Bakının atacağı addımlar çox önəmlidir

Cənubi Qafqaz regionu yenidən bölünmə ərəfəsindədir

"Vaşinqtonun bölgədə öz maraqları, baş verənlərə öz siyasi baxışları var və bu, Rusiyanın əleyhinə siyasi baxışlardır"

Xarici işlər naziri Ceyhun Bayramovun ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə telefon danışığı baş tutub. Danışıq zamanı tərəflər üçtərəfli bəyanatların icrası və digər regional təhlükəsizlik məsələləri ərtafında fikir mübadiləsi aparıblar. Donfrid Azərbaycan və Ermənistan sərhədində yaşanan gərginlikdən narahatlığını ifadə edib. Amerika rəsmisi hər iki tərəfi deskalasiyaya və fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə çağırıb. Nazir Ceyhun Bayramov isə son günlərdə Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilən silsilə təxribatçı addımlar barədə qarşı tərəfə ətraflı məlumat verib. 

Nazir bölgədə vəziyyətin gərginləşməsi məsuliyyətinin bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb. Xatırladaq ki, ötən gün ABŞ dövlət katibi Entoni Blinken də tvitterdə sərhəd insidentinə münasibət bildirmiş, tərəfləri sülhə çağırmışdı. Ekspertlərin fikrincə, Amerikanın Azərbaycan-Ermənistan sərhədində baş verənlərə çevik reaksiya verməsi və bir neçə rəsmisinin diliylə narahatlığını ifadə etməsi Ağ Evin Cənubi Qafqazla bağlı maraqlarından qaynaqlanır. 

Vaşinqtondan gələn zəngi “Şərq”ə təhlil edən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Cənubi Qafqaz regionu yenidən bölünmə ərəfəsindədir. Analitikin fikrincə, Gürcüstanda həyata keçirilən “Saakaşvili layihəsi” də bu siyasətin tərkib hissəsidir: 

“Hazırda Ermənistanda Rusiyanın layihələri üzərində iş gedir. Azərbaycan isə bölgənin yeganə ölkəsi kimi təhlükəsizlik prizmasından böyük önəm daşıyır. Belə məqamda rəsmi Bakının atacağı addımlar çox vacibdir.

 Qafqazın təhlükəsizliyi regionla bağlı planlar quran ölkələrin qarşısında sədd olan Azərbaycanın təhlükəsizlik davranışından asılıdır. ABŞ-ın Cənubi Qafqaza nüfuz etmək niyyətində olması bəllidir. Türkiyə bölgədə müəyyən mənada Qərbin təmsilçisi kimi mövcuddur.

 Lakin Rusiyanın bölgədəki siyasəti, Moskvanın SSRİ nostalgiyasının artması, Belarus və Polşa sərhədlərində yaşananlar, Ukrayna problemi, ardınca Azərbaycan-Ermənistan sərhədində baş verənlər, Saakaşvili ətrafında cərəyan edənlər Kremlin hansısa planlarının olduğuna işarədir. Bu baxımdan ABŞ da öz planını dövriyyəyə buraxmaq istəyir. O səbəbdən tərəflər proseslərə, eskalasiya prosesinə, hərbi qarşıdurmalara fürsət kimi baxırlar. Vaşinqtonun bölgədə öz maraqları, baş verənlərə öz siyasi baxışları var və bu, Rusiyanın əleyhinə siyasi baxışlardır. 

Əslində isə Qərb üçün bölgədəki qarşıdurmalar, insan haqlarının pozulması halları qətiyyən maraqlı deyil”.