Zərifə xanımın adı şərəf tarixinə  yazılıb

Onun keçdiyi həyat yolu, elmi və əmək fəaliyyəti hər bir Azərbaycan qadını üçün örnəkdir

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ili tamam olur. Zərifə xanım Əliyeva görkəmli elm xadimi, oftalmoloq alim olub. Lakin Zərifə xanımı xalqımız ilk növbədə ümummilli lider Heydər Əliyevin sədaqətli həyat yoldaşı, qayğıkeş, mehriban ana, ailə dəyərlərini qoruyan, xalqımıza məxsus yüksək keyfiyyətlərə məxsus alicənab qadın, xeyirxah insan olduğuna görə sevirdi, bu gün də həmin sevgini yaşadır və daim sayğıyla anır. Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibətilə bir neçə gündür ki, ölkəmizdə silsilə tədbirlər keçirilir, xatirəsi ehtiramla yad edilir.  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Ro-Pax” tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak edib. Prezident İlham Əliyev gəmi-bərənin istismara verilməsini bildirən rəmzi lenti kəsib. Gəmi-bərənin “Zərifə Əliyeva” adlandırılması Azərbaycan dənizçilərinin görkəmli alim və həkim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın xatirəsinə olan sonsuz ehtiramının ifadəsidir. Gəmi-bərədə akademik Zərifə Əliyevanın elmi axtarışlarını, qazandığı uğurları, insanlara xeyirxah münasibətini, bir sözlə, fədakarlıqla dolu həyat və fəaliyyətini əks etdirən guşə yaradılıb. Guşədə akademik M.İ.Averbax adına mükafatın ilk qadın laureatı olan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyeva haqqında foto və video məlumatlar, kitablar toplanıb. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindənsə “Akademik  Zərifə Əliyeva 99” adlı virtual sərgi hazırlanıb. Kitabxanadan bildirilib ki, virtual sərgidə akademik Zərifə xanım Əliyeva haqqında görkəmli şəxslərin fikirləri, müəllifi olduğu və haqqında yazılmış kitablar, həyat və fəaliyyətinə dair sənədlər, məqalələr və fotolar nümayiş olunur. Virtual sərgi bu ifadələrlə nümayiş olunur: “Elə şəxsiyyətlər var ki, onların ömür yolu haqqında söhbət açarkən istər-istəməz hansısa tarixi dövrün müəyyən ənənələrinin formalaşması prosesinin də iştirakçısına çevrilmiş olursan. Hər bir millət üçün fəxr olunası haldır ki, mənsub olduğu millətin tarixində unudulmaz şəxslər yaşayıb, yaradıb. Elə şəxslər ki, onların xalqı qarşısındakı xidmətləri əvəzolunmazdır. Belə insanlar həmin zirvəni qeyri-adi əməksevərliyi, təmənnasız xeyirxahlığı, fitri istedadı, nadir bilik və qabiliyyətləri hesabına fəth edirlər. Məhz belə insanlardan biri də humanist insan, görkəmli ictimai xadim, oftalmoloq-alim Zərifə xanım Əliyevadır. 

Zərifə xanım, sözün əsl mənasında, böyük həkim idi. O, Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini verib, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərib. Zərifə xanım özünün çoxillik fəaliyyəti dövründə neçə-neçə gözə şəfa bəxş ediş, ən ağır, mürəkkəb əməliyyatlar aparıb, görmə qabiliyyəti zəif olanların, yaxud tamamilə görməyənlərin qaranlıq dünyasını işıqlandırıb. Bu işdə ona təkcə biliyi, savadı və səriştəsi deyil, həm də gendən və böyüdüyü ailədən irəli gələn yüksək keyfiyyətlər dəstəkçi olurdu. Zərifə xanım Əliyevanın adı bu gün də Azərbaycanda fəxrlə, sonsuz qürur hissi ilə səslənir. Ölkəmizdə ana adının ucalığı, ömür-gün yoldaşının sədaqəti, həkimliyin müqəddəsliyi onun adı ilə əbədiləşir. Ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş bu nəcib xanım məhz bütün keyfiyyətlərinə görə hər zaman, hər kəs tərəfindən sevilir, heç vaxt unudulmur. Zərifə xanımın xatirəsinə Səhiyyə Nazirliyi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə  “Oftalmologiyanın aktual məsələləri” mövzusunda elmi konfrans keçirilib. Çıxışçılar Azərbaycan oftalmologiyasının inkişafının məhz akademik Zərifə Əliyevanın adı ilə bağlı olduğunu, onun həyat yolu, elmi istiqamətləri, pasiyentlərlə, gənc həkimlərlə davranışının hər kəs üçün örnək olmasından danışıblar. Qeyd edilib ki, görkəmli oftalmoloq-alim Azərbaycan oftalmologiyasını inkişaf etdirib və bütün dünyaya tanıtdırıb. Zərifə Əliyeva Sovet İttifaqında yeganə olaraq Azərbaycanda Eksperimental Klinik Laboratoriyanın təşkilinə nail olub. Onun ən böyük arzusu Milli Oftalmologiya Mərkəzinin tikintisi ilə bağlı idi. Akademikin həmin arzusu həyata keçib və 12 il olacaq ki, bu mərkəz fəaliyyət göstərir. 

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət və İdarəetmə Akademiyasının professoru Həvva Məmmədova “Şərq”ə açıqlamasında qeyd etdi ki, Zərifə xanım Əliyeva keçdiyi həyat yolu, elmi və əmək fəaliyyəti ilə hər bir Azərbaycan qadını üçün örnəkdir: 

- Zərifə xanım Əliyevanın adı Azərbaycan tarixinə əbədi həkk olunub. Necə ki, biz bu gün Azərbaycan tarixində silinməz izlər qoymuş Sara xatundan danışırıq, Zərifə xanımın adı da tarixdə şərəfli yer tutur. Və bu gün olduğu kimi 100 il sonra da tarixdə qalacaq, xalqımız tərəfindən hörmətlə anılacaq. Zərifə xanım görkəmli dövlət xadimi, Azərbaycan dövlətçiliyinin xilaskarı Heydər Əliyevin həyat yoldaşı, Qarabağımızın xilaskarı cənab Prezident İlham Əliyevin anasıdır. Biz bu gün Zərifə xanımı həm də buna görə minnətdarlıqla anırıq ki, bu xanımın ailəsində belə övlad böyüyüb. Zərifə xanımın yüksək keyfiyyətlərindən çox danışmaq olar. Mənim üçün dəyərli olan bir məsələni xatırladım ki, vaxtilə anamın gözlərini Zərifə xanım əməliyyat edib. Anamın gözləri iki dəfə əməliyyat olunmuşdu. Həkimlərdən birinin adı Ceyran xanım idi, digəri isə Zərifə xanım olub. O zaman biz Zərifə xanımın hansı ailəyə mənsub olduğunu bilmirdik. İllər sonra bildik. Bu xanım o qədər səmimi, xeyirxah, sadə, təvazökar olub ki, Heydər Əliyev kimi bir siyasi rəhbərin həyat yoldaşı olmasını qabartmayıb, özünü üstün hesab etməyib. Çalışdığı səhiyyə müəssisəsində hamı onun xeyirxahlığının, sadəliyinin vurğunu olub. Çox əliaçıq, səmimi xanım olub. Təsəvvür edin ki, bişirdiyi xörəklərdən gətirib gözətçiyə, ehtiyacı olanlara paylayırmış. Hamıyla səmimi ünsiyyət yaradırmış. Zərifə xanımın kollektivlə birlikdə çəkdirdiyi fotolardan da görünür ki, o necə səmimi, nəcib insan olub. Zərifə xanım adət-ənənəyə bağlı, milli xüsusiyyətləri özündə cəmləmiş və bu xüsusiyyətlərə hər zaman sayğı göstərən əsl Azərbaycan qadını idi. Bu mənada Zərifə xanım bütün həyatı, fəaliyyəti ilə, davranışları ilə örnək bir qadındır. Onun özündən sonra qoyduğu irs bu gün də davam edir. Zərifə xanım Əliyevanın xalqımızın qəlbində müstəsna yeri var və daim xalqın qəlbində qalacaq.