Taxıl anlaşmasının dayanması Kremlə baha başa gələ bilər

Moskva özünü dünyaya bir balaca da olsun “humanist” göstərmək üçün anlaşmaya sadiq qalmalıdır

  Ukraynadan taxıl daşıyan heç bir gəmi Afrikanın ac ölkələrinə çatmayıb. Bunu Rusiya Xarici İşlər Nazirliyi iddia edib. Nazirlikdən vurğulanıb ki, gəmilər əsasən, Qərb ölkələrinin limanlarına gedir. Bu, Qərbin taxıl sazişinin dünyanın ərzaq təhlükəsizliyini möhkəmləndirmək barədə tezislərinin səmimiliyini şübhə altına alır. Məlumat üçün bildirək ki, iyulun 22-də Türkiyə, Ukrayna və Rusiya nümayəndələri arasında Ukraynadan taxıl ixracına dair saziş imzalanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT baş katibi Antonio Quterreşin iştirakı ilə imzalanan sazişə Türkiyə və Rusiya tərəfdən müdafiə nazirləri, Ukrayna tərəfdənsə infrastruktur naziri qol çəkib. Saziş imzalandıqdan sonra bir neçə taxıl yüklü gəmi Ukraynadan yola düşüb.

Taxıl gəmilərinin ilk növbədə Afrikanın və Yaxın Şərqin kasıb ölkələrinə gedəcəyi bildirilib. Nəzərə alaq ki, Afrikanın taxıl ehtiyacının 40 faizini Rusiya və Ukrayna təmin edir. Dünyada hər il 785 milyon ton taxıl yetişdirilir. Bunun təxminən dördə biri - 200 milyon tona yaxın bölümü başqa ölkələrə ixrac edilir. Yerdə qalan hissə ölkələrin daxili tələbatına yönəldilir.   Başqa ölkələrə ixrac edilən taxılın təxminən üçdə birini - 60 milyon tona yaxın bölümünü elə Rusiya və Ukrayna ixrac edir. Bu səbəbdən Rusiya-Ukrayna müharibəsi dünyanın taxıl bazarlarına ciddi təsir göstərib. 
Millət vəkili Asim Mollazadə “Şərq”ə bildirib ki, Türkiyənin vasitəçiliyi ilə reallaşmış “taxıl anlaşması” Ukrayna taxılının limanlardan çıxmasında və ehtiyacı olan ölkələrə göndərilməsində çox mühüm rol oynadı. Deputat vurğulayıb ki, “taxıl razılaşması” ilə bağlı müvafiq işçi qrupları yaradılıb və vəziyyət nəzarətdədir:

“İstisna etmirəm ki, Rusiya hansısa məqamda planları dəyişdirə, daha kəskin mövqe tuta bilər. Yaxud prosesi ümumən dayandırar. Ancaq Rusiya belə bir addım atarsa, onunla hansısa razılaşmaya birdəfəlik inam itər. Rusiya ilə bundan sonra heç bir ölkə hər hansı istiqamətdə danışıq aparmaz. Bu, humanitar prosesdir. Böyük ehtimal, Moskva özünü dünyaya bir balaca da olsun “humanist” göstərmək üçün anlaşmaya sadiq qalmalıdır. Əks halda Rusiya özünü daha dərin böhrana yuvarlayacaq. Hazırda Ukraynada çox ağır fəlakətlər, faciələr yaşanır. O baxımdan bütün dünya Ukraynaya dəstək verməlidir ki, müharibə dayansın və faciə aradan qalxsın”.