Erməni cəmiyyətində panika!

  Ermənistanda hərbi xidmətə çağırılan və Qarabağa xidmətə göndərilən hərbçilərin xidmət müddətinin başa çatmasına bir neçə gün qalmış təcili olaraq tərxis edilirlər. Bu barədə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan öz feysbuk səhifəsində yazıb. Abramyanın sözlərinə görə, Ermənistan ərazisindən Qarabağa hərbi çağırış sonuncu dəfə 2020-ci ilin iyul-avqust ayında keçirilib. 44 günlük müharibə, həmçinin 2021-ci ilin qışında Ermənistandan Qarabağa çağırışçı göndərilməyib: “İki il əvvəl Ermənistandan hərbi xidmətə çağırılan çağırışçıların Qarabağdakı son qrupu 2022-ci ilin avqustunda tərxis olunmalı idi. Lakin görünür, Azərbaycanın tələbi ilə tərxis prosesi daha tez həyata keçirilib”. Xatırladaq ki, bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistandan çağırışçıların Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərinə xidmətə göndərilməyəcəyini bildirmişdi. Qriqoryan demişdi ki, əvvəlki iki çağırışçıdan sonuncunun müddəti avqustda başa çatacaq və onlar tərxis olunduqdan sonra qayıdacaqlar. Söhbət hələ də Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrində xidmət edən Ermənistan vətəndaşlarından gedir. Eyni zamanda Qriqoryan bəyan etmişdi ki, “Müdafiə Ordusu” adlanan qeyri-qanuni silahlı birləşmələr fəaliyyətini davam etdirəcək və “yerli çağırışçılar, o cümlədən müqavilə əsasında xidmət edənlər hesabına” komplektləşdiriləcək. Bu o deməkdir ki, Ermənistan formal olaraq öz ordusunun qalıqlarını Azərbaycan ərazisindən çıxardığını nümayiş etdirmək istəyir. Əslində isə qeyri-qanuni silahlı birləşmələrin, o cümlədən muzdluların çıxarılmasına görə məsuliyyətdən yayınır.
  Siyasi şərhçi Azər Niftiyev “Sherg.az"a deyib ki, Qələbədən sonra yeni tarixi reallıqlar yetişib. Analitik bildirib ki, reallıqlar Ermənistanı qabaqlayıcı addımlar atmağa sövq edir: “Ermənistan müharibənin məğlub tərəfidir. Azərbaycan isə qalib kimi diktə edən tərəfdir. Ermənistanda müəyyən kəsim, müxalifət, ümumiyyətlə, Baş nazir Nikol Paşinyan əleyhinə çıxış edənlər məğlubiyyətlə, rəsmi Bakının diktələri ilə barışmaq istəmirlər. Azərbaycan davamlı və israrlı olaraq bəyan edir ki, Ermənistan Zəngəzur dəhlizinin açılması, nəqliyyat infrastrukturunun qurulmasına şərait yaradılması və işğalçı iddialardan əl çəkilməsi fonunda sülh sazişinə getməlidir. İlk növbədə isə separatçı dəstələr, Qarabağdakı qanunsuz silahlı birləşmələr dərhal torpaqlarımızı tərk etməlidir. İrəvan hökuməti gec-tez bununla razılaşmaq məcburiyətində qalacaq. Görünür, bu istiqamətdə müəyyən addımlar atılır. Lakin hər şeyə rəğmən, İrəvan bütün manevrlərini işə salır, fərqli istiqamətlərdə təxribatlara əl atır. Cəmiyyətdə panika hökm sürür. Erməni ictimaiyyəti yaxşı bilir ki, Azərbaycan tərəfi istədiyini əldə edəcək və öz tələblərindən vaz keçməyəcək. Ermənilərin Azərbaycanla hərbi müstəvidə yenidən üz-üzə gələcəyi inandırıcı deyil. Bunun üçün İrəvanın nə hərbi, nə də iqtisadi gücü var. Hazırda Ermənistan üçün də ən optimal yol sülh prosesinə əngəl yaradacaq bütün məsələləri aradan qaldırmaqdır”.
  Ekspert vurğulayıb ki, Rusiya prosesi pozmağa yönəlik cəhdlər etsə də, son nəticədə rəsmi Bakının dediyi olacaq: “Rusiya hər zaman regional münaqişələrdən, xüsusən postsovet məkanında olan qarşıdurmalardan öz mənfəəti üçün istifadə edib. Moskva eyni siyasəti indi də davam etdirməkdədir. Daha doğrusu, etdirmək niyyətindədir. Sadəcə, problem ondadır ki, hazırda Rusiyanın özünün ciddi çətinlikləri var. Kremlin başı Ukrayna ilə müharibəyə və dünyanın aparıcı ölkələri ilə mübarizəyə qarışıb. Rusiyanın Qərbin təzyiqlərinə bir neçə il duruş gətirə biləcəyi deyilir. Bir zaman sonra şimal qonşumuzun daxilində çaxnaşmalar, narazılıqlar baş qaldıracaq. Nəticə etibarı ilə Rusiya indiki şəraitdə Qarabağdakı proseslərə də ciddi nüfuz edə bilmir. Bu məqam isə Azərbaycanın haqlı mövqeyini daha da gücləndirir”.