“Paşinyan köhnə oyunu təzə formada davam etdirir, amma..”




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. Dövlətimizin başçısı müsahibəsində Azərbaycanla Ermənistan arasındakı münasibətlərdən danışarkən sülh məsələsinə diqqət çəkib:  

“Biz təklif etdik ki, bundan sonra hər iki ölkənin işçi qrupları bir araya gəlsinlər və bir neçə gün ərzində sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olsunlar. Ümid edirəm ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq”.

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu barədə “Sherg.az”a danışarkən bildirib ki, hələlik Ermənistana qarşı təzyiq var və rəsmi İrəvan Rusiya və Qərbdən istədiyi dəstəyi ala bilmir: 

“ Bunu Paşinyan da etiraf edib. Digər tərəfdən, Azərbaycan da ona siyasi təzyiqini gücləndirir. Belə olduqda Ermənistan danışıqlar prosesini uzatmaq istəyir. Bu səbəbdən indiki halda onların sülhə meyllərini görmürəm. 

Öz ictimaiyyətləri üçün etdikləri açıqlamalardan ikili oyunu müşahidə edə bilirəm. Yəni, birmənalı olaraq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu demək istəmirlər. Sadəcə olaraq köhnə oyunu təzə formada davam etdirirlər. Biz görürük ki, Ermənistan leksikanı dəyişməklə eyni mövzunu gündəmə gətirmək istəyir.  
Paşinyanın “lazımi dəstək almamışıq” fikrini də yada salaq. Belə şəraitdə mən nəticəyə hələ o qədər də inanmıram”.