Yeni tarix yazan lider...

Millət vəkilləri Prezident İlham Əliyevin doğum günündə onun xidmətlərindən danışdılar

   Dünən Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə 24 məsələ daxil edilib. Milli Məclisin sədri Sahibə Qafarova iclasın çox əlamətdar bir gündə - Prezident İlham Əliyevin ad günündə keçirildiyini deyib. Sədr bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar Azərbaycanın dayanıqlı inkişafını təmin edir. Məhz dövlət başçısının rəhbərliyi ilə Azərbaycan bu gün dünyada tanınır: “Prezidentin həyata keçirdiyi siyasət ölkəmizi dünyada etimadlı tərəfdaş kimi tanıdıb. 

Ötən 18 ildə əldə olunmuş nailiyyətləri qeyd edərkən 2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan qələbə xüsusi vurğulanmalıdır: “Prezident həm də ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra orada bərpa və quruculuq işlərinə start verilib. Həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası Azərbaycan iqtisadiyyatının inkişafına da böyük təkan verəcək. Zəngəzur dəhlizi layihəsi nəinki region, Avropa ölkələri üçün də geniş imkan açacaq. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında düşməni diz çökdürən Azərbaycan Ordusu üzərinə düşən vəzifələri yerinə yetirməyə daim hazırdır”. Spiker ölkənin inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın da xüsusi rolu olduğunu vurğulayıb: 

“Prezident İlham Əliyevin humanitar siyasəti də əksər ölkələr üçün nümunə sayıla bilər. Şəhid ailələrinin, Vətən müharibəsi qazilərinin daim diqqət mərkəzində saxlanılması, aztəminatlı ailələrin, sosial müdafiəyə ehtiyacı olan bütün şəxslərin dövlət qayğısı ilə əhatə olunmaları bu siyasətin nə qədər geniş dairəni əhatə etdiyini göstərir. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, ölkəmizin bu sahədə qazandığı nailiyyətlərdə Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın da böyük rolu var. Onun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən mühüm layihələr ölkəmizdə təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin inkişafına, ölkəmizin beynəlxalq miqyasda təbliğ olunmasına mühüm töhfələr verib”.

“Prezident tərəfindən çox ciddi fərmanlar imzalanıb”

   Millət vəkili Vahid Əhmədov bəyan edib ki, son günlər Prezident İlham Əliyev tərəfindən çox ciddi fərmanlar imzalanıb. Deputat bildirib ki, bir həftə ərzində təxminən 4 milyon insanın maaşının artması ilə əlaqədar fərman imzalanıb: “Prezident İlham Əliyevin imzaladığı əsas fərmanlardan biri Birinci Qarabağ müharibəsi əlili olan hərbçilərə birdəfəlik müavinətlərin ödənilməsi ilə bağlıdır. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatının inkişafı üçün çox ciddi addımlar atılıb. Dövlət başçısı Azərbaycan xalqının sosial vəziyyətini hər zaman ön plana çəkib. Prezidentin apardığı siyasət 2022-ci ildə də problemlərin həllində mühüm nəticələrə gətirib çıxaracaq”.

“Azərbaycan xalqının səsini dünyaya çatdıra bildi...”

   Millət vəkili Əli Məsimli qeyd edib ki, Prezident İlham Əliyev Cənubi Qafqazın reallığını tamamilə dəyişib: “İlham Əliyev indiyə qədər olan intellektual müharibələrin qalibi kimi dünya tarixinə düşən lider oldu. 44 günlük Vətən müharibəsində güclü lider və güclü diplomat xüsusiyyətlərini birləşdirərək Azərbaycan xalqının səsini dünyaya çatdıra bildi. Eyni zamanda İlham Əliyev Qarabağı azad etməklə tarixin gedişini dəyişdirən və yeni tarix yazan lider kimi tarixə düşdü. Dekabrın ortalarında Prezident İlham Əliyevin Avropada keçirdiyi görüşlərdə çıxışları da çox mühüm idi”.

“Bəlkə ermənilər də Prezidentə yüksək qiymət verəcəklər”

   Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa partiya adından Prezident İlham Əliyevə təbrik məktubu ünvanladıqlarını diqqətə çatdırıb: “Ədalət Vəliyev bizə zəng etdi və təbriklərimizin Prezidentə çatdırıldığını, təşəkkür etdiyini bildirdi. Azərbaycanda siyasi mühit dəyişir. Müstəqilliyimiz uğrunda mübarizə aparan yüzlərlə insana qiymət veririk. Heydər Əliyevə də münasibətimiz bundan ibarətdir ki, o, bizim müstəqilliyimizi xilas edə bildi. 100 il sonra da tarixi reallıqlar dəyişəcək. Bəlkə ermənilər də Prezidentə yüksək qiymət verəcəklər, paytaxtı İrəvana köçürəcəyik. 100 il sonra Prezident İlham Əliyevə verilən dəyər reallıqları əks etdirəcək. Çünki onun sayəsində bizim 100 illər boyunca həll edə bilməyəcəyimiz problem həllini tapdı”.

“O zaman Heydər Əliyevə dedim ki...”

   Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib ki, Prezident İlham Əliyev heç bir ziyalının doğum gününü, yubileyini diqqətdən kənarda qoymayıb. Deputat 1994-cü ildə Heydər Əliyevin Çinə səfəri zamanı olan bir xatirəsini paylaşıb: “Həmin səfər çox işgüzar keçmişdi. O zaman Heydər Əliyevə dedim ki, bəlkə də Allah sizi Çin kimi, Hindistan kimi böyük dövlətləri idarə etmək üçün yaradıb, amma Azərbaycanı idarə edirsiniz, Azərbaycanın da problemləri bitmir. O, bu fikrimə güldü. Düşünürəm ki, Prezident İlham Əliyev də bu mənada atasının yolunu gedir”.

“İlham Əliyevi güclü edən xalqın inamıdır”

   Deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli də deyib ki, Prezident İlham Əliyev 44 günlük savaşda dünya erməniliyinə qalib gəlib: “Prezident öz addımları ilə dünyada türk dünyasının, islam dünyasının qalxınma dövründən başlamasının əsasını qoydu. İlham Əliyevi güclü edən xalqın inamıdır. Mən də sizə inanıram. Bu gün sizə qarşı deyil, yeddibaşlı əjdahalara qarşı müxalifətdəyəm. Korrupsiya, bahalaşma və digər başlara qarşı mübarizədə Sizin yanınızdayam”.

“Ən ağır günlərdə İlham Əliyevi Heydər Əliyevin yanında görürdük”

   BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, dünyada 200-dən artıq xalq öz dövlət müstəqilliyinə nail ola bilib, ancaq hüquqi dövlət yarada bilməyib: “Bu, çox çətin prosesdir. Biz müstəqillik illərində böyük uğurlara imza atmışıq. Əminəm ki, islahatlar davam etdiriləcək və daha modern ölkə olacağıq. Vaxtilə ölkəmizin ən ağır günlərində biz İlham Əliyevi Heydər Əliyevin yanında görürdük. Bu gün də beynəlxalq hüququn ayaqlar altına atıldığı, dünyanın parçalandığı dövrdə regionda siyasi konyukturanın çətin şərtləri altında biz görürük ki, İlham Əliyevin vaxtilə həyata keçirdiyi missiyanı Mehriban Əliyeva həyata keçirir. O, İlham Əliyevlə çiyin-çiyinə çətinlikləri dəf etməklə məşğuldur. Mən əminəm ki, Prezidentin başlatdığı islahatlar uğurla nəticələnəcək və biz Xankəndi üzərində də suverenliyimizi bərpa edəcəyik”.

"Prezident Qarabağ münaqişəsinə son qoyaraq beynəlxalq sülhə çox ciddi töhfələr verib"

   Millət vəkili Elşad Mirbəşiroğlu qeyd edib ki, dünyada sülhə ən böyük təhdid münaqişələrdir: “Prezident İlham Əliyev Qarabağ münaqişəsinə son qoyaraq beynəlxalq sülhə çox ciddi töhfələr verib. Prezident ərazilərimizi işğaldan azad etməklə beynəlxalq təhlükəsizliyə təhdid törədən transmilli cinayətlərin də qarşısını almış oldu. Bu günə qədər Nobel Sülh mükafatına layiq görülmüş şəxslərin fəaliyyəti ilə Prezident İlham Əliyevin fəaliyyətini müqayisə etmək heç doğru olmazdı. Dövlət başçısı öz praqmatik siyasəti ilə beynəlxalq sülhə töhfə verib. Ona görə də növbəti Nobel Sülh mükafatının Prezidentə verilməsi üçün prosedur başladılmalıdır”.

“Azərbaycan 18 ildə əsrə bərabər inkişaf yolu keçib”

   Deputat Ceyhun Məmmədov da diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 18 ildə əsrə bərabər inkişaf yolu keçib: 

“Əsrə bərabər 18 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Son 18 il ərzində Azərbaycan dünyada həm də mühüm beynəlxalq tədbirlərin, yarışların keçirildiyi ölkə kimi tanınıb. Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev də milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunmasını prioritet vəzifə kimi qarşıya qoyub. Prezidentin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsi olaraq bu gün dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Hazırda Azərbaycanda dini durum sabitdir, ölkədəki dini tolerantlığın səviyyəsi yüksəkdir.

  Son illər tarixi mədəniyyət abidələrinin, məscid və ziyarətgahların, yəhudi və xristian məbədlərinin bərpası və təmiri Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini-mənəvi durumun göstəricisidir”.