Prezident İlham Əliyev bütün paltformalarda Azərbaycanın haqq mövqeyini uğurla müdafiə edir


"2003-cü ilin 15 oktyabr tarixində Prezident İlham Əliyev ilk dəfə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi".

"Sherg.az" xəbər verir ki, bu barədə millət vəkili Ceyhun Məmmədov deyib. 

Deputat bildirib ki, həmin dövrdən başlayaraq Azərbaycan bütün sahələrdə yeni inkişaf mərhələsinə qədəm qoydu: 

"Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasəti bütün sahələrdə uğurla davam etdirildi. Ulu Öndər Heydər Əliyevin başlatdığı ordu quruculuğu işini Prezident İlham Əliyev uğurla davam etdirərək 2020-ci ildə bölgədə yeni reallıq yaratdı. BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını həyata keçirdi. Azərbaycan xalqını məğlub xalqdan qalıb xalqa çevirdi. Adını dünya tarixinə Qarabağın Fatehi kimi yazdırdı. Bu gün Azərbaycan dünyada azsaylı ölkələrdəndir ki, həssas və mürəkkəb bölgədə yerləşməsinə baxmayaraq həm region həm də dünya ölkələri ilə yüksək səviyyəli əlaqələrə malikdir. Bu gün Prezident İlham Əliyev dünyanın ən arzuolunan və rəğbət bəslənilən liderlərindən biridir".

Parlament üzvü vurğulayıb ki, müasir dövrdə Prezident İlham Əliyev bütün paltformalarda Azərbaycanın haqq mövqeyini uğurla müdafiə edir: 

"Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və müdrik siyasət nəticəsində hazırda Azərbaycan Şərqlə Qərb arasında körpüyə, dünyanın enerji təhlükəsizliyinə mühüm töhfələr verən dövlətə çevrilib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Respublikanın hər yerində olduğu kimi, Qarabağda və Şərqi-Zəngəzurda da böyük quruculuq və abadlıq işləri həyata keçirilir. Bütün bu addımlar tezliklə Qarabağı və Şərqi-Zəngəzuru dünyanın ən abad və gözəl bölgələrindən birinə çevirəcək. Sonda tam əminliklə söyləyə bilərik ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində bu gün Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Onun praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb".