Polkovnik: Ermənilər sentyabr ayını unuda bilmirlər

Ona görə bu ay boyunca mövqelərimiz davamlı atəşə tutulacaq, müəyyən təxribatlar olacaq
 
 
 Ermənistan növbəti dəfə Naxçıvan və Kəlbəcər istiqamətində hərbi təxribat törədib. Son günlər təxribatlar intensiv hal alıb. Ermənistan hazırda sülh müstəvisində olan danışıqları uzatmağa, qeyri-müəyyənlik yaratmağa çalışır. Burada kənar təsirlərin rolu da az deyil. Məqsəd mümkün qədər Azərbaycanı təxribata çəkib, vaxt qazanmaqdan ibarətdir. Ermənistanın son günlərdə davamlı silahlanması da təhlükələrdən xəbər verir. Ölkəyə Hindistandan və Fransadan ən yeni hərbi texnikalar daxil olmaqdadır. Fransanın 155 mm-lik “SEZAR” özüyeriyən artilleriya qurğuları və onların komponentləri, həmçinin tank əleyhinə raket sistemləri və “hava-hava” tipli raketlər son 3-4 həftə ərzində Ermənistana gətirilib. Hazırda Ermənistan ordusunda SEZAR özüyeriyən silahlarının bir diviziyası yerləşdirilib. Fransız silahları Orli hava limanından İranın Mehrabad hava limanına göndərilir. Oradan İranın Merage aviaşirkəti silahları birbaşa son təyinat yerinə - Ermənistana çatdırır. Bununla da, guya izi gizlətməyə çalışırlar. Həmçinin Fransa Ermənistan ordusunun sərəncamına onlarla R511 və R530 “hava-hava” tipli raketlər, 30 ERYX tank əleyhinə raketlər, onlarla Almaniya istehsalı olan DM32 qumbaraatanları, həmçinin “Panzerfaust” verilib. Ermənistan silahlı qüvvələrinə Fransa istehsalı olan 500-ə yaxın birdəfəlik "Apilas" reaktiv yaylım atəşi sistemləri və Amerikanın 50 ədəd BGM71-TOW tank əleyhinə raket kompleksləri verilib. Ermənistana, xüsusən şərti sərhədlərə daşınan yeni hərbi texnikalardan Azərbaycana qarşı təxribatlarda istifadə olunur. Maraqlı məqam odur ki, bir tərəfdən Ermənistan və Azərbaycan arasında sülh danışıqları davam etdirilir, sərhəd komissiyalarının Əsasnaməsi təsdiq olunur, Paşinyan və komandası hər səhər sülhdən dəm vurur, ancaq paralel olaraq şərti sərhədlərdə təxribatlar baş verir. Adətən də, İrəvan hökuməti hərbi müstəvidə yaşanan təxribatlara görə məsuliyyəti üzərinə götürmür.

 Ermənistanın təxribat cəhdlərini "Sherg.az”a təhlil edən ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib ki, Naxçıvan və Kəlbəcər istiqamətində mövqelərimizin atəşə məruz qalmasına görə bütün məsuliyyət İrəvan hökumətinin üzərinə düşür. Ekspertin sözlərinə görə, Ermənistan rəhbərliyi davamlı atəşkəs pozuntularına görə məsuliyyətdən boyun qaçıra bilməz: 

"Necə olur ki, Paşinyanın rəhbərlik etdiyi ölkənin ərazisindən, onun tabeliyində olan silahlı qüvvələrin mənsubları Azərbaycanın mövqelərini atəşə tutur, amma baş nazir bunu kənar qüvvələrin üzərinə atır. Düzdür, Ermənistanda kənar qüvvələrin müdaxiləsi, təhriki hər zaman olub və bu, qaçılmazdır. Çünki Ermənistan sərhədlərini Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları qoruyur. O zaman belə təəssürat yaranır ki, Naxçıvan və Kəlbəcər istiqamətində təxribata əl atanların arxasında Rusiya dayanır. Əgər atəşkəsi ermənilər pozmursa, deməli, ruslar pozurlar. Çünki gərginliyin qalması, tərəflərin sülhə yaxınlaşmaması indiki halda Moskvaya sərf edir. Məhz bu sayədə Rusiya rəhbərliyi və digər rəsmilər Azərbaycan-Ermənistan arasında vasitəçilik təklifi ilə çıxış edir. Rusiya fürsət düşən kimi üçtərəfli bəyanatın alternativinin olmadığını, tərəflərin həmin sənədin icrasında öhdəlik daşıdığını vurğulayır. Kremlin təşəbbüslərinə yaxın getməyən isə ilk növbədə Paşinyan hökumətidir. Baş nazir ötən gün Putinlə danışığında da deyib ki, İrəvan Bakı ilə ikitərəfli müzakirələrə üstünlük verir. Ermənistan rəhbərliyi özü də etiraf edir ki, orduda ona tabe olmayan pozucu qüvvələr var. Ancaq bu hal İrəvan hakimiyyətini məsuliyyətdən kənarda qoymur. Əgər Ermənistanın baş naziri Azərbaycanla sülh sazişindən danışır, tez zamanda müqavilənin imzalanmasını istəyirsə, ilk növbədə daxildəki qüvvələrə nəzarəti tam ələ almalıdır. Xatırlayırsızsa, ötən il Sərhəd Xidmətimizin mövqeləri atəşə tutulmuşdu. Azərbaycan tərəfi İrəvanın mövqeyini gözləmədən, təxribatçı bölmələri darmadağın etdi. O zaman Ermənistan rəhbərliyi söz vermişdi ki, bu cür məsələlər araşdırılacaq, təqsirkarlar məsuliyyətə cəlb olunacaq. Amma İrəvan sözündə durmadı".

 Ü.Cəfərov vurğulayıb ki, sentyabr ayı boyunca mövqelərimiz davamlı atəşə tutulacaq, müəyyən təxribatlar olacaq: 
"Çünki sentyabr ayı ermənilər üçün mənfi təəssüratlarla yadda qalıb, məhz həmin 4 il əvvəl həmin aydan etibarən erməni ordusu darmadağın edilib, biabırçı məğlubiyyətə düçar olub. Tərərflər arasında yaxınlaşmanı istəməyən bəzi dövlətlər də Ermənistanı aktiv şəkildə silahlandırır, onlara lobbi dəstəyi verir, erməniləri təxribatlara təhrik edirlər. Paşinyan üçün çox çətindir və baş nazir ölkə daxilində ciddi problemlərlə üz-üzədir. Hökumət proseslərə nəzarət edə bilmir. Çıxış yolu, axara düşmək yox, əksinə, mövcud problemləri bir-bir həll etmək, təxribatları cəzalandırmaqdır. Əks halda Azərbaycan Ordusunun təxribatlara cavabı çox sərt formada ola bilər. Bunun anonsu artıq verilib. 30 il Azərbaycan torpaqlarını işğalda saxlamış, ərazilərimizə və bir milyon insanımıza ciddi ziyan vurmuş Ermənistan buna görə üzr istəmək və təzminat ödəmək əvəzinə silahlanır və təxribatlara əl atır. Ermənistanda arxayınlıq var, çünki yaxşı bilirlər ki, beynəlxalq ədalət və hüquq işləmir, suçluları cəzalandırmır. Bunu Rusiya-Ukrayna müharibəsində, İsrail-HƏMAS savaşında da gördük. Ermənistan da bu vəziyyətdən maksimum faydalanmağa, öz maraqlarını təmin etməyə çalışır".