Oğuzda bələdiyyə sədri ilə yanaşı üç nəfər yol qəzasına düşüb - FOTO


Oğuzda baş verən yol qəzasında biri bələdiyyə sədri olmaqla dörd nəfər xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yaqublu-Çaldaş avtomobil yolunun rayonun Böyük Söyüdlü kəndi ərazisindən keçən hissəsində baş verib.

Kəlbəcər rayon sakini Saməddin Yusif oğlu Hüseynovun idarə etdiyi “KİA Sorento” markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı kanala aşıb.

Qəza zamanı sürücü S. Hüseynov və avtomobildə olan sərnişinlər - Bərdə rayon sakini Elvin İsrafil oğlu Quliyev, Şəki rayonu Qaratorpaq kənd sakinləri Mehman Elməddin oğlu Rəcəbov və Mehmanın qardaşı oğlu Ruzi Əvəz oğlu Rəcəbli aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Yaralılardan S. Hüseynov və M. Rəcəbovun xəsarətləri yüngül olduğundan onlara lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

E. Quliyev və R. Rəcəblinin müalicəsi Şəki RMX-da davam etdirilir.

Qeyd edək ki, qəza zamanı xəsarət alan M. Rəcəbov Şəki rayonunun Bolludərə bələdiyyəsinin sədridi.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.