƏT-in həmsədri olan digər dövlətlər yaratdığımız durumun arxasınca gəlmək məcburiyyətində qalacaqlar. Ona görə də məsələnin həlli üçün Azərbaycan qətiyyətli addım atmalıdır, əks-təqdirdə Rusiya heç nə anlayan deyil!”.