Əliyev, Conson və Ərdoğanın Ukrayna səfəri:“London-Bakı-Ankara üçbucağındakı maraqlar...” – “Kartlar” açılır

“Yaranan böhranda da Ukraynaya ən ciddi və əhəmiyyətli praktiki dəstəyi Britaniya reallaşdırır”

“Ərdoğan Britaniyanın baş naziri Boris Consonun Kiyevə səfərindən sonra Ukraynaya pənah gətirdi”

 “Türkiyənin pilotsuz uçuş aparatlarının, o cümlədən “Bayraktar” zərbə aparatının Ukraynaya tədarükünün artması və Ukraynada birgə istehsal Rusiyanı az da olsa müharibədən çəkindirən amilə çevrilir”


Türkiyə  prezidenti Rəcəb Tayyib Ərdoğanla  Ukrayna  dövlət başçısı Volodimir Zelenski görüşüb. Görüş sonrası  keçirilən mətbuat konfransında  V.Zelinski bildirib ki, tərəflərin imzaladığı yeni müqavilə Bayraktar PUA-larının istehsalını təkmilləşdirəcək:

“Düz 30 il əvvəl Türkiyə ilə Ukrayna arasında diplomatik əməkdaşlıq qurulub. Bu  tarixi hadisədir. İki ölkə arasında azad ticarət sazişi imzalanıb. İş dünyası üçün yeni qazanc və gəlirlər ölkələrimizin rifah səviyyəsinin yüksəlməsi deməkdir". Həmçinin Ukrayna lideri Ərdoğana rəsmi Kiyevlə ilə Rusiya arasında vasitəçi olduğu üçün təşəkkür edib.

Liderlərin  görüşünü “Sherg.az”a şərh edən siyasi şərhçi Aqşin Kərimov  bildirib ki, Rusiya-Ukrayna münaqişəsinin müharibəyə doğru getdiyi zamanda Türkiyə prezidentinin Kiyevə səfəri həlledicilik baxımından əhəmiyyətlidir: 

“Türkiyə liderinin Ukrayna səfəri Ankaranın münaqişənin həlli üçün həm fərdi vasitəçi təşəbbüslərini ortaya qoyur, həm də NATO üzvü olduğuna görə kollektiv müdafiə elementlərini özündə ehtiva edir. Nəzərə alaq ki, Türkiyə NATO-nun digər üzvü olan Britaniya ilə isti münasibətlərə malikdir. Yaranan böhranda da Ukraynaya ən ciddi və əhəmiyyətli praktiki dəstəyi Britaniya reallaşdırır. Ərdoğan Britaniyanın baş naziri Boris Consonun Kiyevə səfərindən sonra Ukraynaya pənah gətirdi”. 

Analitikin fikrincə, Ərdoğanın  Kiyevə səfəri daha çox London-Ankara trafikindəki danışıqların qayəsini prioritet kimi önə çıxarır:

 “Hərçənd ki,Türkiyənin Rusiya ilə hərarətli münasibətləri də mövcuddur. Ancaq Ukrayna mövzusundakı həssaslıq Ankara-Moskva siyasi əlaqələrini başqa məcraya yönəldir. Şübhə etmək olmaz ki, Ərdoğan Azərbaycanla Türkiyənin strateji müttəfiqlik əlaqələrinin Ukrayna üzərinə proyeksiya edildiyini də Zelenskinin diqqətinə çatdırıb”. 

A.Kərimov bu xüsusda “Şuşa Bəyannaməsi”nə diqqət çəkib:

 “Azərbaycanla Türkiyənin perspektiv strateji vizyonu “Şuşa Bəyannaməsi”ndə təsvir edilib, bu baxımdan Ankara öz addımlarını Bakının maraqları ilə paralel şəkildə qurur, nəzərə alaq ki, bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya səfər etmişdi. Deməli, Ərdoğanın bağlı qapılar arxasında həm də London-Bakı-Ankara üçbucağındakı üçtərəfli maraqlardan bəhs edib”. 

Siyasi şərhçi diqqətə çatdırıb ki, hazırdaTürkiyə qlobal siyasətdə hərbi sənaye və iqtisadi rıçaqlarla mövqelər tutur və getdikcə həmin mövqelərdə güclü istehkamlar qurur:

 “Ərdoğanın Kiyevə səfəri zamanı Türkiyə ilə Ukrayna arasında sərbəst ticarət razılaşması imzalanıb ki, bununla Türkiyə bir neçə istiqamətdəki hədəflərini möhkəmləndirir. Sərbəst ticarət razılaşmaları Türkiyənin qlobal iqtisadi təhlükəsizlik zolağı, ixracı genişləndirməklə rəqabət şəraitində üstünlük qazanan strategiyadır. Sərbəst ticarət anlaşmaları qarşılıqlı investisiyanı təşviq edən praqmatik ideyalara əsaslanır, müştərək təşəbbüslərlə Türkiyənin beynəlxalq rəqabət gücünü artırır. Türkiyə liderinin səfərində Ukrayna ilə də belə razılaşma əldə edilməsi Ankaranın Ukraynanın başı üzərini almış dumanlı situasiyada mövqelərini gücləndirən alətə çevrilir”.

Analitik Türkiyə və Ukrayna arasında imzalanan sərbəst ticarət razılaşmasının üstünlüklərindən söz açıb:

 “Bununla ticarətin həcmi artır və iqtisadi rıçaqlar Türkiyəyə əlavə imkanlar qazandırır. Rəsmi Ankaranın hərbi sənayesinə məxsus silahların,əsasən də “Baykar” şirkətinə məxsus pilotsuz zərbə aparatlarının Ukraynaya ixracı genişlənir.Əldə edilən razılaşma ilə həm də “Baykar” şirkəti Ukraynada silah istehsal edəcək. Müasir dünya hərbində özünəməxsus və spefisik yer tutan Türkiyənin pilotsuz uçuş aparatlarının, o cümlədən “Bayraktar” zərbə aparatının Ukraynaya tədarükünün artması və Ukraynada birgə istehsal Rusiyanı az da olsa müharibədən çəkindirən amilə çevrilir”.  

A.Kərimovun qənaətincə, Türkiyə dövlət başçısı Rusiya ilə Ukraynanın müharibəyə başlamaması üçün əlindən gələni edəcək: 

“Ərdoğanla Zelenski görüşdən sonra media önünə çıxaraq önəmli mesajlar verdilər.Ərdoğan bir daha ölkəsinin Ukraynanın ərazi bütövlüyünə dəstəyini ifadə etdi. Ankaranın Kiyevə dəstəyi həm də Qara dəniz amili ilə bağlıdır. Çünki Türkiyə Krımın ilhaqından sonra Qara dənizdə hərbiləşmə səviyyəsinin artmasının, burada oyunçuların çoxalmasının əleyhinədir .O dəniz sərhədlərinə təhdid ehtimallarına qarşı immunitetini gücləndirir. Ukrayna Türkiyəyə böyük ümidlərlə baxır, Krım türkləri amili isə Türkiyənin əlinə böyük kozırlar verir”. 

Siyasi şərhçi Türkiyə-Ukrayna münasibətlərinin  bu cür davam etdiyi vaxtda  Rusiyanın da  sakit dayanmayacağını vurğulayıb:

 “Öz hərbi qüdrəti ilə qürrələnən Rusiya Ukraynaya müdaxilə etməsə belə bütün bunlara  reaksiyasız qalmayacaq. Çünki Ukraynada pilotsuz zərbə aparatlarının birgə istehsalı Kremli narahat edir və şübhəsiz ki, rəsmi Moskva birgə istehsala görə kəşfiyyat orqanlarının – Baş Kəşfiyyat İdarəsinin (QRU), Federal Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin - potensialına müraciət edəcək və strateji məlumatları ələ keçirməyə çalışacaq. 

A.Kərimov sonda Ukrayna böhranına  və rəsmi Anakrının burdakı roluna toxunub: 

“Hazırda müvəqqəti də olsa müharibədən qaçmaq meylləri müşahidə edilir və bu məsələdə Türkiyə amilinin də payı çoxdur” .