Prezident məsələyə diqqət yönəltdi
Prezident İlham Əliyev xaricdə yaşayan azərbaycanlı alimlərin Bakıda keçirilən Forumunun iştirakçılarına müraciət ünvanlayıb. Dövlət başçısı vurğulayıb ki, xaricdə yaşayan həmvətənlərimizin sıralarında elm xadimlərinin geniş yer tutması Azərbaycan diasporunun inkişafına böyük imkanlar yaradır. Prezident bildirib ki, diasporumuzun fəaliyyətinin sistemliliyinin təmin edilməsi məqsədilə elm sahəsində çalışan soydaşlarımızla daha sıx münasibətlər qurulması, milli maraqlarımıza xidmət göstərən müxtəlif proqram və layihələrdə onların yaxından iştirakının dəstəklənməsi istiqamətində ötən müddət ərzində təqdirəlayiq işlər görülüb. Bununla yanaşı, məktubda qeyd olunub ki, dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlı alimlərin şəbəkələşməsi, onların elm və təhsil ocaqlarımızla əlaqələrinin dərinləşməsi, qazanılan müştərək nailiyyətlərdən yararlanmaqla ölkəmizin qlobal hədəflərə sürətlə yaxınlaşması, habelə Azərbaycan elminin dünya elm məkanına inteqrasiyası da çox vacibdir. Dövlət başçısı Forumun bu məqsədə töhfə verəcəyinə ümid etdiyini deyib: "İnanıram ki, Forum Azərbaycanda elmin dayanıqlı və innovativ inkişafı naminə ətraflı fikir mübadiləsi və dolğun müzakirələr şəraitində keçəcək. İşğaldan azad edilmiş tarixi ərazilərimizin bərpası prosesinə alimlərimizin öz bilik və təcrübələri ilə töhfə verə bilmələri üçün faydalı əməkdaşlıq yollarını müəyyən edəcək".
Elm və təhsil naziri Emin Əmrullayev də xaricdə yaşayan azərbaycanlı alimlərin forumunda çıxışı zamanı mühüm məqama toxunub. Nazir deyib ki, cəmiyyətdə çox sayda kifayət qədər hay-küylü müzakirə var, amma bunun içərisində elmi məsələ çox azdır. E.Əmrullayevin sözlərinə görə, cəmiyyətdə aparılan müzakirələrdə elmi məsələlərə çox az toxunulur: "Hay-küydən elmə gedən yolda nümunələr istəyirik. Doğru elmlə məşğul olan alimlərin adını ancaq jurnallarda görürük. Hərdən həmin alimlərə sual verirəm ki, niyə sosial şəbəkələrdə aktiv deyilsiniz?! Bildirirdilər ki, vaxt yoxdur. Xaricdə yaşayan azərbaycanlı alimlərin Azərbaycanda olan dövrdə məktəblərə gedib şagirdlərlə söhbət etməsinin böyük faydası ola bilər. Qısamüddətli mühazirələrlə hesab edirəm ki, yaxşı nəticə əldə etmək olmaz. Elmi əməkdaşlıq da çox mühümdür. Gənc doktorantların 1 və ya 2 illik xaricdə yaşayan azərbaycanlı alimlərin çalışdıqları laboratoriyalarda tədqiqatlara cəlb olunmasında fayda var".
Millət vəkili Fazil Mustafa "Sherg.az"a deyib ki, xaricdə yaşayan alimlərimizin fəaliyyətinin Azərbaycanda daha diqqətlə izlənməsinə ehtiyac var. Deputatın sözlərinə görə, bunun üçün müvafiq qurumlar ciddi iş aparmalıdır:
"Ümumiyyətlə, alimə qiymət verə biləcək yanaşma, həssaslıq ortaya qoyulmalıdır. Çox təəssüf ki, bizdə bir çox hallarda bu məqam müşahidə olunmur. Prezident bu məsələyə də diqqət yönəldib. Çalışmalıyıq ki, elmlə, alimlərlə bağlı məqamlara daha həssas yanaşma sərgiləyək. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə fəaliyyəti artırılmalıdır. Onların şəbəkələşməsi, bir-biri ilə əlaqəsi, kordinasiyası olduqca vacibdir. Elm adamlarına xüsusi dəyər verilməlidir".