“Azərbaycan ABŞ-ni Qafqazdakı proseslərdə tərəfdaşlığa dəvət edir” - Gözləntilər var!

“Bununla da rəsmi Bakı beynəlxalq hüququn da keşiyində durulmasının labüdlüyünü diqqətə çatdırır”

“Azərbaycan tərəfin belə  açıqlaması həm də onun Ermənistan-Azərbaycan arasında sülh sazişinin imzalanması  prosesində Rusiyanın monopoliyanı əlində cəmləşdirməsini istəmədiyini göstərir”


Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev “Caspian Policy Center”in təşkil etdiyi “ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili” adlı vebinarda çıxış edib. Prezidentin köməkçisi bildirib ki,Azərbaycan sülh gündəliyini izləyir və bu gündəlik qonşu və tərəfdaş ölkələrlə dinc əlaqələrin yaradılmasına mesajdır.

H.Hacıyev  Azərbaycanın tərəfdaş və qonşu ölkələrlə birlikdə Cənubi Qafqazın münaqişə və müharibələrdən azad regiona çevrilməsi istiqamətində fəaliyyət göstərdiyini vurğulayıb. O eyni zamanda diqqətə çatdırıb ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına dair danışıqlar beynəlxalq hüquqa uyğun aparılmalıdır:

 “Bu saziş beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsiplərinə əsaslanmalıdır. Regionun yeni brendinq strategiyasına ehtiyacı var. Azərbaycan inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun inşası üçün öz rolunu oynamağa hazırdır. Biz burada ABŞ-ı vacib tərəfdaş kimi görürük”.

 Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli prezident köməçisinin yekun sülhlə bağlı fikirlərini “Sherg.az”a dəyərləndirib. O bildirib ki, hazırda bu məsələdə rəsmi Bakının ABŞ-ni vacib tərəfdaş kimi görməsinin əsas səbəbi Paşinyan adminstrasiyasının Amerika və Avropadakı mövqeyi ilə bağlıdır: 

“Çünki indi Paşinyan ATƏT-in Mink qrupunun yenidən dirilməsi ilə bağlı iddiaları  məhz Amerikadan aldığı tezislər vasitəsilə gündəmə gətirməkdədir. Hazırda  bu məsələlərdə Amerikanın adının çəkilməsi həm də Azərbaycanın çoxvektorlu Rusiya və ABŞ-yə yönəlik siyasətinin olmasını göstərir”. 

Ə.Əlibəylinin fikrincə, Azərbaycan tərəfin belə  açıqlaması həm də onun Ermənistan-Azərbaycan arasında sülh sazişinin imzalanması  prosesində Rusiyanın monopoliyanı əlində cəmləşdirməsini istəmədiyini göstərir: 

“Beynəlxalq hüquq deyir ki, ölkələrin ərazi bütövlüyü və suverenliyi pozulmamlıdır. Amma Azərbaycanın ərazi bütövlüyü pozulub. Bu baxımdan da beynəlxalq hüququn təməlləri, insan haqları da müharibə cinayətlərinə görə pozulub. ABŞ dünyada demokratiyanın beşiyi və onun keşiyində duran ölkə kimi qəbul olunur. Azərbaycan da məhz bu məsələdə, Qafqazdakı proseslərdə onu ciddi şəkildə tərəfdaşlığa dəvət edir. Bununla da rəsmi Bakı beynəlxalq hüququn da keşiyində durulmasının labüdlüyünü diqqətə çatdırır”.