Kələki kəndində kompleks quruculuq işləri aparılıb

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin”.

Müstəqillik illərində muxtar respublikada Ulu Öndərin arzuları reallığa çevrilib. Bu gün muxtar respublikanın paytaxtı ilə yanaşı, bütün rayonları özünün yeni inkişaf dövrünü yaşayır. Ordubad rayonu da öz simasını dəyişir, yeni görkəm alır, kəndlərinin inkişafı, abadlaşdırılması diqqətdə saxlanılır. Rayonun abadlaşdırılan yaşayış məntəqələrindən biri də Kələkidir. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan kənddə insanların rahatlığına xidmət edən kompleks quruculuq tədbirləri görülüb.

Kələki kənd məktəbi müasir tədris imkanlarına malikdir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 24-də Ordubad rayonunun Kələki kənd tam orta məktəbi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, Kələki kənd tam orta məktəbi üçün 2003-cü ildə yeni bina tikilib, 2022-ci ildə məktəb binası yenidən qurulub. 2 mərtəbəli məktəbdə 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, şahmat sinfi, direktor, direktor müavini, kompüter, psixoloq, müəllimlər otaqları, hərbi kabinə, STEAM kabinəsi, kitabxana və qarderob yerləşir. Məktəbin kitabxana fondunda 2562 kitab vardır.

STEAM kabinəsində 1 elektron lövhə, 2 kompüter quraşdırılıb. Kabinə 3D printer, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilib. Şagirdlər hazırladıqları “Elektron kitab” və “Balanslaşdırılmış mexatronika” layihələrini təqdim ediblər.

Müəllim Səmra Hüseynova yaradılan şəraitə görə minnətdarlıq edib.

Təhsil sisteminin informasiya texnologiyaları əsasında təkmilləşdirilməsi və interaktiv təlim metodlarından istifadə yüksək nəticələrin qazanılmasına imkan verir. Məktəbdə internetə çıxışı olan 13 kompüter və 3 elektron lövhə quraşdırılıb. Elektron lövhəli siniflər keçirilən dərslərin əyaniliyini təmin edir. Belə ki, şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki və bioloji proseslərin izahını və videogörüntülərini, müxtəlif cihazların, qurğuların, texniki vasitələrin işləmə prinsiplərini elektron lövhədə izləyə, eləcə də virtual tədris mübadiləsi apara bilirlər. Bu isə tədris materiallarının daha yaxşı mənimsənilməsinə köməklik edir.

Ali Məclisin Sədri elektron lövhəli sinifdə Milli Dəyərlər Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Milli-mənəvi dəyərlərimiz” mövzusunda keçirilən interaktiv dərsi izləyib.

Kimya-biologiya və fizika laboratoriyalarında cihaz və avadanlıqlar quraşdırılıb, şagirdlərin biliklərinin təcrübi əsaslarla möhkəmləndirilməsi təmin edilib. Hərbi kabinə isə gənclərin hərb sənətinə marağının artırılmasına və onların vətənpərvər ruhda böyüməsinə imkan verəcəkdir. Şahmat sinfi, eləcə də açıq idman qurğuları gənclərin fiziki və əqli cəhətdən sağlam böyüməsinə hesablanıb.

Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olub.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və müəllim Sara Hacı çıxış ediblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kələki kənd tam orta məktəbinin yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, gələcək tədrisdə uğurlar arzulayıb.

Binanın həyətində bufet və qazanxana tikilib, açıq idman qurğuları quraşdırılıb, yaşıllıq salınıb.

Vahid mərkəzdən idarəetmə əhali rahatlığını təmin edəcək

Noyabrın 24-də Kələki kənd mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, ikimərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, polis sahə məntəqəsi, rabitə evi, kitabxana, arxiv, 38 yerlik zal, klub və qazanxana yerləşir. Kitabxana fondunda 7142 kitab vardır. Rabitə Evində 96 nömrə tutumlu yeni nəsil ATS quraşdırılıb. Kənddə 55 internet istifadəçisi vardır.

Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 69 üzvü vardır ki, onlardan da 21-i gənc, 54-ü isə qadındır. Ərazi ilk təşkilatının sədri Emin Ağayev yaradılan şəraitə görə minnətdarlıq edib.

İnzibati ərazi dairəsi üzrə nümayəndə Abbas Xəlilov kənd sakinlərinin məşğuliyyəti barədə məlumat verib.

Yaşayış məntəqələrində müasir tələblərə cavab verən səhiyyə müəssisələrinin yaradılması sakinlərin hərtərəfli tibbi xidmətlə təmin olunmasına imkan verir. Kənd mərkəzində yerləşən feldşer-mama məntəqəsində məntəqə müdiri, mama və manipulyasiya otaqları vardır. Məntəqə ginekoloji müayinə masası və alət dəsti, təcili yardım çantası, qlükometr, boyölçən, tərəzi, soyuducu və digər tibbi ləvazimatlarla təchiz edilib.

Ali Məclisin Sədri qeydiyyat, peyvənd və patronaj işinin təşkili barədə tapşırıqlar verib.

Kələki kənd avtomobil yolu yenidən qurulub

Noyabrın 24-də Kələki kənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, ümumi uzunluğu 5 kilometr olan yola asfalt örtük salınıb. Yolun üzərində 180 metr metal boru su keçidi qoyulub, 1500 metr beton su kanalı, 410 metr selötürücü beton kanal çəkilib, 1 körpü təmir edilib, 60 metr istinad divarı tikilib, 310 metr metal məhəccər quraşdırılıb, 100 metr sahilbərkitmə işləri görülüb.

Sonra sakinlərlə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kələki kəndinin müasir kəndlər sırasına qoşulması münasibətilə sakinləri təbrik edib, rahat həyat arzulayıb, bu işdə əməyi olanlara təşəkkürünü bildirib.

Kənd ağsaqqalı Cəlal Yusifov yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq edib.

Sakinlərə nümunəvi xidmət göstəriləcək

Noyabrın 24-də Kələki kəndində xidmət mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzdə yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, xidmət mərkəzində qadın gözəllik salonu, bərbərxana, dərzi, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, 2 anbar yerləşir. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılıb, 6 nəfər işlə təmin olunub.

Ali Məclisin Sədri tələbata uyğun məhsulların satışı barədə tapşırıq verib.

X  X  X

Kələki kəndində yeni sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülüb. Kənddə 450 metr fiber-optik, 1670 metr kabel xətti çəkilib, 15 dəmir dirək basdırılıb. Həmçinin 3270 metr məsafədə məftil naqillər kabellərlə əvəz edilib, 675 metr kabel xətti çəkilib, 2 transformator yarımstansiyası yenidən qurulub, 52 elektrik dirəyi basdırılıb. Bundan başqa, 80 poqonometr polietilen borularla yeni tikililərə qaz xətti çəkilib, 3289 poqonometr qaz xəttində dəmir borularla təmir işləri aparılıb. Kənddə 120 metrlik yeni kaptaj tikilib, 4 kilometrlik içməli su xətti təzyiqə davamlı polietilen borularla əvəz edilib, sugətirici xəttin 200 metrlik hissəsi yenisi ilə əvəz olunub, 250 metrlik içməli su xəttində təmir işləri aparılıb, 11 subölüşdürücü quraşdırılıb.