Xüsusi nümayəndə: "Şərqi Zəngəzurda görüləcək işlər hər birimiz üçün çox şərəfli olacaq"

"Sizə dərin təşəkkürümü bildirirəm. İlk növbədə, göstərdiyiniz etimada görə təşəkkür edirəm və fəaliyyətimə verdiyiniz qiymət mənim üçün ən böyük şərəfdir".
"Report" xəbər verir ki, bu fikirləri Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

Vahid Hacıyev bildirib ki, bu ərazilərdə, Şərqi Zəngəzurda görüləcək işlər hər birimiz üçün çox şərəfli olacaq: "Yəni, Sizin rəhbərliyinizlə, Sizin tapşırdığınız prinsipləri əsas götürməklə biz sevimli Qarabağın inkişafı üçün əlimizdən gələni edəcəyik. Mən də bir qarabağlı olaraq bütün təcrübə və potensialımdan istifadə edib həmin ərazilərin inkişafı üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Cənab Prezident, Sizin kimi müdrik siyasi Liderin rəhbərliyi altında çalışmaq mənim üçün ən böyük şərəfdir. Yüksək etimadınıza görə Sizə bir daha dərin təşəkkürümü bildirmək istəyərdim".