Azərbaycan və Türkiyə texnoloji sahədə əməkdaşlıq perspektivlərini müzakirə edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC və Türkiyənin Müdafiə Sənayesi Nazirliyinin nümayəndələri texnoloji sahədə əməkdaşlıq perspektivlərini müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan tərəfi məlumat yayıb.
Məlumata görə, görüş "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" (AKTA) İctimai Birliyinin İdarə Heyətinin sədri Rahid Ələkbərlinin təşkilatçılığı ilə nazirliyə məxsus “AzInTelecom” MMC-nin inzibati binasında olub.
Görüşdə Türkiyənin Müdafiə Sənayesi Nazirliyinin Kibertəhlükəsizlik sistemləri üzrə şöbə müdiri Ahmet Bahadır Bülbül, Türkiyə Kibertəhlükəsizlik Klasterinin rəhbəri Alpaslan Kesici və Türkiyə Kibertəhlükəsizlik Klasterinin İnkişaf koordinatoru Çağrı Ertuğrul, “AzInTelecom”un İnformasiya təhlükəsizliyi departamentinin direktoru Sadiq Yolçuyev və qurumun əməkdaşları iştirak ediblər.
Danışıqlar zamanı “AzInTelecom” rəsmiləri bir müddət öncə İnformasiya təhlükəsizliyi xidmətləri göstərməyə başlanıldığını bildirib, qeyd ediblər ki, şirkət bu sahədə əməkdaşlıq əlaqələrini genişləndirərək qabaqcıl və keyfiyyətli texnologiyaları müştərilərə təqdim etmək istiqamətində tədbirlər həyata keçirir.

Türkiyə Kibertəhlükəsizlik Klasteri təşkilatı ilə birlikdə texnoloji şirkətlərlə əməkdaşlıq perspektivləri, bu sahədə tətbiq edilən müasir avadanlıqların əldə edilməsi və gənc kadrların hazırlanması istiqamətində gələcək hədəflər və yeni iş imkanları müzakirə olunub.