İpoteka ilə ev almaq istəyənlər faiz dərəcəsindən və bəzi şərtlərdən narazıdırlar. Onlar bildirirlər ki, bu şərtlərlə ev ala bilmirik.
Bəs niyə ipoteka ilə ev almaq sərf etmir? İnsanların narazılığının arxasında dayanan səbəb nədir?
Məsələyə münasibət bildirən əmlak eksperti Ramil Qasımzadə “Sherg.az”a bildirib ki, ipoteka ilə ev almaq bir çox ailələrin cibinə uyğun deyil:
“Əslində buna səbəb tək ipoteka ilə bağlı əlçatanlığın çətin olması yox, həm də evlərin qiyməti ilə bağlıdır. Şərtləri yumşaltmaqdansa, daha çox, ipotekanın məbləğinin artırılması gündəmdə olan məsələlərdəndir. Çünki bu gün ipoteka şərtləri MDB ölkələri ilə müqayisədə ən uyğun şərtlərdəndir. Vətəndaşların qarşısını alan məsələ onların rəsmi gəlirlərinin az olması və ya rəsmi gəlirlərin ehtiyac meyarlarını üstələməsidir. Məlum olduğu kimi, artıq ehtiyac meyarı hər bir vətəndaş üçün təxminən 250 manat səviyyəsindədir. Bu isə təxminən 4 nəfərlik ailə üçün min manat deməkdir. Ona görə də ipoteka götürən ailənin rəsmi gəliri 4 nəfərdisə ən azı min manatdan yüksək olmalıdır. Yəni ailə min manat kredit ödəyəcəksə rəsmi gəliri ən azı min manatın üzərində olmalıdır. Bu gün güzəştli mənzillə ev almaq istəyənlər yalnız bir otaqlı mənzilə sahib ola bilərlər. İpoteka ilə olan bir otaqlı evlərin qiyməti isə artıq 100 minə yaxınlaşıb. Şəhərin mərkəzində isə 120 mindən bahadır. Adi ipoteka ilə ev götürmək istəyənlər isə ən çox iki otaqlı mənzil ala bilər. Çünki üç otaqlı evlərin qiyməti 150 mindən yuxarıdır. İpoteka şərtlərinin çətinliyi, evlərin qiymətlərinin artması ipoteka məbləğinin az olması ilə əlaqəlidir. İlk növbədə ipoteka məbləğinin artırılması lazımdır. Güzəştli ipotekaların 250 min manat, adi ipotekaların isə 350 min manat olması şərtdir. Hesab edirəm ki, İpoteka Fondu bunun üzərində işləməli, təkliflər verməli və ipoteka məbləği artırılmalıdır. Rəsmi gəlirlərlə bağlı olan hissələrə isə müəyyən güzəştlər tətbiq edilməlidir”.