Ötən gün Rusiya və Ukrayna arasında ilk dəfə əsir mübadiləsi reallaşıb. Ukraynanın Sumı vilayətində əsirlərin mübadiləsi üçün “yaşıl dəhliz” təşkil edilib. Bunu Sumı Regional Dövlət Administrasiyasının rəhbəri Dmitri Jivitski deyib.“Yaşıl dəhliz”in yaradılması ilə bağlı qərarı Ukrayna prezidenti Volodimir Zelenski verib.
Jivitski “Teleqram”da ilk qaytarılan əsirləri nümayiş etdirib. Beş Ukrayna əsgəri bir Rusiya hərbi polisi zabiti ilə dəyişdirilib. Bəzi ekspertlər tərəflərin nümayəndə heyətləri arasındakı danışıların birinci raudunun nəticəsi kimi qiymələndirir. Qeyd edək ki, görüşün ikinci raundunun da vaxtı açıqlanıb. Bu gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib . O qeyd edib ki, Rusiya nümayəndə heyəti bu gün axşam saatlarında danışıqların aparılacağı yerdə ukraynalı nümayəndələri gözləyəcək: “Günortadan sonra bizim nümayəndə heyətimiz ukraynalı heyəti gözləyəcək. Ümidvarıq , onlar gələcəklər”.
Görüşü şərh edən "Atlas” Araşdırmalar Mərkəzi sədri, politoloq Elxan Şahinoğlu "Sherg.az"a bildirib ki, danışıqlardan əsaslı nəticə gözlənilmir:
"Görüşün ikinci raundunun baş tutacağına dair səhih məlumat yoxdur. Olsa belə xüsusi nəticə əldə olunacağını düşünmürəm. Çünki danışıqlar aparılanda atəşkəs elan olunmur. Bu danışıqların fəlsəfəsinə ziddir.
Nümayəndə heyətilə görüş müddəti ərzində atəşkəs elan olunmalıdır. Rusiya Prezidenti də ultimatumlarına davam edir. Ukraynanın “Krımı” tanımasını, silahsızlaşdırılmasını, neytral statusunu bəyan etməsini istəyir. Danışıqlar nəticə verməyəcək".
Analitik sonda iki dövlət arasında aparılan əsir mübadiləsini danışıqların birinci mərhələsinin nəticəsi kimi hesab etmədiyini vurğulayıb:
"Sadəcə hər iki tərəf öz vətədaşlarını geri almaq istəyir. Müharibə davam etdikcə hələ çox əsrlər olacaq".