Ermənistan “od”la “su” arasında...

“Vaşinqtonda sülhdən danışır, Parisdə isə hərbi qarşıdurmaya hazırlanır”
“Azərbaycan yaxın dönəmdə Ermənistanın iddia etdiyi ərazilərə nəzarəti bərpa edəcək”

  "Ermənistan Vaşinqtonda sülhdən danışır, Parisdə isə hərbi qarşıdurmaya hazırlanır". Bu barədə "Sherg.az"a Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə deyib. Partiya təmsilçisi bildirib ki, Fransa-Ermənistan əlaqələrinin inkişafı regionda sülhün əldə edilməsinə mane olur: "Ermənistan Baş naziri Nikol Paşinyanın Fransaya səfəri çərçivəsində bu ölkədən yardım istəməsi əsasən, Azərbaycana qarşı yeni hərbi təxribatlara əl atmasına hesablanıb. Paşinyan həmkarı E.Makronla Fransa hərbiçilərinin Azərbaycanla sərhəddə yerləşdirilməsini müzakirə edib. Fransa ilə hərbi-texniki əməkdaşlıq edən, Hindistandan silah alan İrəvan Vaşinqtondakı görüşlərlə imitasiya edir. Ermənistan mənasız danışıqlarla vaxt qazanmağa, hərbi fəaliyyətini təkmilləşdirməyə çalışır. Təbii ki, Amerika Birləşmiş Ştatları Fransanın bu məsələdə aktivliyini qəbul etməyəcək. Paşinyanın Paris, Vaşinqton və Brüssel arasında var-gəl etməsi isə İrəvanın əleyhinə çevriləcək".
  Ekspert açıqlayıb ki, Ermənistan siyasi ritorikada "sülh danışıqları"ndan danışsa da, praktikada hərbi qarşıdurmaya hazırlanır: "Sərhəddəki təxribatlar da bundan xəbər verir. Ermənistanın əsas məqsədi demarkasiya olunmamış ərazilərdən Azərbaycan Ordusuna qarşı təxribatlara əl atmaqdır. Rəsmi Bakının Ermənistanla bağlı siyasətində öz strateji planları var və onlardan geri çəkilmək fikrində deyil. Azərbaycan yaxın dönəmdə Ermənistanın iddia etdiyi ərazilərə nəzarəti bərpa edəcək. Danışıqlar prosesi gərgindir və İrəvan növbəti hərbi eskalasiyaya can atır".