İlham Əliyevin Rusiya səfəri... – “Bölgədə yeni dizayn formalaşır”
 

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib. Ölkəmizin lideri Rusiya dövlət başçısı Vladimir Putinin dəvəti ilə MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak edəcək. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Səfərin pərdəarxasını “Sherg.az”a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, bizim nöqteyi-nəzərimizdən bölgədə yeni dizaynın formalaşmasında rəsmi Moskvanın mütləq şəkildə hansısa təsir imkanları var: 

“Rusiya bölgədə öz varlığını saxlamaq və mərkəz olmağa çalışır. O, eyni zamanda, Azərbaycan-Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin öz maraqlarına uyğun olmasını istədiyini də gizlətmir. Praqa görüşünün gedişində Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova açıqlamaları da bu yöndə oldu. 

M.Zaxarova vurğuladı ki, rəsmi Moskva hər iki tərəfə sülh təkliflərini bildirib və cavab gözləyir. Digər tərəfdən, Praqadakı sammitdən dərhal sonra ölkə rəhbərimizin Rusiyaya səfər etməsi tərəflərin bir növ ordakı məsələlərə hansısa qiymətin veriləcəyini şərtləndirir. Düşünürəm ki, burda bir növ dünən baş verən proseslərin müzakirəsi olacaq”.