Krımdan rusların köçü başlayıb



Məhəmməd Əsədullazadə: "Moskvanın cəbhə xəttində ciddi itkilər verməsi qaçılmaz olacaq"

  “Ukraynanın Krımda hərbi aeroportu vurması Moskvaya mesajdır”. Bu sözləri Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə deyib. Politoloq bildirib ki, Krımın bombalanması döyüşlərin yeni mərhələsinin başlanğıcıdır: “Kreml dəfələrlə qeyd edib ki, Krım onların qırmızı xəttidir və Ukrayna Krımı vurarsa, kəskin cavab zərbəsi endirəcək. Ukrayna Krımda hərbi strateji bazanı vurmaqla, Moskva üzərində psixoloji üstünlük qazandı. Qara dənizdə "Moskva" kreyserindən sonra Krımın vurulması Kremldə “soyuq duş” effekti yaratdı. Kiyev uzaqmənzilli dəqiq raketlərə malik olduğunu göstərdi. Deməli, Krımda Rusiya hərbi obyektləri hədəf olacaq. Krımdan rusların köçü artıq başlayıb və Moskvanın cəbhə xəttində ciddi itkilər verməsi qaçılmaz olacaq”.
  Ekspert bildirib ki, Rusiya yeni ərazilər işğal edə bilməsə, ciddi itkilər versə, İstanbulda Ukrayna və Rusiya danışıqları baş tuta bilər: “Rusiya Mariupolu geri qaytarmaq şərti ilə Donbası sərhədləri daxilində qalmağı istəyə bilər. Amma Kiyev razılaşmayacaq. Müharibə həlledici mərhələyə qədəm qoyub. Rusiyaya qarşı artilleriya və ballistik raketlərlə əks-hücumlar reallaşacaq. Nəticədə Rusiya Mariupol, Xerson və Zaparojedən geri çəkiləcək. Proseslər ona doğru gedir. 
  Rusiya məcbur qalaraq Kiyevlə birbaşa təmasa keçmək istəyəcək. Rusiyanın tam məğlubiyyəti isə Putinin hakimiyyətdən getməsi deməkdir. Zamanla Belarus da Rusiyadan üz çevirib, Ukraynaya siyasi dəstək verə bilər”.