Moskva ikili oynayır, Paşinyan komandası isə...

“Overçukun "Bu gün Ermənistanın nəqliyyat blokadasından çıxmasına bir addım qalıb” deməsi şübhəli məqamları ortaya qoyur”
  Rusiya Azərbaycanla Ermənistan arasındakı “eksterritorial dəhliz” məsələsinə aydınlıq gətirib. Üçtərəfli İşçi Qrupun Rusiyadan olan həmsədri Aleksey Overçuk bildirib ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan-Ermənistan sərhədinin hüquqi rejiminin müəyyən olunmasından sonra mümkündür. Onun sözlərinə görə, iki ildən az müddətdə böyük işlər görülüb: "Nəticədə danışıqların iştirakçıları marşrutlar haqqında təsəvvürə sahibdirlər ki, həmin marşrutların həyata keçirilməsi regionun blokdan çıxarılmasına gətirib çıxara bilər. Lakin yolların açılması və ya tikintisi yalnız tərəflər, ölkələr arasında sərhədin hüquqi rejimini müəyyən etməsindən, eləcə də bu yollarda hərəkəti dəqiq müəyyən etdikdən sonra mümkündür". Onun sözlərinə görə, danışıqlar zamanı bu rejimin müəyyənləşdirilməsinə yanaşmaların əsasını təşkil edən prinsipin işlənib hazırlanması vacibdir: "Yol üzərində suverenliyi yolun ərazisindən keçən ölkə həyata keçirir. Bu o deməkdir ki, əgər yol Ermənistan ərazisindən keçirsə, bu, Ermənistanın yoludur. Əgər Azərbaycan ərazisindən keçirsə, onda Azərbaycanın yoludur”. Overçuk Rusiyanın hər zaman tərəflərin suverenliyi prinsipini dəstəklədiyini söyləyib: “Bu, üç ölkə liderinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının mövqelərində açıq şəkildə dayanır. Praktikada bu prinsipin həyata keçirilməsi o deməkdir ki, Azərbaycandan Ermənistan ərazisinə blokdan çıxarılmış və ya yeni salınmış yollarla daxil olmaq üçün sərhəd və pasport nəzarəti tədbirləri olacaq. Məsələn, İrandan Ermənistana daxil olarkən aparılan qayda ilə eyni olacaq". Bundan əlavə, tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq avtomobil yollarından istifadəyə görə haqqın ödənilməsi və yüklərinin digər ölkənin ərazisindən keçməsinin təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə edilir: “Görünən odur ki, bu gün bütün tərəflər, heç bir tərəfin suverenliyini pozmadan bu məsələlərin praktiki şəkildə həyata keçirilməsinin mümkünlüyünü anlayırlar. Lakin danışıqlar o zaman başa çatacaq ki, bütün hüquqi aspektlər nəzərə alınsın, heç nə unudulmasın və heç kim əldə olunan nəticəni qarşı tərəf üzərində qələbə kimi şərh etməsin - bütün bunlara tam əmin olduqda danışıqlar başa çatacaq. Danışıqların uğurla başa çatması bütün iştirakçıların ümumi qələbəsi olacaqdır”.
"Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az"a deyib ki, son günlər Ermənistan və Rusiya arasında baş verən gərginlikdən sonra, nəhayət ki, Rusiya tərəfindən Ermənistan və Azərbaycan arasındakı vəziyyətlə bağlı açıqlama gəldi. Analitikə görə, Overçukun səsləndirdiyi fikirlərdən rahat şəkildə demək olar ki, Moskva ikili oynayır: "Yəni Azərbaycan vətəndaşları Ermənistandan keçməklə Naxçıvana hərəkət imkanı əldə edəcəklər. Həm burada bir boşluq da qoyur ki, bu da dəhliz fikrini səsləndirməməsidir. Əgər Overçuk dəhliz fikrini səsləndirsəydi, Rusiyanın rəsmi və qəti mövqeyinin nədən ibarət olmasını daha rahat anlamaq olardı. İndiki halda isə Rusiya yenə öz maraqlarını güdən açıqlama verir. Overçuk digər açıqlamasında bildirib ki, "sərhəddə vəziyyətin gərginləşməsi danışıqlar prosesini ləngidir”. Əlbəttə ki, bu tendensiya mövcudur. Amma Overçuk burada qeyd etmir ki, sərhəddə baş verən mütəmadi gərginliyin arxasında kim, yaxud kimlər dayanır. Bu isə növbəti qaranlıq qalan açıqlamadır. Overçukun verdiyi digər bir açıqlamada "Bu gün Ermənistanın nəqliyyat blokadasından çıxmasına bir addım qalıb” deməsinin özü belə şübhəli məqamları ortaya qoyur. Ermənistan tərəfindən baş verən mütəmadi təxribatlar və sülhdən qaçma prinsipi ortada olduğu halda bu fikrin səsləndirilməsi həm absurd, həm də məntiqsizlikdir. Onun “Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan-Ermənistan sərhədinin hüquqi rejiminin müəyyən olunmasından sonra mümkündür” ifadəsini işlətməsi ondan xəbər verir ki, Azərbaycanın iki ilə yaxındır səsləndirdiyi fikirlər onların indi yadına düşüb təsəvvürünü yaradır. O zaman sual oluna bilər ki, Rusiya tərəfi niyə indiyə kimi sərhəd məsələsinin üzərinə gəlmirdi və hətta müxtəlif bəhanələrlə bu məsələdən yayınırdı. Nəzərə alaq ki, Brüssel görüşündən sonra Azərbaycan və Ermənistan rəhbərləri sərhədlərin müəyyənləşdirilməsi üçün komissiyaların yaradılmasını qərara aldılar. Bu komissiyalar hər iki tərəfdən formalaşdırılsa da, vəziyyət yenə də kağız üzərində qaldı. Həm Rusiya və İran tərəfindən verilən açıqlamalar, həm də Ermənistan ordusu daxilində əmrə tabe olmayan və ya kənar qüvvələrə işləyən qüvvələr tərəfindən mütəmadi təxribatlar törədilməklə komissiyanın fəaliyyəti nəticəsiz qaldı".
  S.Hümbətovun fikrincə, Rusiya tərəfinin verdiyi açıqlamalarda nə dərəcədə səmimi olması şübhəlidir: "Artıq Ermənistan uğrunda mübarizədə bir yox, bir neçə beynəlxalq aktorlar mövcuddur. Yəni Rusiya Ermənistanı əlində saxlamaq üçün ABŞ, Fransa, İran, Yunanıstan, Hindistan və digər güclərlə mübarizə aparmaq məcburiyyətindədir. Görünən odur ki, Paşinyan komandası Rusiyanın əlindən qopub Qərbə qaçmağa çalışır".