Qoca Nensi bütün dünyanı təhlükəyə sürüklədi

  ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Çinin bütün xəbərdarlıqlarına rəğmən, Tayvana gəlməsi Pekinlə Vaşinqton arasında gərginliyi artırıb. Gərginlik fonunda Çin Tayvanla ticarətini məhdudlaşdırıb. Çin tikintidə istifadə olunan əsas material olan təbii qumun ixracını, həmçinin Tayvan sitrus meyvələrinin və bəzi balıq növlərinin idxalını dayandırıb. Tayvana qarşı cavab sanksiyalarının da qüvvəyə minəcəyi açıqlanıb. Tayvan rəsmiləri isə ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin səfərindən məmnun olduqlarını bildiriblər. Xarici İşlər Nazirliyi səfərlə ikitərəfli əlaqələrin çox daha yaxşı səviyyələrə çatdırılacağını deyib. Tayvanı bütün platformalarda davamlı olaraq dəstəkləyən Nensi Pelosiyə təşəkkür edib. ABŞ və Tayvanın beynəlxalq tərəfdaşlıqda bir-birlərinə fayda verəcək əməkdaşlıq üçün çalışmalarını davam etdirəcəkləri vurğulanıb. 25 il əvvəl Tayvana səfər edən ABŞ Nümayəndələr Palatasının sədri Nyut Qinqriçdən sonra Nensi Pelosinin səfərinin iki tərəf üçün böyük bir addım olduğu bildirilib. Tayvanı hər zaman dəstəkləyəcəklərini qeyd edən Pelosi ABŞ-ın “Vahid Çin” siyasətinə hörmətlə yanaşdığını, lakin Tayvana dəstəyin hər zamankindən daha vacib olduğunu vurğulayıb: “Tayvan rəhbərliyi ilə müzakirələrimiz tərəfdaşımıza dəstəyimizi bir daha təsdiqləmək və azad və açıq Hind-Sakit Okean regionunu inkişaf etdirmək də daxil olmaqla, ortaq maraqlarımızı təşviq etmək üzərində qurulacaq. Amerikanın Tayvanın 23 milyon əhalisi ilə həmrəyliyi bu gün həmişəkindən daha vacibdir. Çünki dünya avtokratiya və demokratiya arasında seçim qarşısındadır.
  Ukraynanın siyasi elmlər doktoru, professor Olqa Brusilovskaya deyib ki, Pelosinin səfəri pis senaridir. Onun sözlərinə görə, Pelosinin Tayvana səfəri Çin və ABŞ arasında münasibətləri gərginləşdirməklə yanaşı, Ukrayna üçün heç yaxşı hal deyil. Çünki iki dövlət arasında münasibətlərin pisləşməsi Rusiya üçün sərfəli olacaq. Politoloq qeyd edib ki, ABŞ və Çinin artıq neçə ildir iqtisadi müharibə vəziyyətində olması hər iki ölkəni tükəndirib: “Buna görə münasibətlərin kəskinləşməsi heç bir tərəfə fayda verməyəcək və təkcə iqtisadiyyata yox, həm də geosiyasi cəhətdən narahatlıq doğuracaq. Yəni ABŞ Çini özündən uzaqlaşdırsa, o zaman Çin Rusiya ilə daha yaxın münasibətlər qura bilər. Ona görə də ABŞ Çinlə razılığa gəlməlidir. Yalnız o zaman biz daha təhlükəsiz olacağıq”.
  Siyasi şərhçi Elçin Xalidbəyli "Sherg.az"a bildirib ki, ABŞ Çinin xarizmasını cızdı, ancaq rəsmi Pekin Ukraynada “savaş bataqlığı”na düşməklə, faciəvi səhv buraxmış Rusiya örnəyindən doğru nəticə çıxartdı və Vaşinqtona əlavə dividendlər vermədi: “Bir “küpəgirən qoca” öz eqosu naminə Tayvana getməklə bütün dünyanı təhlükəyə sürüklədi. Çin hələlik bu “qocanı” ora göndərənlərin açıq təxribatlarına ola bildiyi qədər təmkinli yanaşır. Rəsmi Pekin Çinə qurulan hərbi-siyasi "tələ"yə düşməkdən yayınmağa çalışır. Ağ Evin əməliyyatında əsas məqsəd Çini Tayvana qarşı savaşa başlamaq məcburiyyətində buraxmaq idi. Rusiyanın başına gətirilənləri rəsmi Pekinə qarşı təkrarlayıb, Çini də “savaş bataqlığı”na çəkməyə çalışırlar. Əgər rəsmi Pekin bu “tələ”yə düşərsə, “Nensi böhranı” Çinin əsas rəqibi ABŞ-ı öz hədəflərinə çatdırmış olacaq. Hazırda ABŞ Çinin beynəlxalq nüfuzuna, hərbi-siyasi xarizmasına sarsıdıcı zərbə vurmuş kimi görünsə də, rəsmi Pekin təmkinini qorumaqla, Ağ Evin əsas hədəfinə çatmasını əngəlləyə də bilər.
Ancaq istənilən halda, rəsmi Pekinin ABŞ-ın Çinə qarşı reallaşdırdığı bu biabırçı siyasi-psixoloji əməliyyatı unutmayacağı qətiyyən şübhə doğurmur. Böyük ehtimalla ən xırda imkanda Çinin öz beynəlxalq nüfuzunu bərpa etmək üçün intiqam almağa çalışacağı istisna deyil”.