Prezidentin mesajı düşməni mənəvi-psixoloji cəhətdən sındırır

“Bizim özümüzdə isə bu bəyanatlar milli birlik və həmrəylik hissini daha da gücləndirir”
  Azərbaycanın Vətən müharibəsində ilk şəhidlərini verdiyi yerdə - Füzuli rayonunun Qaraxanbəyli kəndində abidə ucaldılıb. Anım Günü abidənin açılışında iştirak edən Prezident İlham Əliyev çıxışı zamanı vurğulayıb ki, Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilən yaşayış məntəqələridir. Ölkə rəhbəri bildirib ki, Azərbaycanın şanlı ordusu ilk şəhidlərini burada verib: "Bu abidənin yanında düşmənin səngəri yerləşirdi. Bu istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi". Dövlət başçısı qeyd edib ki, məhz bu istiqamətdə düşmənin birinci müdafiə xəttinin yarılması ilə Zəfər yürüşü başlayıb: "44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edildi. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur oldu".
  Füzuli rayonunun Qaraxanbəyli kəndində şəhidlərimizin xatirəsinə ucaldılmış abidə barədə danışan Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Prezident və Ali Baş Komandan İlham Əliyevin Anım Gününü harada və hansı şəraitdə, hansı ovqatda qeyd etməsi xüsusi əhəmiyyət daşıyır. Partiya rəhbəri xatırladıb ki, keçən il Anım Günündə şəhidlərimizə ehtiram əlaməti olaraq paytaxtımızda möhtəşəm yürüş keçirildi: "Prezident və Ali Baş Komandan, habelə birinci xanım Mehriban Əliyeva, kursantlar və hərbçilər şəhidlərimizin fotolarından ibarət plakatlarla yürüş edərək şəhidlərimizin ölməz olduğunu, onların qəlbimizdə daim böyük məhəbbətlə yaşayacaqlarını nümayiş etdirdilər. Bu il Anım Günündə isə dövlət başçısı və birinci xanım Füzuli rayonunun Qaraxanbəyli kəndinə yollandılar. Orada 27 Sentyabr - Anım Gününə həsr olunmuş xatirə lövhəsinin açılışını edərək, qarşısına gül dəstələri qoydular, müqəddəs şəhidlərimizi ehtiramla yad etdilər. Niyə məhz Qaraxanbəyli? Çünki Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdurrahmanlı kəndləri müharibənin ilk günündə düşməndən təmizlənib. Bu mühüm məqam əsas götürülərək şəhidlərimizin şərəfinə Qaraxanbəyli kəndinin yaxınlığında qaya parçasında abidə ucaldılıb. Bu, bütün qəhrəman oğullarımızın şərəfinə ucaldılmış rəmzi bir abidədir. Bu abidənin açılışını bizim soydaşlarımız böyük məmnunluq hissilə qarşıladılar. Ermənilərin reaksiyası isə ayrıca bir müzakirə mövzusudur".
  Ə.Hüseynov vurğulayıb ki, abidənin açılışı 44 günlük müharibədəki məğlubiyyətlərindən sonra ermənilərə vurulmuş növbəti ağır psixoloji zərbələrimizdən biri oldu: "Abidənin açılışı ermənilərdə ruh düşkünlüyünü daha da artırır, natamamlıq kompleksini daha da gücləndirir. Ermənilər get-gedə motivasiyasız və hədəfsiz bir topluma, kütləyə çevrilir. Məhz bu baxımdan Prezident İlham Əliyevin ikinci Anım Gününü Qaraxanbəyli kəndində şəhidlərimizin şərəfinə abidənin açılışı ilə qeyd etməsi mühüm psixoloji-siyasi önəm daşıyır. Dövlət başçımız təkcə sözüylə deyil, həm də hərəkətləri ilə, işləri ilə düşmənlərimizə mesaj ünvanlayır. “Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın!” mesajı da məhz bu baxımdan olduqca səciyyəvi mesajdır. Prezident İlham Əliyevin bu mesajı düşməni mənəvi-psixoloji cəhətdən əzən, sındıran mesajdır. Bizim özümüzdə isə bu mesaj milli birlik və həmrəylik hissini daha da gücləndirir. Əminəm ki, Vətən müharibəsi günlərində ruhumuza hakim kəsilən birlik və həmrəylik əhval-ruhiyyəsi bundan sonra heç zaman əskilməyəcək və bizi yeni böyük hədəflərə doğru aparacaq".