Paşinyan Azərbaycanla hərtərəfli sülh müqaviləsi imzalamağa razı olduğunu bəyan edir  - Ekspert

"Ermənistanın baş naziri Nikol Paşinyan 2019-cu ilin avqust ayında Xankəndidə səsləndirdiyi tezisin üzərindən böyük bir xətt çəkən açıqlama ilə çıxış edib".

Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib. 

Analitik bildirib ki, Paşinyan Azərbaycan torpaqları işğal altında qalanda “Qarabağ Ermənistandır və nöqtə” deyirdisə, indi özü bu tezisini darmadağın edib: 

"Bunun səbəbləri Azərbaycanın qələbəsi, yekun sülh müqaviləsinin imzalanması üçün aparılan danışıqlarda Azərbaycan tərəfinin sarsıdıcı diktələri, Ermənistanla sərhəddə əhəmiyyətli üstünlük qazanmasıdır. Eyni zamanda Bakının Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində müşahidəsini gücləndirməsi və hər hansı təxribata adekvat cavablar verilməsidir. İndi Nikol Paşinyanın İrəvanın uydurma statuslu əraziləri Azərbaycan ərazisi kimi xarakterizə etməsi danışıqlar üzərindən bəzi sirr pərdələrini qaldırır. Paşinyan deyir ki, əvvəllər ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi ilə statusun dəqiqləşdirilməsi məsələsi BMT ıTəhlükəsizlik Şurasına verilib. Ancaq Təhlükəsizlik Şurasının qərarlarında Qarabağ Azərbaycan ərazisi kimi təsbit edilib".

Ekspert vurğulayıb ki, Paşinyan Azərbaycanla hərtərəfli sülh müqaviləsi imzalamağa razı olduğunu bəyan edir: 

"Bunun paralelində isə özlərinin tez-tez dilə gətirdiyi “statuslu zonaları” Azərbaycan ərazisi olduğunu bildirir. Qəbul edir ki, həmin ərazilər Azərbaycanın yurisdiksiyasına daxildir. Buna görə də, Azərbaycan Konstitusiyasının müddəalarının həmin yerlər üçün keçərli olduğunu qabardır. Bu nə deməkdir? Prezident İlham Əliyev Rusiyanın və Qərbin təşəbbüsləri ilə keçirilən görüşlərdə yekun sülh müqaviləsi üçün şərti var. Şərt odur ki, Rusiya sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərindəki ermənilər yalnız Azərbaycanın hüquq sisteminin altına girməyə məcburdur. Dövlət başçısı İham Əliyev əvvəllər də deyib ki, qondarma status məsələsi müzakirə mövzusu ola bilməz. İndi isə aydın olur ki, artıq Ermənistan da bu məsələdə dirəniş göstərə bilmir və masada üzərinə diktəedici şərtlər qoyulur. Tək qaldığını və küncə sıxışdırıldığını dərk edən Nikol Paşinyan indi daha praqmatik mövqe nümayiş etdirir, yəni, bu, məcburiyyətdən doğan bir nümayişdir. Noyabrın 26-də Soçidə, ardınca, dekabrın 13-də Brüsseldə keçirilən görüşlərin nəticəsinə dair qəbul eidlən bəyanatlarda da saxta status məsələsinə bir kəlmə də olsun vurğu edilmir".