Azərbaycan PATA-nın illik sammitində iştirak edir

Dövlət Turizm Agentliyinin Azərbaycan Turizm Bürosu Birləşmiş Ərəb Əmirliklərinin Ras-əl-Xaym şəhərində keçirilən Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) illik sammitində iştirak edir.

"Report" Agentliyə istinadən xəbər verir ki, tədbir “Dünya və dayanıqlı turizm” mövzusuna həsr olunub.

Sammitin əsas məqsədi turizm üzrə dünya liderləri ilə pandemiyadan sonrakı dövrdə dayanqlı turizm istiqamətində atılan real addımlara dair öhdəlikləri müzakirə etməkdir.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid “Dayanıqlı səyahət istiqamətində turizm strategiyaları: turizmə yeni baxış” adlı sessiyada panel spikeri qismində iştirak edib. O, dayanıqlı turizmin formalaşdırılması istiqamətində son illər ölkədə inkişaf etdirilən quş müşahidəçiliyi, haykinq, “Slou Fud”, mədəni irs marşrutları və s. kimi turizm məhsulları və layihələr haqqında məlumat verib. O, həmçinin turizmin inkişafında ölkənin sahib olduğu mədəni və tarixi irsin qorunmasının əhəmiyyətini vurğulayıb.

Sessiyada, həmçinin Yaponiya, Hindistan, İndoneziya və Maldivin turizm və iqtisadiyyat nazirliklərinin nümayəndələri təmsil olunublar. Sammit çərçivəsində keçirilən sərgidə Azərbaycanın turizm potensialını əks etdirən broşürlər, milli şirniyyatlarımızdan nümunələr ziyarətçilərə təqdim olunub.

Tədbir Asiya-Sakit Okean, Şimali Amerika, Avropa və Yaxın Şərq regionlarının turizm liderlərini bir araya gətirir.

Azərbaycan PATA-ya 2019-cu ildən etibarən üzvdür.