Azərbaycan bir qarış torpağından geri çəkilməyəcək



İrəvanın çıxış yolu yoxdur, Bakının yaratdığı reallıqlarla barışmaq məcburiyyətindədir

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

Xarici işlər naziri Ceyhun Bayramov fevralın 3-də Bakıda keçirilən brifinqdə Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiya prosesindən danışıb. XİN başçısı vurğulayıb ki, Azərbaycan sərhədlərin delimitasiyası ilə bağlı Ermənistanın təkliflərini Rusiyanın vasitəsilə alıb. C.Bayramov Ermənistan XİN başçısı Mirzoyanın “rəsmi Bakı təkliflərimizi geri çevirib” sözünə də münasibət bildirib. Bəyan edib ki, Ermənistanın hər hansı şərt irəli sürməyə nə hüquqi, nə siyasi, nə də mənəvi haqqı var. Onun sözlərinə görə, sərhədlərin delimitasiyası məsələsində hansısa “kreativlik” göstərməyə ehtiyac yoxdur. Sadəcə, beynəlxalq sərhədləri tanımaq lazımdır. 

Nazir bəyan edib ki, beynəlxalq sərhədlər tanınmalı, komissiyanın işinə başlanılmalıdır: “Bəlli ilkin şərtlər irəli sürülmüşdü. Azərbaycan tərəfi qısa zaman ərzində mövqeyini çatdırdı. Bu prosesə heç bir qeyd-şərt olmadan başlaya biləcəyimiz ifadə olunmuşdu. Bu, təcrübələrə əsaslanan prosesdir, prosesin başlaması üçün “icadlara” ehtiyac yoxdur. Ermənistan 30 il ərzində digər qonşu ölkənin torpaqlarının 20 faizə yaxın bir hissəsini işğal altında saxlayıb. Bütün beynəlxalq hüquq norma və prinsiplərini pozub. Ermənistan tərəfinin mövcud reallığı tez zamanda anlayacağına ümid edirik. Bu, region üçün faydalı olar”. XİN başçısı qeyd edib ki, iki ölkə arasında delimitasiya prosesinin başlanması ilə bağlı birgə ikitərəfli komissiyanın yaradılması istiqamətində davamlı, ardıcıl yanaşma müşahidə edilmir: “Təxminən iki həftə əvvəl Ermənistan tərəfi Rusiya vasitəsilə delimitasiya prosesinin başlanması ilə bağlı yeni təkliflərini göndərib. Müəyyən mənada prosesə başlamaq üçün ilkin şərtlər irəli sürülüb. Komissiyanın işə başlaması üçün belə bir şərtlər qoyulub. Qısa müddət ərzində Azərbaycan öz mövqeyini qarşı tərəfə çatdırıb”. C.Bayramov vurğulayıb ki, Azərbaycan dövləti yeni postmünaqişə dövründə beynəlxalq hüquqa əsaslanaraq münasibətlərin normallaşması istiqamətində konkret addımlar atıb: “Əfsuslar olsun ki, Ermənistan tərəfindən bir neçə dəfə komissiyanın işi pozulub. Komissiyanın işində fəaliyyətlərini dayandırmışdılar. Hələ də biz bu istiqamətdə davamlılıq, ardıcıllıq görmürük”. 

Xatırladaq ki, iki həftə öncə erməni tərəfi öz təkliflərini açıqlayıb və bunlar Ermənistan və Azərbaycan qüvvələrinin təmas xəttindən qarşılıqlı çəkilməsini nəzərdə tuturdu. Ermənistanın XİN rəhbəri Arorat Mirzoyan deyib ki, Ermənistan Azərbaycan və Rusiya ilə sərhəddə təhlükəsizlik mexanizmlərinin yaradılmasını müzakirə edir. Onun sözlərinə görə, Ermənistan öz öhdəliklərinə sadiqdir və Ermənistan, Rusiya və Azərbaycan dövlət başçılarının Soçi görüşündə razılaşdırılan delimitasiya üzrə birgə komissiya yaratmağa hazırdır: “İndi biz Azərbaycan və Rusiya tərəfi ilə sərhəddə təhlükəsizlik və sabitlik mexanizmlərinin yaradılmasına gətirib çıxaracaq vasitələri müzakirə edirik. Müxtəlif təkliflərin verildiyini demişdim. Danışıqlar davam edir”. Qeyd edək ki, daha əvvəl Nikol Paşinyan da Bakı ilə Moskvaya sərhəddə təhlükəsizlik və sabitliyin artırılması barədə, həmçinin sərhədlərin delimitasiya və demarkasiyası barədə təkliflər verdiyini açıqlamışdı. Ermənistan baş naziri prosesin bu detallarını açıqlamasa da, həmin komissiyanın mümkün qədər tez formalaşdırılmalı olduğunu demişdi.

Millət vəkili Ceyhun Məmmədov “Şərq”ə bildirib ki, Ermənistan öz ənənələrinə sadiq qalaraq danışıqların hansısa mərhələsində müəyyən “qazanc” əldə etməyə çalışır. Deputat vurğulayıb ki, İrəvan çıxış yolunun olmadığını görür və Azərbaycanın yaratdığı reallıqlarla barışmaq məcburiyyətində qalır: 

“Bununla yanaşı, Ermənistan xəbis siyasətindən də əl çəkmir. Sülh müqaviləsi imzalanan son ana kimi nəsə qopartmaq istəyir. Şübhə yox ki, Ermənistanın pozucu davranışları rəsmi Bakı tərəfindən qəbuledilməzdir. İrəvan anlamalıdır ki, ölkənin tərəqqisi, ermənilərin sosial rifahı Azərbaycanla sülhdən asılıdır. Məsələ ondadır ki, bir tərəfdən Baş nazir Nikol Paşinyanın nisbətən pozitiv açıqlamalarının şahidi oluruq. Digər yandan isə Mirzoyan kimi şəxslərin dilindən sərsəm bəyanatlar səsləndirilir. Moskva vasitəsi ilə Azərbaycana təzyiq göstərmək niyyəti güdülür. Lakin Azərbaycanı haqq yolundan döndərmək mümkünsüzdür. Rəsmi Bakının qəti mövqeyi ondan ibarətdir ki, sərhədlərin demarkasiya və delimitasiyası tezliklə yekunlaşmalı, sülh müqaviləsi imzalanmalıdır. Ermənistanın səyləri əhəmiyyətsizdir. Azərbaycan bir qarış torpağından belə geri çəkilməyəcək. Proses Azərbaycanın diktə etdiyi formada getməlidir”.