Rusiyanın "komandan-komandan oyunu": Anaşkinlə Volkovun yerini dəyişməklə nəticə dəyişməyəcək 

“Azərbaycanı narahat edən ən böyük problem Qarabağdakı erməni silahlılarının ordan çıxarılmasıdır”

“Biz bundan öncəki üç komandan dəyişikliyinə baxmayaraq bu istiqamətdə nəsə bir işin aparıldığını hələ də müşahidə etmirik” 


Azərbaycanın Qarabağ ərazisində müvəqqəti xidmət aparan Rusiya sülhməramlı kontingentinə yeni komandan təyin olunub. Bu barədə “RİA Novosti”də məlumat verilib. Məlumata əsasən, sülhməramlıların komandanı planlı rotasiyaya uyğun şəkildə dəyişdiriləcək. Hazırda təhvil-təslim işləri gedir.Sözügedən vəzifədə general-leytenant Gennadi Anaşkini general-mayor Andrey Volkov  əvəzləyəcək. A.Volkov 2020-ci ilin noyabrından 2021-ci ilin mayına qədər sülhməramlı kontingentə rəhbərlik edən general-leytenant Rüstəm Muradovun müavini olub. O, hazırda Rusiya Müdafiə Nazirliyinin Cənub hərbi dairəsinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəhbəridir.

Xatırladaq ki,bu Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin sayca 4-cü komadan dəyişikliyidir. İlk komandan Rüstəm Muradov olub. O, missiyasını başa vurduqdan sonra qısa müddət ərzində bu vəzifəni general-mayor Mixail Kosobokov yerinə yetirib. 2021-ci ilin sentyabrından isə bu vəzifəyə Gennadi Anaşkin təyin olunub.

Maraqlıdır, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin  komandanı  hansı səbəblərdən tez-tez dəyişir? Buna təsir göstərən başlıca amillər nələrdir?

Hərbi ekspert Ədalət Verdiyev rus sülhməramlılarının komandan dəyişikliyindən “Sherg.az”a danışarkən bunun Rusiya Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid olduğunu  bildirib və indiyə qədər bu vəzifəni icra edən komandanların fəaliyyətinə diqqət çəkib:

 “Qısa müddət öncə bu vəzifəyə təyin edilən Kosobokov və digərlərinin fəaliyyətləri heç də tam qanedici olmayıb. Əsgərlərimizə qumbara atan Norayr Mirzoyanın nə Ermənistana, nə də Azərbaycana deyil separatçı quruma təhvil verilməsi, rus sülhməramlılarının nəzarətində olan ərazilərə  rusiyalı deputat Vitaliy Milonovun  və fransalı prezidentliyə nazmizəd  Valeri Pekresin bizdən icazəsiz Xankəndiyə qanunsuz səfəri təbii ki,rəsmi Bakını qane edə bilməzdi. Bununla bağlı Azərbaycan tərəfi bir neçə dəfə narazılıq  ifadə edib”.

Ə.Verdiyev hesab edir ki, rəsmi Bakının narazılıqlarının aradan qaldırılması üçün Rusiya tərəfi belə bir addım atmağa məcbur olub:

“Bu vəzifəyə yeni təyin edilən və ərazi ilə daha yaxşı tanış olan A.Volkovun fəaliyyəti də ümumi mənzərəni dəyişməyəcək. Azərbaycanı narahat edən ən böyük problem Qarabağdakı erməni silahlılarının ordan çıxarılmasıdır. Biz bundan öncəki üç komandan dəyişikliyinə baxmayaraq bu istiqamətdə nəsə bir işin aparıldığını hələ də müşahidə etmirik”. 

Hərbi ekspertin fikrincə, bu təyinatdan sonra da erməni silahlı birləşmələrinin Qarabağ ərazisindən çıxarılması prosesinə başlanılcağına inanmaq bir qədər absurddur:

 “Amma yenə də ümid edək ki, Rusiya heç olmasa təyin etdiyi dörüdüncü komandanla 14 ay öncə üzərinə götürdüyü öhdəlikləri yetirməyə başlayacaq”.