Türkiyə bacardı:Ərdoğanın israrı ilə dünyanı sevindirən xəbər gəldi

Ukrayna taxılının Qara dənizdən təhlükəsiz ixracı təmin olunacaq

  Türkiyə, Ukrayna və Rusiya nümayəndələri arasında Ukraynadan taxıl ixracına dair saziş imzalanıb. İmzalanma mərasimi İstanbulda keçirilib. Sazişi Türkiyənin Milli müdafiə naziri Hulusi Akar, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu və Ukraynanın İnfrastruktur naziri Aleksandr Kubrakov imzalayıblar. Saziş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT Baş katibi Antonio Quttereşin iştirakı ilə imzalanıb. 

Sənədə əsasən, Ukrayna taxılının Qara dənizdən təhlükəsiz ixracı təmin olunacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, əldə edilən razılıqla dünyada aclıq təhlükəsinin qarşısının alınmasına töhfə vermiş olacağıq: “Cənab Putin və cənab Zelenskiyə təşəkkür edirəm. Təəssüf ki, 4 ay əvvəlki İstanbul görüşündən sonra savaş daha da gərginləşdi. Əvvəldən bəri deyirik ki, müharibənin qalibi olmayacaq. Müharibə bütün bəşəriyyətə mənfi təsir göstərir. Günahsızların ölümü bahasına başa gələn müharibənin dayanmasını istəyirik. Bugünkü razılığın sülhə töhfə verməsini arzu edirəm”.

  BMT baş katibi Antonio Quterreş də anlaşmadan sonra Rusiya və Ukraynaya çağırış edib: “Dünyanın beynəlxalq qida təhlükəsizliyinin həll olunmasına çox ciddi ehtiyac var. Hər iki tərəf qanlı müharibəyə son qoymalıdır. İnsanlar ölür. Qara dənizdəki ümid işığının problemin bitməsi istiqamətində addım olacağına ümid edirəm”. 

  Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev “Şərq”ə bildirib ki, İstanbulda imzalanmış “taxıl sazişi” Türkiyənin bölgədə əvəzedilməz fiqur olduğunun göstəricisidir. Partiya təmsilçisinin sözlərinə görə, bu saziş dünyada aclığın qarşısının alınmasına hesablanmayıb: 

“Məqsəd Ukraynanın iqtisadi durumunu yaxşılaşdırmaqdır. Ukrayna taxılı dünyada taxıl tələbatının 4 faizini təşkil edirdi. Rusiya tərəfinin müharibəyə başlayacağı barədə məlumatlar daha öncədən məlum olduğu üçün Qərb ölkələri öncədən tədarük görmüşdülər, taxıl istehsalını artırmışdılar. Rusiyanın Avropa ölkələrini sərt qışla hədələməsi də keçərli deyil. Bu anlaşmaya görə, Qara dəniz vasitəsilə digər yüklərin daşınmasının önü açılacaq. Rusiya düşdüyü blokada və iqtisadi sanksiyalardan çox əziyyət çəkir. Müharibə Putinin istədiyi formatda bitməyəcək və bitməsi də mümkün deyil. Artıq Putin bunu ya anlamağa başlayıb, ya da resursları tükənmək üzrədir. Qara dənizdə iqtisadiyyatın yenidən canlanması müharibənin bitməsinə hesablanıb”. 
  V.Əfəndiyev vurğulayıb ki, Qərb Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları müharibə bitəcəyi təqdirdə götürməyəcəyini bəyan edib: “Lakin bölgədə iqtisadi əlaqələr saxlanılacaq. Qara dəniz və Aralıq dənizi daşımalarda çox önəmlidir. Rusiya müharibəni qış fəslinə qədər uzadarsa, Ukrayna düzəngahında bütün hərbi texnikalarını itirəcək. Ona görə də Putin “yumşaq qələbə” üzərində düşünür. Hesab edirəm ki, belə variant Ukraynanı da qane edəcək. Qərb də məmnun qalacaq. Dünya Rusiyanı “dişinə vurdu” və bu ölkənin təhlükəli, lakin onunla başarıla bilinəcək ölkə olduğunu anladılar”.