Qoşulmama Hərəkatı qlobal miqyasda proseslərə təsir gücünü artıracaq - Şərh

  Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı bir sıra mühüm məqamlara toxundu. Ölkə rəhbərinin qurumla bağlı bəyanları və təklifləri çox önəmli idi. Dövlət başçısı bildirdi ki, Qoşulmama Hərəkatının institusional inkişafı üçün praktiki addımlar atılmasının vaxtıdır. Prezidentin sözlərinə görə, bu, ölkələr arasında həmrəyliyi gücləndirəcək:

 “Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq institutdur və əlbəttə, biz hamımız istəyirik ki, səsimiz qlobal miqyasda eşidilsin. Parlament Şəbəkəsi bizim irəli sürdüyümüz və sizin dəstəyinizi qazanan yeganə təşəbbüsümüz deyil, digər vacib təşəbbüs də Gənclər Şəbəkəsidir. Gələn ay biz Bakıda digər vacib tədbiri – Qoşulmama Hərəkatının Gənclər Sammitini keçirəcəyik. Bunlar institusional inkişaf istiqamətində atılan addımlardır. Düşünürəm ki, bu istiqamətdə praktiki addımlar atılmasının vaxtıdır. Azərbaycanın irəli sürdüyü və üzv ölkələrin dəstəklədiyi digər təşəbbüs Qoşulmama Hərəkatının Nyu-Yorkda dəstək ofisinin açılmasıdır”.  
 Dövlət başçısı əlavə edib ki, Qoşulmama Hərəkatındakı dostlarımız Azərbaycana qarşı təxribatların qarşısını aldılar. Bəzi ölkələrin Azərbaycana qarşı kampaniya apardıqlarını, iftiralar atdıqlarını təəssüflə qeyd edən Prezident deyib ki, bu, təkcə sözlərlə ifadə olunan kampaniya və ittihamlar deyildi, özünü başqa şəkildə də göstərirdi: “Bəzi ölkələr bu barədə BMT Təhlükəsizlik Şurasında məsələ qaldırmışdılar. Lakin bizim Qoşulmama Hərəkatında olan dostlarımız bu cəhdin qarşısını aldılar. Beləliklə, Ermənistanın beynəlxalq səviyyədə Azərbaycana qarşı təxribatlarının qarşısı alındı”. 
Dövlət başçısının toxunduğu məqamları “Şərq”ə dəyərləndirən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, Bakıda Qoşulmama Hərəkatının həm Parlament Şəbəkəsinin təsis edilməsi, həm də konfransının keçirilməsi günə öz damğasını vurdu. Partiya rəhbərinin sözlərinə görə, istər şəbəkənin yaradılması, istərsə də Bakı konfransının keçirilməsi təşəbbüsü şübhəsiz ki, Azərbaycan Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevə məxsusdur:

 “Bu hadisə beynəlxalq münasibətlər sisteminə yeni nəfəs, dinamika gətirə biləcək potensiala malik siyasi-diplomatik hadisədir. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin məhz Bakıda yaradılmasına sıradan bir hadisə kimi baxmaq olmaz. Bu, qlobal əhəmiyyəti olan bir addımdır. Belə bir şəbəkənin yaradılması beynəlxalq proseslərdə həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində əlavə bir addım ola, güclü təsir vasitəsinə və ədalətin müdafiəsi mexanizminə çevrilə bilər. İyunun 30-na, Beynəlxalq Parlamentarizm Gününə təsadüf edən Bakı konfransı və sözügedən şəbəkənin yaradılması təkcə Hərəkata üzv olan ölkələrin parlamentlərarası əlaqələrinin möhkəmlənməsinə xidmət etməyəcək. Həm də Hərəkatın qlobal miqyasda proseslərə təsir gücünü daha da artıracaq. Prezidentin toxunduğu iki məqam hazırda ölkəmiz və dünya birliyi üçün xüsusilə önəmlidir. Birinci məqam ATƏT-in Minsk qrupunun bundan sonrakı mövcudluğuna zərurətin olub-olmaması ilə bağlıdır. Dövlət başçısı çıxışında 44 günlük İkinci Qarabağ müharibəsi dönəmində ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumlarına mane olan, BMT Təhlükəsizlik Şurasında anti-Azərbaycan mahiyyətli bəyanatı bloklayan Qoşulmama Hərəkatında təmsil olunan dost ölkələrə bu həmrəyliyə görə minnətdarlığını bildirdi. Qeyd etdi ki, biz uzun illər boyu, təqribən 30 il ərzində gözləyirdik ki, beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala son qoyulmasına yardım edəcək. ATƏT-in 1992-ci ildə təsis etdiyi Minsk qrupu münaqişənin həll yolunu tapacaq və beləliklə, torpaqlarımızın işğalına son qoyulacaq. Lakin biz bunun tam əksinə olan bir münasibətlə üzləşdik. Təəssüf ki, haqq və ədalətin bərpası üçün məsuliyyət daşıyan Minsk qrupu bu münaqişənin əbədi davam etməsini istəyənlərin əlində alətə çevrildi. Həmsədrlər ədalət prinsipinə xəyanət etdilər. Ona görə də Azərbaycan tarixi ədaləti təkbaşına bərpa etməli oldu”. 

  Ə.Hüseynov vurğulayıb ki, ölkə rəhbəri İlham Əliyev birmənalı surətdə Minsk qrupuna ehtiyac olmadığını qeyd etdi: 

“Biz Minsk qrupuna artıq “əlvida” demişik. Ermənistan və ona havadarlıq edən bəzi ölkələrin indi bədnam Minsk qrupunu həyata qaytarmağa çalışması həm mümkünsüzdür, həm də bu cəhdlər tamamilə absurddur. Çünki Azərbaycan Prezidentinin də vurğuladığı kimi Minsk qrupu artıq “ölüb”. Onu reanimasiya etmək, yenidən “diriltmək” cəhdləri Don Kixotun yel dəyirmanı ilə səmərəsiz mübarizəsinə bənzəyir. Paşinyan və onun havadarları Don Kixotluqdan əl çəkməlidirlər. Dövlət başçımız haqlı olaraq qeyd etdi ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır. Eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir. Kim bunun əksinə cəhd göstərirsə və hansı qüvvələr Minsk qrupunun aktivləşdirilməsinə çalışırsa, demək ki, həmin qüvvələr hazırda Cənubi Qafqazda qalıcı sülhün bərqərar olunmasında maraqlı deyil. Bu baxımdan, İlham Əliyevin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında bəyan etdiyi qəti mövqe Minsk qrupu ilə bağlı spekulyativ söz-söhbətlərə birdəfəlik nöqtə qoydu”.

Politoloq qeyd edib ki, Prezidentin çıxışında vurğulanan ikinci mühüm məqam isə BMT-nin və onun Təhlükəsizlik Şurası çərçivəsində islahatların aparılması məsələsinin gündəmə gətirilməsidir:

 “Qoşulmama Hərəkatının dönəm sədri kimi belə bir təşəbbüsün məhz Azərbaycan tərəfindən gündəmə gətirilməsi çox ciddi hadisədir. Çünki Azərbaycan uzun illər boyu BMT və digər beynəlxalq təşkilatlar tərəfindən yürüdülən “ikili standart”lar siyasətindən əziyyət çəkib. İlham Əliyev vurğuladı ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni qoşunlarının bizim ərazimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Sual olunur ki, niyə bu qətnamələr icra edilmədi? Buna cavab verə bilən yoxdur və ya cavab vermək istəmir. Növbəti sual ondan ibarətdir ki, niyə BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün içərisində icra olunur, bizə gəldikdə onlar 28 il ərzində kağız üzərində qalır? Bax, bu suallara nə BMT səviyyəsində, nədəki digər müstəvilərdə heç kim cavab verə bilmir, yadaki vermək istəmir. Çünki onlar özləri də bu həqiqəti yaxşı bilirlər ki, Azərbaycana münasibətdə həqiqətən də ədalətsizliyə yol verilib. Əgər ordumuz 44 günlük müharibə nəticəsində torpaqlarımızı işğaldan azad etməsə idi, BMT-nin məlum qətnamələri  yəqin ki, bundan sonra da uzun illər ərzində kağız üzərində qalacaqdı. Ona görə də Azərbaycanın BMT-nin və onun Təhlükəsizlik Şurası çərçivəsində islahatların aparılması məsələsini gündəmə gətirməyə tam haqqı çatır. Doğrudan da, əgər qətnamələr icra edilmirsə, onları qəbul etməyin nə mənası var? Və yaxud, öz qətnamələrinin icrasına səy göstərməyən və bununla da öz etibarını, nüfuzunu zərbə altında qoyan bir təşkilat nəyə görə əvvəlki qaydada fəaliyyət göstərməlidir? BMT həqiqətən də dünya miqyasında ədalətin, beynəlxalq hüququn təmin olunmasında maraqlıdırsa, mütləq islahatlara getməlidir. Azərbaycan bu islahatların tərəfdarıdır. Rəsmi Bakı hesab edir ki, bu, Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində müzakirə olunmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin siyasi üstünlük əsasında icra edilməsinə son qoyulmalıdır. Qoşulmama Hərəkatını sözün yaxşı mənasında, BMT-nin potensial rəqibinə çevirmək lazımdır. Hansı münaqişəni BMT həll edə bilmirsə, orda məhz Qoşulmama Hərəkatı öz sözünü mütləq deməlidir. Dövlət başçımızın da qeyd etdiyi kimi Qoşulmama Hərəkatı problemlərin həlli yolunu tapmaq üçün platforma ola bilər. Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının institusional inkişafına və onun növbəti mərhələdə hərəkatdan təşkilata çevrilməsinə yönəlik hədəfləri həqiqətən də təqdirəlayiqdir”.