Rusiyada səfərbərlik çərçivəsində orduya çağırılan azı 16 nəfər Ukraynada ölüb


Rusiyada qismən səfərbərlik çərçivəsində ölkənin müxtəlif regionlarından orduya çağırılan 16 nəfər Ukraynada cəbhədə ölüb.

“Report” xəbər verir ki, bu barədə “The Moscow Times” yazıb.

Bildirilib ki, oktyabrın 15-də qismən səfərbərlik çərçivəsində cəbhəyə göndərilən 5 hərbi qulluqçunun həlak olması barədə məlumat yayılıb. Sankt-Peterburqdan olan müəllim və Krasnoyarsk diyarının sakinləri Ukraynadakı müharibədə ölüb. Səfərbər olunanlardan ən gəncinin 23 yaşı var idi.

Sankt-Peterburqun 631 nömrəli gimnaziyasının bədən tərbiyəsi müəllimi Vadim Sedovun ölümü ilə bağlı təhsil müəssisəsinin “VKontakte” sosial şəbəkəsindəki qrupunda məlumat yayılıb:

“Təəssüflə bildiririk ki, oktyabrın 5-də gimnaziyamızın bədən tərbiyəsi müəllimi mayor Vadim Yuryeviç Sedov xüsusi hərbi əməliyyat zamanı döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub”. Müəllimin ölüm şəraiti və yeri göstərilmir.

Eyni gün Krasnoyarsk diyarının Minusinsk şəhəri və Zelyonı Bor qəsəbəsinin səfərbər edilmiş dörd sakininin öldüyü məlum olub. Bu barədə Minusinsk və regionun rəsmi nəşri olan “Əməyin hakimiyyəti” yazıb. Ölənlərin yaxınları yerli mətbuata bildiriblər ki, kişilər sentyabrın 26-da “orkestrin sədaları altında” təlimə göndərilib, bir həftə sonra isə cəbhə xəttində olublar. Dördü də Xerson vilayətində ölüb. Onlardan ən gənci Aleksandr Pomiqalovun 23 yaşı var idi. 27 yaşlı mərhum İqor Puçkovun iki azyaşlı uşağı qalıb. Ukraynada ölən digər iki yerli sakinin də uşaqları var - 40 yaşlı İvan Puxovun yeddi yaşlı oğlu, 35 yaşlı Aleksandr Parilovun isə iki övladı var.

Hazırda azı 16 hərbçinin hərbi xidmətə çağırıldıqdan sonra öldüyü məlumdur. Bundan əvvəl Moskva meriyasının 28 yaşlı məmuru Aleksey Martınovun, Nikita adlı Moskva vilayətinin sakini (soyadı çəkilmir), Sankt-Peterburqlu vəkil Andrey Nikiforovun, beş Çelyabinsk, üç Sverdlovsk vilayətinin sakininin ölümü barədə məlumat yayılmışdı. Bundan əlavə, səfərbər olunanların bir qismi itkin düşmüşlər siyahısındadır, bir neçə çağırışçı isə ukraynalılar tərəfindən əsir götürülüb. Həlak olanların, eləcə də əsir düşənlərin yaxınları hərbçilərin döyüş bölgəsinə təlimsiz göndərildiyini iddia edirlər.

“27-ci briqada ümumiyyətlə ətçəkən maşındır, bütün səfərbər edilmişləri ora atırlar. Döyüş meydanından ancaq ət gəlir. Onların bəzilərini hətta müəyyən etmək mümkün deyil – onlar ya yanmış vəziyyət, ya üzsüz, ya da başsızdırlar”, - çağırışçılardan birinin yaxını “Sirena” nəşrinə bildirib.

Ukraynalılar tərəfindən əsir götürülən lipetskli Yeqor Çebotarev xidmətə çağırıldıqdan cəmi bir həftə sonra Luqansk vilayətində döyüş mövqeyinə göndərilib. Elə ilk patron piyadanın döyüş maşınının topunda sıxışıb qalıb, komanda ilə əlaqə yox idi. Geri çəkilmə zamanı o, digər hərbçilərlə vuruşub, onu əsir alan Ukrayna hərbçilərinə rast gələnə qədər gölməçələrdən su içib.

Daha öncə Rusiya Prezidenti Vladimir Putin bildirib ki, əsgərlər üçün minimum təlim müddəti cəmi 10 gündür. Daha sonra onlar müharibəyə göndərilirlər. Dövlət başçısı əlavə edib ki, səfərbər edilmiş 33 min nəfər bölmələrdə, daha 16 min nəfər isə artıq cəbhədədir.

Putin həmçinin bildirib ki, sentyabrın 21-dən indiyədək 222 min nəfər artıq səfərbər olunub. İki həftə ərzində hakimiyyət planlaşdırılan 300 000 nəfəri orduya toplamağı planlaşdırır.