Şuşa Bəyannaməsi təsdiqləndi: Azərbaycan hüquqi baxımdan da qardaş Türkiyə ilə müttəfiq oldu

"Bölgədə qarşıdurma tamamilə aradan qaldırılır, heç kim Azərbaycan-Türkiyə ordusu ilə qarşı-qarşıya gəlmək istəməz"

Milli Məclis Azərbaycanla Türkiyə arasında imzalanmış tarixi Şuşa Bəyannaməsini təsdiqlədi. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edildi. Bununla Azərbaycan hüquqi baxımdan da qardaş Türkiyə ilə müttəfiq oldu. Bu sənədə görə, iki qardaş ölkədən birinin ərazisinə hücum və təhlükə olarsa, digər ölkə rəsmən hərbi dəstək verə bilər. Sənədi təqdim edən millət vəkili Səməd Seyidov bildirib ki, Azərbaycanın ürəyi Türkiyə ilə döyünür. Deputat deyib ki, bu, Azərbaycan dövlətçiliyinin ən mühüm sənədlərindən biridir: “Regionda yaradılan yeni reallığın qorunması istiqamətində ən mühüm sənəd kimi qiymətləndirilməlidir. Şuşa Bəyannaməsi azad olunmuş Qarabağın, Azərbaycanın gələcəyini təmin edən sənədlərdən biridir”. 

Spiker Sahibə Qafarova da vurğuladı ki, Səməd Seyidov hər bir deputatın, azərbaycanlının mövqeyini ifadə edib: “Biz 6-cı çağırış Milli Məclis üzvləri kimi çox xoşbəxtik ki, Şuşa Bəyannaməsini təsdiqləmək bizə nəsib oldu”. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, Şuşa Bəyannaməsi regionda sülhü gücləndirməyə xidmət edir. Onun sözlərinə görə, Şuşa Bəyannaməsi dövlətlərin bir-biri ilə yalnız strateji maraqlarını əks etdirən sənəd olmayıb. Bu, şəhidlərin canı və qanından yoğrulan hərbi-siyasi, ordu müqaviləsidir: 

“Sənəd bir dövlətə hücum zamanı ikinci dövlətin onun müdafiəsinə qoşulacağını təsbit etməklə, təkcə bizim bölgəmizə deyil, eləcə də təhlükə yaranarsa, Azərbaycan ordu qüvvələrinin Türkiyə sərhədlərinin keşiyini çəkməyə hazır olduğunu nəzərdə tutur. Şuşa Bəyannaməsini imzalamaqla, Prezident İlham Əliyev Qarabağı əsrlər boyu savaş meydanı kimi saxlamağa yox, təhlükəsizlik və sabitlik ünvanına çevirməyə hədəfləndiyini dünyaya nümayiş etdirir. Bu, Qarabağın sabitlik və sülh ünvanı olması, Azərbaycanın təhlükəsizliyinin ayrılmaz hissəsi olmaqla yanaşı, Cənubi Qafqazda və yaşadığımız qitədə sülhə təminat verən ən böyük aktdır. Ona görə də bəyannaməni 3-cü ölkələrə qarşı yönəltmək, onu region dövlətlərinə qarşı ərazi iddiası kimi xarakterizə etmək yanlışdır”. Z.Oruc vurğulayıb ki, Şuşa Bəyannaməsinin bütün müddəaları regionda sülhü və təhlükəsizliyi gücləndirməyə xidmət edir: “Şuşa Bəyannaməsi Qarabağda sülh içində yaşamaq istəyən bütün xalqlara təhlükəsizlik təminatı deməkdir. Bu razılaşma bütün dövrlər üçün qüvvədədir”. Ekspertlərin fikrincə, Bakı və Ankaranın bəyannaməyə daxil edilən hərbi məsələlərlə bağlı planları var. Mümkündür ki, iki ölkənin müdafiə nazirləri atılacaq addımları müzakirə edəcəklər. 

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Şərq”ə bildirib ki, Şuşa Bəyannaməsi zamana və məkana görə dönəmin ən böyük, müstəsna müqaviləsidir. Ekspertin qənaətincə, müqavilə dövlətçiliyimizin bir çox mühüm məqamları ilə müqayisə olunacaq qədər önəm kəsb edir: 

“Dövlətçiliyimizin möhkəm təməllər üzərində qurulmasını təmin edən əsas saziş 1994-cü ilin “Əsrin müqaviləsi” olub. Şuşa Bəyannaməsi isə Azərbaycanın təhlükəsizliyi baxımından ən vacib sənəddir. Bəyannamə bundan sonrakı bütün dövrlərdə tətbiq olunacaq. Sənədin parlamentdə ratifikasiya olunması Cənubi Qafqazın təhlükəsizliyi prizmasından böyük önəm daşıyır. Türkiyə ilə hərbi müttəfiqlik ölkəmizin təhlükəsizlik arealının böyüməsi, daha ciddi şəkildə müdafiə olunması və bütövlükdə regionun mühafizəsi çərçivəsində mütərəqqi addımdır. Müqavilə nəinki regional təhdidlərin qarşısını alır, eyni zamanda dövlətimizin hücumda olmasını və diktə etməsini daim təmin edir. Azərbaycan bundan sonra bölgədə aparıcı mövqedə qalacaq. Şuşa Bəyannaməsi bölgədə qarşıdurma riskini tamamilə aradan qaldırır. Heç kim Azərbaycan-Türkiyə ordusu ilə qarşı-qarşıya gəlmək istəməz. Bu həm də ölkəmizə qarşı ərazi iddiaları və revanşist təşəbbüslərə sarsıdıcı zərbə vurmuş oldu. Bəyannamə regionda əməkdaşlıqdan başqa yol qoymur”.