“...Bələdiyyələri də ləğv etmək lazımdır” - Deputatdan TƏKLİF


“Bələdiyyə sənədləri tanınmır. Deyirlər ki, mənasız kağız parçasıdır”
  "Bələdiyyələrin 2006-2007-ci illər arasında verdiyi torpaq və mülk sənədləri ilə bağlı problemin kökündən həll edilməsini istərdim".
"Sherg.az" xəbər verir ki, bunu Milli Məclisin dünənki iclasında millət vəkili Razi Nurullayev deyib. Deputat bildirib ki, bələdiyyələr bu illər ərzində iş adamlarına və vətəndaşlara torpaq alqı-satqısı və icarəsi haqqında sənəd, ödəniş qəbzləri verib: "İndi həmin qəbzlər Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qəbul edilmir. Bildirilir ki, o vəsaiti gərək bələdiyyələr öz büdcəsinə yox, Əmlak xidmətinin xəzinədarlığına ödəyərdi. Nə iş adamı, nə də vətəndaş bələdiyyə sənədi və qəbzləri ilə hüququnu bərpa edə bilir. Bələdiyyə sənədləri tanınmır. Deyirlər ki, mənasız kağız parçasıdır.
  Çoxları məhkəmələrə baş vurur, hüquq firmalarına müraciət edir və məsələ yenə də həll edilə bilmir. Əgər bələdiyyənin verdiyi sənəd, qəbz tanınmırsa, o sənəd və qəbzlərlə bağlı ləğv qərarı verilsin, vətəndaş və iş adamlarına da kompensasiya ödənilsin. Bələdiyyənin verdiyi sənədləri tanımırıqsa, belə çıxır ki, onda bələdiyyələri də ləğv etmək lazımdır. Çox ciddi və minlərlə insanı gecə-gündüz narahat edən məsələdir. Təklif edirəm ki, bu məsələnin araşdırılması ilə bağlı göstəriş verilsin və addımlar atılsın. Müvafiq qanunlara dəyişikliklər edək və məsələ kökündən həll edilsin".