1 iyun - yoxsa OYUN!

Biz deyirdik ki, "qoy həmişə günəş olsun!"

Amma məqsədli sülh dəllalları, uşaq mahnılarına biganə olan kəslər fidanlar üçün dumanlı gələcək qurdular

   Uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Uşaqlara qayğı, onların hüquqlarının qorunması istiqamətində hər birimiz uşaqların hərtərəfli böyüdülməsi üçün səy göstərməli, əlimizdən gələni əsirgəməməliyik ki, gələcəyimiz olan uşaqlar  xoşbəxt və qayğısız böyüsünlər.  

Nə yaxşı ki, ölkəmizdə də uşaq hüquqlarının qorunması prioritet məsələlər sırasındadır. 1İyun tarixinin Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi  xüsusi qeyd olunması da  uşaqlara beynəlxalq səviyyədə diqqətin bariz nümunəsidir. Dövlətimiz  hər zaman uşaqlara böyük qayğı ilə yanaşır, onların sağlam böyümələri üçün zəruri addımlar atır. 

Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir.  Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun (1998-ci il 19 may)  və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.

Qeyd edək ki,  1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün  qeyd olunması qərara alınıb. 

Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
Uşaqlar günü münasibəti ilə hər il İyunun 1- də ölkədə  bayram əhval-ruhiyyəsi yaşanır. Ölkənin bütün ümumtəhsil müəssisələri, uşaq bağçaları, parklarda uşaqlar üçün müxtəlif əyləncəli tədbirlər, bayram şənlikləri keçirilir. Uşaqlar gününün  ab-havası sosial şəbəkələrdən də yan keçməyib. Əksəriyyət  şəxsi hesablarında uşaqlar günü ilə bağlı öz arzu və tövsiyələrini  dilə gətirib.  Uşaqlar bizim gələcəyimizdir! Gələcəyimizin müdafiəsi uşaqların müdafiəsindən başlayır. Gəlin, gələcəyimizi müdafiə edək!

Millət vəkili Azər Badamovun fikrincə, uşaqlar günahsız mələklərdir. Amma çox təəssüf ki, dünyada baş verən müharibələr və özbaşınalıqlar nəticəsində heç bir günahı olmayan  milyonlarla uşaq əziyyət çəkir və ya  dünyasını dəyişir:

 “O cümlədən çox təəssüf ki, ölkəmizdə də baş vermiş  I Qarabağ müharibəsində 71 uşaq itkin düşüb, 224 uşaq erməni girovluğundan azad edilib. II Qarabağ müharibəsi zamanı da  düşməni mülki insanların yaşadıqları yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində   onlarla uşağımız erməni terrorunun qurbanına çevrilib. Uşaqlar dünyanın gələcəyidir. Çünki uşaqların sağlam və tərbiyəli böyüməsi gələcəyimizi düşünən  layiqli vətəndaşlarımızın yetişməsi deməkdir. Uşaqların Beynəlxalq Müdafiəsi Günü 1 iyun olsa da cəmiyyət uşaqları hər gün müdafiə etməlidir. Qoy yer üzündəki bütün uşaqlar  sağlam və xoşbəxt olsun!”.

Jurnalist  Xəqani Səfəroğlu “Günəşi uşaqlardan gizlədənlər” başlıqlı postunda çox maraqlı məqamlara toxunub: 

“Viktor Hüqo “Dünyada körpə qığıltısından təntənəli himn yoxdur” deyib. Doğrudan da keçmişlə gələcəyimizi bağlayan uşaqlar bizə dünyanın ən sevincli və bəxtəvər hisslərini yaşadan kəslərdir. Hər il 1 İyunu Uşaqların Müdafiə günü kimi qeyd edirik. Pafosu kənara qoysaq, sual edə bilərik - Bu gün biz uşaqları müdafiə edə bilirikmi? Çətin sualdır… Biz onlar üçün təhlükəli bir dünya qurmuşuq. Son yüz ilin ən böyük problemi uşaqlar və onların təhlükəsizliyi olub desək, yəqin ki, yanılmarıq.

“100 illiyin fotosu” müsabiqəsi arasında məşhur bir şəkil var – Vyetnam müharibəsinə həsr olunub. Bomba partlayışı fonunda ağlaya-ağlaya qaçışan bir dəstə yarıçılpaq vyetnamlı uşaq… Qabaqda qaçan qızcığazın dəhşətdən və qorxudan əyilmiş üzü müharibənin apaydın tablosudur. 70-ci illərdə çəkilmiş bu şəklin sərt gerçəkliyi XXI yüzilin əvvəlində də aktuallığını saxlayır. Həmin qızın indi 40-dan yuxarı yaşı var. Amma təhlükəsiz dünya hələ də arzu olaraq qalır.

Qura bilmirik onu!

…Qəribədir – müharibə baiskarlarının, qlobal silah alverçilərinin arxasında gizləndikləri bir təbəssüm var – körpə təbəssümü. Onların siyasi hikkələrinin qurbanına çevrilən bu təbəssüm saxtadır. Bu güclərin saxta sülh arzuları qədər… Çünki vacib olan məsələ sülh arzusunun qondarma “…izmlər” altında qalmamasıdır. Mən həmişə saf uşaq arzularından məqsədli şəkildə istifadə edənlərə nifrət etmişəm. Onların süniliyi həmişə insanları çaşdırıb. Saf körpə təbəssümünün kölgəsi altında idbar əməllərini davam etdirən siyasi dəllallar həmişə ikrah doğurub.

…Dünya köhnə dünya olsa da, uşaqların təmiz təbəssümü ilə süslənmiş dünyaya çevrilə bilmir. Çünki dünyanı qanla çalxalayan böyüklər bir zaman uşaq olduqlarını unudublar.

Uşaq mahnılarına fikir vermisiniz? Sözləri necə sadə, təmiz, süd qoxulu olur… “Qoy həmişə günəş olsun, qoy həmişə anam olsun!”…

Günəşi uşaqlardan gizlətməyə çalışanlar həmişə uşaq mahnılarına biganə olublar… Dünyamız üçün bütün qorxu və təhlükə bu biganələrdən törənir.

“… Uşaqlar bizim gələcəyimizdir” – bu günün ən şablon və yaddaqalan şüarı bəlkə də budur. Amma bu gələcək gəlməyə də bilər. Məqsədli sülh dəllalları, uşaq mahnılarına biganə olan kəslər, günəşi gizlədənlər nə qədər ki, öndədir, bu gələcək o qədər dumanlı olacaq.

…Kecmişini arxada qoyan kəslər gələcəklərini bu gün qurmalı və onu qorumağı bacarmalıdır. Yoxsa günlərin birində “təntənəli himn” bizim üçün “matəm marşına” çevriləcək! Bu dünyada isə körpə təbəssümünü itirməkdən böyük ağrı ola bilməz…”

Gənc tarixçi-araşdırmaçı Şəhla Cabbarlı isə hesab edir ki, uşaqlarımızı müdafiə etmək istəyiriksə,  ilk öncə onlara özlərini müdafiə etməyi öyrətməliyik.  Uşaqda özgüvən, özünü tanıma hissləri yaratmalıyıq. 
Uşaqlara sual vermək, düşünməyi öyrətməliyik. Hər şeylə maraqlansınlar, cavab axtarsınlar, araşdırsınlar. 
Uşaq öz kimliyini, hardan gəldiyini,  ondan öncəkilərin yaşamını, dünyada baş verənləri, gələcəkdə sülh və sağlam həyat olması üçün nələr edə biləcəyini düşünsün.  Bu, onları yükləmək deyil, yetişdirməkdir. Marağı olmasa, yüklənəcək. Amma hər şey maraqlı  anladılarsa, daim axtarışda olacaq. 
Bütün bunlar uşaqların özlərini və özlərindən sonra gələn uşaqları müdaifə etmək məsuliyyəti yaradır. Uşaq əylənməlidir, istirahət etməlidir, uşağı ailə problemləri ilə yükləyib, həvəsdən salmaq olmaz. Ən əsası isə uşaqlara dövlət qayğısı olmalıdır...  Hüquqlarının qorunması ilə yanaşı maddi təminatları da nəzarətə alınmalıdır. Uşaqpulları verilməlidir!

Qida eksperti Ağa Salamov:

- 1 İyun uşaqların bayramıdır. Saf qəlbli və dünyaya gələn bu mələk balaları tək bu gün deyil, hər gün əzizləmək və qayğı göstərmək bizim borcumuzdur. Ancaq bu qayğı və sevgi təkcə xoş sözlərdən, bağrımıza basmaqdan ibarət deyil: 

“Uşaqları və ümumiyyətlə gələcəyi qorumaq üçün onların sağlamlığı da diqqət mərkəzində olmalıdır. Bunun üçün təbii ki, valideynlərin də boynuna ağır yük düşür. Sağlam qidalanan uşaqlar gələcəkdə xəstəliklər ilə üz-üzə ən az risk altında olan uşaqlardır. Bunun üçün faydalı karbohidratlar, zülallar, vitaminlər, sular, minerallar istehlak olunması və gündəlik qida rasionuna diqqəti artırmaq da vacibdir. Nəinki boş karbohidratlardan ibarət olan qidalar, kimyəvi qatqılar ilə zəngin olan zülallar, ph dərəcəsi aşağı olan sular, süfrə duzu və s. 
Əziz valideynlər, siz eyni zamanda uşaq bağçası və müxtəlif təhsil ocaqlarında da uşaqlarınızın sağlam qidalanmasına tam əmin olmalısınız. 

Politoloq Yeganə Hacıyeva isə hesab edir ki, 1 İyun təkcə uşaqların yox, uşaq ruhlu böyüklərin də bayramıdır:  “Hamının içində bir balaca uşaq var. 

Kimisində  vaxtından çox tez böyüyən, kimisində heç böyüməyən … Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirəm.

Hər zaman üzünüz gülsün, əziz uşaqlar!”.

P.S.!
Uşaqların Beynəlxalq Müdafiəsi Günü 1 iyun olsa da cəmiyyət uşaqları hər gün müdafiə etməlidir. Qoy yer üzündəki bütün uşaqlar  sağlam və xoşbəxt olsun!