Prezidentin köməkçisi: "Azərbaycan-ABŞ əlaqələrini gücləndirmək planları var"

2021-ci ildə Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsinin 400 milyon dollardan çox olub. Təbii ki, bu, tərəflərin potensialına tam cavab vermədiyindən, ticari-iqtisadi əlaqələri daha da gücləndirmək planları var.

"Report" xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Caspian Policy Center”in təşkil etdiyi "ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili" adlı vebinarda deyib.

"ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlərin mühüm komponentlərindən biri enerji təhlükəsizliyi məsələsidir. Vaşinqtonun dəstəyi və Amerika şirkətlərinin fəal iştirakı ilə Azərbaycan neft və qaz ehtiyatlarını birbaşa və müstəqil şəkildə beynəlxalq bazarlara çıxara bilib", - Prezidentin köməkçisi bildirib.

H.Hacıyev qeyd edib ki, Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ-ın ən böyük investisiyalarını alan ölkələrdən biridir:

"Bu investisiyaların ümumi məbləği təxminən 19 milyard ABŞ dolları təşkil edib. Azərbaycanda 300-ə yaxın Amerika şirkəti fəaliyyət göstərir. Azərbaycan da ABŞ iqtisadiyyatına sərmayə qoyur. Xüsusilə qeyri-neft sektorunda ikitərəfli iqtisadi əlaqələrin stimullaşdırılması və möhkəmləndirilməsi üçün daha çox iş görülməlidir".