Azərbaycan hərbçiləri martın 23-də Pakistan Günü münasibətilə keçirilən rəsm-keçidi izləyib.
Paradda fəxri qonaq qismində Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib.
Müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov “Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycanla Pakistanın hərbi əməkdaşlığı getdikcə bütün sahələrdə genişləndirilir:
“Birgə planlar də artıq gündəmdədir. Vətən müharibəsi zamanı qardaş Türkiyə ilə dost Pakistan da Azərbaycana mənəvi dəstəyini göstərib. Rəsmi İslamabadın hərbi-siyasi rəhbərliyi hər zaman Azərbaycanın yanında olduğunu dəfələrlə açıq şəkildə bütün dünyaya bildirib. Pakistan dövləti ilə ölkəmiz arasında münasibətlər perspektivlər vəd edir. Bildiyimiz kimi, bundan əvvəl də Azərbaycan hərbçiləri MN rəhbərliyi ilə onların hərbi paradında iştirak edib. Bu da bir daha hər iki dövlətin əlaqələrinin yaxşılaşması və yaxınlaşmasından xəbər verir. Rəsmi İslamabadla hərbi və hərbi-texniki əməkdaşlığımızı 20 ilə yaxındır, davam etdiririk. Azərbaycan Hərbi Hava Qüvvələrində Pakistanda istehsal olunan təlim təyyarələri fəaliyyət göstərir”.
Polkovnik diqqətə çatdırıb ki, ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq üçün açıqdır:
“Lakin Pakistanın geosiyasi arenada xüsusi çəkisi var. Bilirik ki, ən böyük nüvə silahı və ordusu olan dövlətdir. Bütün bunlar hər iki dövlətin öz inkişafını müəyyən sahələrdə təmin edəcək bir faktordur. Ümumiyyətlə, Pakistanla dostluq və qarşılıqlı əlaqəmiz Azərbaycanın Silahlı Qüvvələrinin inkişafı üçün müəyyən qədər şərait yaratması kimi də qiymətləndirilə bilər”.