"Əksər partiya üzvləri işsizdir"

  “Siyasi partiyalar haqqında yeni qanunun qəbulunu təqdir edirik. Milli Cəbhə Partiyası olaraq biz mütəmadi şəkildə Milli Məclisə təklif layihələri təqdim etmişik”. Bunu ,"Sherg.az"a açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan deyib. Partiya sözçüsü bildirib ki, hələ partiya qeydiyyata alınmazdan, parlamentdə nümayəndələri təmsil olunmazdan qabaq təkliflər irəli sürüblər: “Təkliflərimizə yeni qanunun qəbul edilməsi də daxil olub. Şükür ki, qanunun qəbul olunması reallaşır. Şübhəsiz ki, siyasi partiya varsa, onun təklifləri, irəli sürdüyü məsələlər diqqətə alınmalıdır. Partiyaların resursundan, potensialından dövlətin inkişafı naminə sözün yaxşı mənasında istifadə olunmalıdır. Onların irəli sürdüyü faydalı layihələr, təkliflər yalnız mətbuat səhifələrində qalmamalıdır. Təkcə parlamentdə təmsil olunan partiyalar deyil, bütün partiyaların təklifləri ciddi şəkildə nəzərə alınmalıdır”.
T.İrfana görə, partiyaları iqtidara müxalif olsa da, dövlətə müxalif deyil: “Ona görə də dövlət əhəmiyyətli təklifləri dəyərləndirilməlidir. Yaxşı olar ki, partiyaların inkişafı üçün daha geniş imkanlar yaradılsın. Şübhəsiz ki, bunun təməlində maliyyə dayanır. Məsələn, əksər partiyaların üzvləri işsizdir. Baxırsan, savadlı mütəxəssisdir, bilikli, təcrübəli kadrdır. Lakin nəyə görəsə onu qəbul etmirlər. Gərək belə ayrıseçkiliklər aradan qalxsın. Partiyaların müstəqil fəaliyyət görməsi üçün üzvləri işlə təmin olunmalıdır”.