Rusiyanın “Bayraqdarlar” əldə etməsi Azərbaycanın da maraqlarına cavab vermir - Politoloq

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazırlaşır”. 

Bu barədə “Sherg.az”a politoloq Elxan Şahinoğlu deyib. 

Ekspert bildirib ki, görüş ərəfəsində belə xəbərlər yayılır ki, Türkiyənin “Bayraqdar” pilotsuz uçuş aparatlarının Rusiyada birgə istehsalına dair razılaşma əldə oluna bilər:  


“Ərdoğan Putinin belə bir istəyi olduğunu son müsahibəsində də bildirib. Rusiya prezidentinin mətbuat katubu Dmitri Peskov deyilənləri təsdiq edib: “Rusiya-Türkiyə hərbi-texniki əməkdaşlığı hər zaman aktualdır”. Ankara Rusiyada pilotsuz uçuş aparatlarının birgə istehsalına razılaşacaqmı? Rusiya Türkiyəyə S-400 raketləri satıb. Moskva ilə Ankara arasında bu raketlərin Türkiyə ərazisində birgə istehsalına dair razılaşma da var. Bu razılaşma varkən, Ankaranın Moskvanın pilotsuz uçuş aparatlarının birgə istehsalına “yox” deməsi çətindir. Ancaq mümkün razılaşma Türkiyə-Ukrayna münasibətlərində gərginlik yarada bilər. Digər tərəfdən Rusiyanın “Bayraqdarlar” əldə etməsi Azərbaycanın da maraqlarına cavab vermir. Kim zəmanət verə bilər ki, Rusiya “Bayraqdarlar” əldə etdikdən sonra bu dronları strateji müttəfiqi Ermənistana ötürməyəcək?”.