Nəsir müəllim tanrının ona yazdığı 80 illik ömrü ədalətlə, vicdanla yaşadı
Bütün fakültə isə onu sadəliyin zirvəsi, insanlığın simvolu, şərəfin və ləyaqətin güzgüsü kimi görür, ədalət mücəssəməsi kimi tanıyırdı
“Tanrı insanı yaradarkən ona müəyyən missiya tapşırır, həmin missiyanı yerinə yetirəcək qədər ömür və enerji verir”. Bu sözləri hələ 5 il əvvəl “Şərq” qəzetinə müsahibəsində professor Nəsir Əhmədli demişdi. Sözsüz ki, qocaman ustadımız tanrının ona 80 il ömür yazdığını bilmirdi. Hələ jurnalistikaya dair arzuları, görəcəyi işləri çox idi. Əks halda Tanrıya xitabən
“Əlimdə yarımçıq işlərim qalıb,
Gözlə, gələcəyəm qurtaran kimi" şeirini yazmazdı.
Nəsir müəllim ədalətli və vicdanlı müəllim obrazı ilə tələbələrinin, ümumilikdə cəmiyyətin xüsusi sevgisini, rəğbətini qazanmış dəyərli aydınlarımızdan biri idi.
N.Əhmədli həm də Azərbaycan ədəbi dilinin saflığını, düzgünlüyünü qoruyan dil normalarının keşikçilərindən, dilimizi ən xırda incəliklərinə qədər bilən çox az saylı alimlərimizdən idi.
Dilimizi yad təsirlərdən təmizləmək üçün gecə-gündüz çalışır, yazılışında və tələffüzündə səhvlik olan sözlərin düzgün variantını göstərirdi. Amma ömrü vəfa etmədi!
Kimin Nəsirgilə düşərsə yolu,
Doğma kəndi bilsin qoy Alakolu...
deyən ustadımız ömrünün 80-ci baharında doğma Alakolunda haqq dünyasına qovuşub.
Nəsir Əhmədli bu gün mətbuatda əli qələm tutan çox sayda jurnalistlərin müəllimi olub. O, sözün həqiqi mənasında öz peşəsini sevən, sevdirən və yaşadığımız zamanın ruhunu cilalayan bir ustad idi. Fakültədə Nəsir müəllimi hamı sevir, bir ağsaqqal kimi ona hörmət edirdi.
Saza-sözə bağlı olan Nəsir müəllim dərs fasilələrində tələbələri ilə zarafatlaşmağı da unutmurdu. Bəlkə də buna görədir ki, nə vaxt adı çəkilsə, vaxtilə onun tələbəsi olmuş həmkarlarımızın əksəriyyətinin üz-gözündə xoş ifadələr yaranır.
O, tələbələrlə söhbətlərində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini halallıq məktəbi adlandırırdı. Bütün fakültə isə onu sadəliyin zirvəsi, insanlığın simvolu, şərəfin və ləyaqətin güzgüsü kimi görür, ədalət mücəssəməsi kimi tanıyırdı.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, Əməkdar jurnalist Nəsir Əhmədli uzun sürən ağır xəstəlikdən sonra iyunun 7-də dünyasını dəyişib. Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli 01 iyul 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1959-cu ildə həmin kənddə orta məktəbi bitirib. 1962-1965-ci illərdə hərbi xidmətdə olub. 1971-ci ildə BDU-nun Jurnalistika fakültəsini bitirib. 1981-ci ildə "Sovet gerçəkliyi və xarici publisistikada onun inikası (Sovet Azərbaycanı haqqında 1966-1975-ci illərdə dərc olunmuş materiallar əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
2007-ci ildə "Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Müxtəlif illərdə V.Sturua adına Bakı Gəmi Təmiri Zavodunda, Azərbaycan Dövlət Televiziyasında çalışıb.
2004-cü ildən "Beynəlxalq jurnalistika" kafedrasında çalışır. Tədris etdiyi fənlər: "Jurnalistin nitq mədəniyyəti", "Azərbaycan Beynəlxalq Radiosu: tarix və ənənə", "Xüsusi kurs", "KİV xaricə siyasi informasiya yayımı sistemində".
100-ə yaxın məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, bütövlükdə 12 kitabın müəllifidir. 5 elmlər namizədinə rəhbərlik edib, 1 elmlər doktorunun, 20-yə yaxın elmlər namizədinin rəsmi opponenti olub. Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlayıb, bu sahədə fəaliyyət göstərən 6 qanun aşkarlayıb. "Media açarı-2006"-ya, Ali Media Mükafatına, müxtəlif diplom və Fəxri fərmanlara layiq görülüb.
Moskvada, Bakıda, Almatıda, Tbilisidə, Ufada, Sankt-Peterburqda, Lüblində konfranslarda iştirak edib. Məruzələri xaricdə nüfuzlu elmi jurnallarda dərc olunub. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin, Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvüdür.
N.Əhmədlinin ölümü bütün media cameəsi və tələbələri üçün ağır itkidir. Onun ölüm xəbərini eşidən hər kəs sosial şəbəkə vasitəsilə ustadı anıb, ona Allahdan rəhmət diləyib.
“525-ci qəzet"in redaktoru Yusif Rzayev:
- Nəsir müəllimi - təkcə pedaqoq məqamı ilə yox, həyatı, əxlaqı ilə də örnək xocamızı, abırlı söz ustasını itirdik.
Jurnalist Qabil Abbasoğlu:
- Bir-birimizə "atam oğlu" deyirdik. Atalarımız adaş idi, ondan. Yaş fərqini mən qorusam da, o hiss etdirmirdi, tay-tuş kimi davranırdı. İndi yoxdur... Yeri boş qalan adam. Müəllim. İnsan. Dost. Əlvida, əziz Nəsir Əhmədli ...
Şair-yazıçı Əkbər Qoşalı isə yazıb ki, ustad Nəsir Əhmədli haqqa yürüdü... Tanrı qatında yeri uca olsun. Ocağı sönməsin!
Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının dosenti Pərvanə İbrahimova isə Nəsir müəllimi “Salamat qal” şeiri ilə xatırlayıb:
Sona çatdı əzəl dünyam,
Özəl ömrüm, özəl dünyam.
Salamat qal, gözəl dünyam,
Bəlkə bir də var olmadım.
Məkanınız cənnət olsun, Ustad!
Aydınlar Partiyasının sədr müavini Qorxmaz İbrahimli isə deyib ki, millətimizin daha bir dəyərli aydınını, sevimli müəllimimizi və əziz dostumuzu itirdik:
“Nəsir müəllim də gedişində yeri boş galacaq, görünəcək kişilərdən idi. Bərabər çox gözəl günlərimiz olub, bu sevimli insanla. Özündən gənclərlə dostluğu bir ayrı kef verirdi ona. Biz sizi hər zaman sayğı, sevgi və rəhmətlə anacağıq, Nəsir bəy. Nur içində yatın!”.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı:
- Mən "Jurnalistika" fakültəsini oxumamışam. Amma jurnalist işlədiyim dövrdən "Jurnalistika"nın müəllimlərinin böyük əksəriyyəti ilə ünsiyyətdə olmuşam. Onlardan dəyərli məsləhətlər almışam. Başqa bir universitetdə praktiki jurnalistikadan dərs dediyim dönəmlərdə də mənə dəstəkləri böyük olub. Müəllim insanın ən böyük dostudu. Çünki kitabı da, gələcəyə görünən işıqlı yolu da müəllimdən başqa heç kim sənə öyrədə bilməz. Nəsir müəllim, tək jurnalistikada oxuyan həmkarlarım üçün yox, mənim kimi başqa təhsildən gələn və öyrənmək istəyən jurnalistlər üçün gözəl məsləhətçi və müəllim idi. Məkanı cənnət olsun!”.
BDU-nun Jurnalistika fakültəsinin müəllimi Nəmənd Rüstəmov:
“Əlvida ustad... Dilimizin nəzəri-praktik incəliklərinin mahir bilicisi, jurnalistika fakültəsinin istinadgah və sütunlarından biri Nəsir Əhmədlinin üzücü xəstəlikdən sonra vəfatı elmi-pedaqoji cameəmiz üçün ciddi itkidir. Allah rəhmət eləsin!”.
“Demokratik Azərbaycan Naminə" İctimai Birliyinin sədri Elməddin Behbudun sözlərinə görə, cəmiyyət üçün faydalı ömür sürdü, gözü-könülü tox, ləyaqətlə yaşadı. Yalnız pedaqoq kimi deyil, həm də əxlaqı ilə nümunə oldu. Elmimiz və jurnalistikamız üçün ağır itkidir! Ruhunuz şad olsun, Nəsir müəllim!
Yazıçı-jurnalist İlqar Rəsul isə yazıb ki, hər kəsin yoxluğu varlığı qədər olur. Nəsir müəllim çox böyük yoxluq yaratdı:
“Bəzən istəyirsən, küçəyə çıxıb ürəkdən ağlayasan. Sonra düşünürsən ki, yox, olmaz, ağlasan, hamı soruşacaq, nə olub? Və sən əslində nə baş verdiyini heç cür izah edə bilməyəcəksən...”
P.S. “Şərq” qəzetinin rəhbərliyi və kollektivi dəyərli müəllimimiz Nəsir Əhmədliyə Allahdan rəhmət diləyir! Ruhu şad olsun!