“Erməni quldurlar azərbaycanlılardan insan alverində istifadə ediblər”

“Amma Avropada, beynəlxalq tribunalarda bunlarla bağlı heç nə səsləndirilmir. Bu gün çox çətin proseslər gedir”

Dünən Mlli Məclisin yaz sessiyası çərçivəsində növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə 22 məsələ daxil edilib. Deputat gündəliklə yanaşı cari məsələlərlə bağlı da çıxışlar edərək, mövcud problemləri gündəmə gətirib və təkliflər səsləndiriblər. İclas zamanı İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı da müzakirə edilib. Məlumatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edib. 

Qeyd edilib ki, 2021-ci ildə 95 nəfər insan alveri qurbanı müəyyən edilib. Nəzərə çatdırılıb ki, ötən il uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq aşkarlanıb. Qeyd edilən şəxslər də daxil olmaqla övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 75 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb. Deputatların müzakirəsindən sonra İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı səsə qoyularaq bir oxunuşda qəbul edilib.

“Suriyadan qaytarılan qadın və uşaqların gələcəyi üçün hansı işlər görüləcək?”

Milli Məclisin iclasında çıxış edən deputat Arzu Nağıyev deyib ki, təmsil etdiyi Tovuz-Gədəbəy bölgəsində İŞİD-in tərkibində, Suriyada vuruşanlar olub. Deputat bildirib ki, 286 nəfər Azərbaycana qaytarılıb: “Bunların çox hissəsi qadınlar və uşaqlardır. Bu qadınlar başqa insanlarla nikaha daxil olmağa məcbur qalırlar. Mən bilmək istəyirəm ki, bunların gələcəyi üçün hansı işlər görüləcək?”.
 
“Şirnikləndirici iş elanları araşdırılmalıdır”

Millət vəkili Azay Quliyev deyib ki, bu gün görülən işlər arasında insan alveri qurbanları üçün həyata keçirilən tədbirlər nəzərəçarpacaq dərəcədədir. Deputat bildirib ki, bəzi ölkələrdə insan alverinə qarşı nəinki mübarizə aparılmır, həm də bu, dövlət orqanları tərəfindən dəstəklənir: “Necə ola bilər ki, Azərbaycan ABŞ-ın İnsan alveri ilə bağlı hesabatında həmin ölkələrlə eyni sırada verilir?! ABŞ-ın media azadlığı ilə bağlı hesabatında da Azərbaycana qarşı bu cür mövqedən çıxış edilmişdi”. A.Quliyev qeyd edib ki, insan alveri cinayətləri bəzən internet üzərindən həyata keçirilir: “Vətəndaşlar çox zaman internetdən bu kimi elanlara aldanırlar. Eyni zamanda şirnikləndirici iş elanları da araşdırılmalıdır”.

“Azərbaycanın Zəfəri insan alveriylə mübarizəyə böyük töhfə verib”

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, sürətlə böyüyən bu gəlirli qlobal cinayətin illik dövriyyəsi 150 milyard dollar təşkil edir. Onun sözlərinə görə, BMT dünyada insan alverinin son 13 ildə rekord həddə yüksəlməsini qeydə alıb: “BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin son hesabatına görə, dünyada müəyyən edilmiş hər 10 qurbana təxminən 5 qadın və 2 qız düşür. Cinsi istismar insan alverinin ən çox müəyyən edilmiş forması olaraq qalır. Ümumilikdə müəyyən edilmiş qurbanların 50 faizindən çoxu cinsi istismar məqsədi ilə insan alverinə məruz qalıb. Hətta qlobal pandemiya zamanı insan alveri nəinki azalmayıb, əksinə, onun yeni trendi - “online, kiber insan alveri” sürətlə inkişaf edib. Bura insan alverini həyata keçirən qrupların maddi sıxıntı yaşayan ailələri hədəfə alması, işə götürmək adı ilə saxta təklifləri və s. əlavə olunub. Bu da insan alverinə qarşı yeni qlobal səyləri ortaya qoymağı tələb edir”.

Parlamentin komitə sədri qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərlə Azərbaycan yalnız haqq-ədaləti bərpa etməyib: “Azərbaycan həm də nəinki regionda, bütövlükdə dünyada insan alveri bəlasına qarşı mübarizəyə böyük töhfə verib. 30 il boyunca qanunsuz məskunlaşma, qaçaqmalçılıq və s. transmilli cinayətlərin “boz zonasına” çevrildiyi Qarabağ torpağının azad olunması dünyada insan alverinə qarşı mübarizəyə dövlətimizin töhfəsidir”

“Erməni quldurlar itkin düşmüş azərbaycanlılardan insan alverində istifadə edib”

Deputat Siyavuş Novruzov bəyan edib ki, insan alveri cinayətlərinin artması dünyada baş verən proseslərlə də bağlıdır: “Hər bir vətəndaş bununla mübarizəyə öz töhfəsini verməlidir. ABŞ Dövlət Departamenti 10 il əvvəlki hesabatını hər il yenidən verir. Antimilli Şuranın donosları ilə yazılan bu hesabatlarda heç Avropada baş verən problemlər yer almır. 

I Qarabağ müharibəsində 4000-ə yaxın azərbaycanlının itkin düşməsi niyə araşdırılmır? İndi kütləvi məzarlıqlar aşkarlanır. Əminəm ki, itkin düşən 4000-dək azərbaycanlının bəzisi erməni quldurlar tərəfindən insan alverində istifadə edilib. Amma Avropada, beynəlxalq tribunalarda bunlarla bağlı heç nə səsləndirilmir. Bu gün çox çətin proseslər gedir. Biz var qüvvəmizlə çalışmalıyıq ki, bu səpkili işlərə qarşı mübarizə aparaq. Bunun üçün dəqiq qeydiyyat işlərinə fikir verməliyik. Ölkəyə daxil olan miqrantlar, ölkənin özünün daxilində regionlardan şəhərə gələn insanlar bəzi hallarda insan alverinin qurbanına çevrilirlər”.

“Valideynlərin azyaşlı qızları ailə qurmağa məcbur etməsi faktları var” 

Deputat Kamilə Əliyeva deyib ki, ölkəmizdə azyaşlı qızların valideynləri tərəfindən ailə qurmağa məcbur edilməsi faktları var: “Bu və buna oxşar hadisələr insan alveri cinayəti kimi qeydə alınsa, yaxşı olar. Bunun mümkün olub-olmamasını Seyfulla müəllimdən soruşmaq istəyirəm”. 

“Amma hesabatda bəzi ziddiyyətli məqamlar var”

Deputat Elman Nəsirov internetdə insan alveriylə məşğul olanların aqibəti ilə maraqlanıb: “Dünyada insan alverinə qarşı mübarizədə müsbət nəticə əldə etmək bəlkə də mümkün deyil. Bu, Azərbaycanda belə deyil. Azərbaycanda 2021-ci ildə qanunazidd bu fəaliyyət əsasən internet üzərindən həyata keçirilib. Bu sahənin cinayətkarları müasir texnologiyadan istifadə ediblər. Amma hesabatda bəzi ziddiyyətli məqamlar var. Çünki hesabatda internet üzərindən insan alveri ilə məşğul olanlarla bağlı cinayət işi açılması əksini tapmayıb”.