Serbiya nümayəndəsi: “Edillidə gördüklərim insanlıq üçün çox kədərlidir”

“Qarabağda bütün bu dağıntıları görmək üzücüdür, Edilli kəndi isə insanlıq və bəşəriyyət üçün faciəvi yerdir”.

"Report"un Xocavənd rayonunun Edilli kəndinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu bu gün digər ölkələrin nümayəndələri ilə birgə Xocavənd rayonunun erməni işğalından azad edilmiş Edilli kəndinə səfər edən Serbiyadan olan nümayəndə Srcan Budimiç deyib.

“Bütün bunları (Edillidə) görəndə çox kədərlənirəm. Mən sülhə inanıram, amma burada gördüklərim insanlıq, humanizm üçün çox kədərlidir”, - o bildirib.

S.Budimiç qeyd edib ki, bu, onun Azərbaycana ilk gəlişi deyil:

“Hər dəfə qayıdanda burada gördüklərimi paylaşıram və bütün mümkün yollarla bu barədə danışmağa çalışıram. Təbii ki, Edillidə gördüklərim barədə də danışacağam”.