ABŞ sülh prosesində iştirakçılığını artırmaq istəyir

Antoni Blinkenin Bakıya və İrəvana telefon zəngi üç kontekstdə diqqət çəkir

  İyulun 25-də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib. Dövlət katibi Antoni Blinken ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəklədiyini qeyd edərək, Tbilisidə iki ölkənin xarici işlər nazirlərinin görüşünü və birbaşa dialoqunu müsbət qiymətləndirdiyini bildirib. Prezident İlham Əliyev Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsini iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqların başlanması istiqamətində ilk addım kimi qiymətləndirib.

Dövlət başçısı bəyan edib ki, Azərbaycan artıq sülh müqaviləsinin hazırlanması üzrə öz komissiyasının tərkibini formalaşdırıb və Ermənistan tərəfindən də eyni addımın atılmasını gözləyir. Blinken, həmçinin ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında nəqliyyat bağlantılarının və kommunikasiyaların açılmasına və bu sahədə texniki dəstəyin göstərilməsinə hazır olduğunu ifadə edib. Söhbət zamanı bu yaxınlarda Azərbaycan ilə Avropa İttifaqı Komissiyası arasında enerji sahəsində imzalanmış anlaşma memorandumunun əhəmiyyəti məmnuniyyətlə qeyd olunub. Sonra dövlət başçısı humanitar məsələlərə toxunub. Birinci Ermənistan-Azərbaycan müharibəsindən 3890 nəfərdən artıq azərbaycanlının itkin düşmüş şəxs hesab olunduğunu deyib. Ermənistan tərəfinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, kütləvi məzarlıqların yerləri barədə məlumat verilməməsinə diqqəti çəkib. Telefon danışığı zamanı ikili əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi də aparılıb. Məlumat üçün deyək ki, dövlət katibi Antoni Blinkenlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında da telefon danışığı olub. Blinken bildirib ki, Paşinyanla Ermənistan və Azərbaycanın regionda sülhə nail olmaq üçün tarixi imkanlara sahib olması barədə səmərəli müzakirəsi olub: “Mən Ermənistanın Azərbaycan və Türkiyə ilə irəliyə doğru atdığı müsbət addımları yüksək qiymətləndirirəm. Region ölkələri arasında müzakirələr Cənubi Qafqazda davamlı sülhün açarıdır”. 

  Blinkenin Azərbaycan və Ermənistan liderlərinə telefon zəngini “Şərq”ə şərh edən siyasi şərhçi Asif Nərimanlı deyib ki, Blinkenin zəngi üç kontekstdə diqqət çəkir. Analitik vurğulayıb ki, əsas məqam Avropa İttifaqının vasitəçiliyinin müəyyən qədər arxa plana keçməsidir: 

“Vaşinqton Brüssel görüşlərini dəstəkləyir və Azərbaycan-Ermənistan münasibətlərində Aİ üzərindən iştirak edirdi. Hərçənd, Lavrovun Ankara səfərindən və ölkə rəhbəri İlham Əliyevin Zəngəzur dəhlizinin açılmasını regional sülhün əsas komponenti elan etməsindən sonra Brüsseldə dəhlizin “yol məntiqi” ilə açılmasına dair şifahi razılaşmanın qüvvədən düşməsi müşahidə olunur. Dolayısı ilə Brüsselin prosesdə iştirakçılıq payının azalması görünür. Bu situasiya fonunda ABŞ prosesdə birbaşa iştirakını artırmaq niyyətindədir. Tbilisidə XİN rəhbərlərinin keçirilən görüşü də bunun tərkib hissəsi idi. Digər yandan Cənubi Qafqazda Ankaranın Moskva ilə birlikdə fəaliyyətinin yenidən aktuallaşması - Lavrovun Ankara-İrəvan-Tehran-Bakı marşrutu üzrə səfəri bu prosesi aktivləşdirdi. Türkiyə lideri R.T.Ərdoğan, Putin və Rəisinin Tehran zirvəsinin bütün fikir ayrılıqlarına rəğmən, bölgədə “3+3” formatının inkişafına mümkün təsiri Aİ-nin proseslərdə iştirakını zəiflətdiyi kimi, Vaşinqtonun da rıçaqlarını azaldır. ABŞ Bakı və İrəvan arasında əvvəldən irəli sürdüyü “ikitərəfli format”la bölgəyə müdaxilə etmək, Rusiyanı oyundankənar vəziyyətə salmaq niyyətindədir”.

  Ekspert vurğulayıb ki, Blinkenin zəngi son proseslər fonunda Vaşinqton və Moskvanın Qarabağ üzərindən apardığı nüfuz müharibəsinin kəskinləşdiyini göstərir: 

“Uilyam Börnsun İrəvan səfəri, ardınca Narışkinin İrəvan və Bakı ziyarəti savaşın kəşfiyyat qatında da getdiyinin təsdiqidir. Bu mübarizə alternativlərin olması, xüsusilə Moskvanı öz vasitəçiliyi ilə əldə edilən razılaşmaların icrasına sövq etməsi baxımından sərfəlidir. Hərçənd, İrəvanın da alternativ imkanından öz maraqlarının təmin edilməsi məqsədilə istifadə edə biləcəyi gerçəyi də var.

  Burada əsas məsələ Bakının maraqları, xüsusilə bölgədəki hazırkı situasiya fonunda bu maraqların hansı cəbhədə təmin edilməsidir. Vaşinqton Azərbaycanın “ikitərəfli format” istəyini dəstəkləyir. Amma Zəngəzurun “dəhliz məntiqi” ilə açılması, həmçinin, Ankara-Moskva ikilisinin bölgə üzərindəki planları Rusiya masasını aktuallaşdırıb. 

Ankara-Bakı ikilisi bu prosesdə “saatlarını yoxlayaraq” hərəkət edir. Bu baxımdan, indiki situasiyada Vaşinqtonun əsas məsələlərdə - kommunikasiyanın açılması, sərhədin müəyyənləşməsi, sülh sazişi və s. iştirakçılığı ehtimalı zəifdir. Lakin Azərbaycan ABŞ və Aİ-nin proseslərdə bu və ya digər formada iştirakında da maraqlıdır. Bu iştirakçılıq xüsusilə humanitar məsələlərdə həlledici ola bilər. Bakı və İrəvanın zənglə bağlı rəsmi məlumatında “əsirlərin qaytarılması və itkin düşənlərin taleyi ilə bağlı məsələnin” müzakirəsinə dair məqamın əks olunması ABŞ-ın humanitar prosesdə iştirakında ortaq mövqenin olduğunu göstərir. Mümkündür ki, Amerika bölgədə iştirakını aktivləşdirmək üçün “əsir və itkin düşmüş”lərlə bağlı irəliləyişə nail olmağa çalışacaq. 

Bu, Bakının I Qarabağ müharibəsində itkin düşənlərin taleyi və kütləvi məzarlıqlar haqda məlumat əldə etməyə imkan verə bilər”.