Türkiyənin Manisa şəhərinin Salihli qəsəbəsinin Türk Ocaqları başqanı Adnan Aras "Şərq" qəzetininin qonağı olub. Azərbaycanda ilk dəfə olan qonağı məmnunluqla qarşılayan "Şərq" qəzetinin baş redaktoru, Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri Akif Aşırlı Salihli Türk Ocaqları başqanı ilə türk ocaqlarının əməkdaşlığından, görülən işlərdən və gələcək planlardan, o cümlədən Azərbaycan-Türkiyə əlaqələrindən danışıblar.
Səfər təəssüratlarını "Şərq"ə bölüşən Salihli Türk Ocaqları başqanı Adnan Aras ölkəmizə səfəri çərçivəsində Azərbaycan Türk Ocaqlarını ziyarət etməyi özünə borc bildiyini deyib:
"Ata yurduma gəlmişəm. Azərbaycana, Bakıya gəlmək arzusu hər zaman ürəyimdə idi. Avropanın fərqli ölkələrinə getmişəm, fəqət, ata yurduma gəlmək nəsib olmamışdı. Həyat yoldaşım Azərbaycanla bağlı arzumu bildiyi üçün mənə xoş sürpriz edib, səfər biletimizi alıb. Biz də ailəliklə Azərbaycana gəldik, dörd-beş gün burdayıq". İxtisasının fəlsəfə olduğunu söyləyən Adnan bəy Türk Ocaqlarındakı fəaliyyətlə yanaşı, müəllim kimi çalışdığını da söyləyib:
"Əvvəlcə Salihli Türk Ocaqları İdarə Heyətində xeyli müddət təmsil olunmuşam, baş katib vəzifəsini icra etmişəm. İki il öncə qurultayın qərarı ilə Ocaq başqanı vəzifəsini bizə layiq gördülər. O gündən etibarən fəaliyyət göstəririk. Salihli Türk Ocaqları olaraq əsasən gənclərlə çalışmağa üstünlük veririk. Çünki türk milliyətçiliyi ideologiyası sadəcə bəlli bir zümrə arasında qalmamalıdır. Gənclərimizə də nüfuz etməliyik, onlarla iç-içə olmalıyıq. Məktəblərlə də əməkdaşlıq edirik, müəyyən layihələr həyata keçiririk. Bununla yanaşı, fərqli universitetlərdən alimləri, ziyalıları, sənət adamlarını dəvət edərək müxtəlif konfranslar veririk".
Qonaq Azərbaycan Türk Ocağı haqqında əvvəldən məlumatlı olduğunu, təşkilatın gördüyü işləri izlədiyini bildirib:
"Akif bəyin həm Azərbaycanda, həm də Türkiyədəki fəaliyyətini yaxından izləmişəm. Gəlmədən öncə də Akif bəylə əlaqə saxlamışdım. Təbii ki, Azərbaycana gəlib, Türk Ocağını ziyarət etməmək olmazdı. Yaxşı ki, gəlmişəm. Təəssüratlarım çox xoşdur. Paytaxt Bakını çox sevdim. Bura bir türk yurdudur".
A.Aras "Qarabağ"ın oyununa bilet aldığını da söyləyib: "Azarkeşlik etdiyim futbol komandalarından biri "Qarabağ", digəri isə "Traktor"dur. Amma bütün türk komandalarını dəstəkləyirəm. Oğlumla birlikdə "Qarabağ"ın Avropa liqasındakı matçlarını da seyr edirəm".
Türkiyəli qonaq Salihlinin təxminən 170 minlik bir qəsəbə olduğunu deyib və 3 tarixi abidə olduğunu vurğulayıb:
"Biri Türk Ocaqlarının Şəhidlər abidəsidir. Orada Qurtuluş savaşında, Çanaqqalada və PKK ilə savaşlarda şəhid düşənlərin adları əks olunmuş bölüm var. İkincisi, Türk Ocaqlarının yaranmasının yüz illiyinə həsr olunmuş və türk memarlığı ilə ərsəyə gətirilmiş çeşmədir. Üçüncüsü, isə Həmidiyyə məscidinin qarşısında Türk Ocaqları meydanıdır. 3 may türkçülük günündə həmin məkanlarda müxtəlif tədbirlər təşkil edirik. Salihlidən başqa heç bir şəhərdə Türk Ocaqları adına bu qədər məkan yoxdur".
Ziyarətin sonunda Adnan Aras Salihli Türk Ocaqlarının illik dərgisi olan "Üç Mayıs" jurnalının türkçülük gününə həsr olunmuş sayını, Ortaq Türk Əlifbasının əks olunduğu təqvimi də Akif Aşırlıya hədiyyə edib.
Akif Aşırlı da öz növbəsində Türk Ocaqları ilə bağlı çap etdirdiyi kitabları qonağa ərməğan edib.